Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının 17 tələbəsi Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP), onun rezidentlərində müvafiq təhsil proqramına uyğun olaraq istehsalat təcrübəsi keçiblər.

 

Belə ki, tələbələrin Strateji Elmi Analitik Sınaq Mərkəzində təcrübə keçməsi üçün lazımi şərait yaradılıb. Gələcəyin tədqiqatçıları ilk olaraq ümumi təhlükəsizlik tələbləri və qaydaları, giriş təlimatı və kimya laboratoriyasında fövqəladə vəziyyətdə işin dərhal dayandırılması, təhlükəsizlik tələblərinə tabe olma, bədbəxt hadisə zamanı həkiməqədər ilkin yardımın göstərilməsi kimi qaydalarla, şəffaf neft məhsulları, yağlar, sürtkülər, xüsusi mayelər və digər məhsullarla tanış olublar. Onlar kimyəvi analiz laboratoriyalarında aparılan işlər, analizlər, onların növləri və aparılma qaydaları barədə məlumatlandırılıblar. Tələbələr, həmçinin məhlulların hazırlanması və istifadəsi qaydalarına yiyələnib, turşuların növləri, kimyəvi xarakteristikası, istifadə qaydası və saxlanılması, həlledicilərin növləri və xüsusiyyətləri barədə nəzəri məlumatlar da  əldə ediblər.