BMU-da elmi-praktiki konfrans keçirilib


Bakı Mühəndislik Universitetində (BMU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Memarlıq və dizayn təhsilinin aktual problemləri” mövzusunda I Respublika elmi-praktiki konfransı keçirilib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun rektoru professor Havar Məmmədov “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan konfransın əhəmiyyətindən danışıb.

 

BMU-nun memarlıq və inşaat fakültəsinin yaranma və inkişaf tarixinə toxunan H.Məmmədov nəzərə çatdırıb ki, hazırda fakültədə dizayn, memarlıq, inşaat mühəndisliyi, şəhərsalma, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi və s. ixtisaslar üzrə savadlı kadr hazırlığına ciddi diqqət yetirilir və bu istiqamətdə görülən işlər artıq bəhrəsini verməkdədir. Konfransda dinlənilən elmi məruzələrin, səsləndiriən fikirlərin bu sahənin gələcək inkişafına fayda verəcəyinə ümidvar olduğunu qeyd edən rektor konfransın işinə uğurlar arzulayıb.

 

Sonra BMU-da memarlıq və şəhərsalma kafedrasının qurucularından olan əməkdar memar, elm xadimi, kafedra müdiri, professor Sabir Orucov memarlıq və yaradıcılıq anlayışlarını bədii dillə xarakterizə edib, eyni zamanda konfransda müzakirə olunacaq əsas mövzuları xatırladıb.

 

Memarlıq və inşaat fakültəsinin dizayn kafedrasının müdiri Vaqif Məmmədov isə BMU-da memarlıq məktəbinin qurulması, yeni fəaliyyətə başlayan Dizayn kafedrasının inkişaf etdirilməsi, fakültədə yeni ixtisasların yaradılması və s. ilə bağlı fikirlərini bölüşüb.

 

Dizayn kafedrasının müəllimi dosent Yasin Xəlilov isə “Müasir memarlığın formalaşmasında materialların rolu” mövzusunda məruzə ilə çıxış edib. Natiq antik dövrdən müasir günümüzə qədər yol gələn memarlığın inkişaf mərhələləri, bu sahədə istifadə olunan texnologiyalar, memarlıq elementləri, materialşünaslığın funksional, estetik, iqtisadi, ekoloji və s. tələblər nəzərə alınmaqla, yeni yanaşma əsasında inkişaf etdirilməsi və s. məsələlərdən danışb.

 

Memarlıq sahəsinə bilik, innovasiya və inkişaf hədəfləri ilə dəstək verən “BİM Azerbaijan"-ın mentoru Mehmet Eğilmezer təmsil etdiyi qurumun fəaliyyət və məqsədindən söz açıb.

 

Memarlıq və dizayn üzrə alim və pedaqoqlar, praktiki fəaliyyət göstərən iş adamları, tələbə və magistrlərin iştirak etdiyi konfrans çıxışlardan sonra plenar iclasla davam edib.

 

Sonda BMU tələbələrinin ifasında bədii hissə nümayiş etdirilib.