Naxçıvan Dövlət Universiteti, Turkiyənin Qars Qafqaz Universiteti və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnsitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda 15 ölkədən 300-dən çox məruzəçi iştirak edib.

 

Ali təhsil ocağının rektoru Elbrus İsayev konfransı açıq elan edib və tədbirin əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib.

        

Rektor qeyd edib ki, Avropa ilə Asiyanı birləşdirən, keçdiyi ərazilərdə yaşayan xalqların həyatında mühüm rol oynayan Böyük İpək Yolu ölkəmizin iqtisadi və mədəni inkişafına da öz müsbət təsirini göstərib. İpək Yolunun Naxçıvanın digər ölkələrlə mədəni-iqtisadi əlaqələrinin inkişafında rolundan bəhs edən Elbrus İsayev vurğulayıb ki, bu yol ticarətin və bazar münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, həm də bir sıra ölkələr və xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb. Bu mənada, beynəlxalq konfransın keçirilməsi strateji mövqedə yerləşən, beynəlxalq nəqliyyat dəhlizi kimi diqqəti cəlb edən Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələlərinin aktuallığını ön plana çıxarır.

        

E.İsayev diqqətə çatdırıb ki, İpək Yolunun bərpası Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransın keçirilməsi haqqında imzaladığı 1998-ci il 7 iyun tarixli sərəncamı Azərbaycanın dünya birliyi ölkələri ilə inteqrasiyasının gücləndirilməsində müstəsna rol oynayıb.

 

Bildirilib ki, Böyük İpək Yolunun əsas qovşaqlarından biri də Azərbaycanın işğaldan azad olunmuş tarixi və əzəli torpaqlarıdır. İşğalçılıq siyasəti nəticəsində Böyük İpək Yolunun keçdiyi ərazilərdə min illər boyu mövcud olan bənzərsiz memarlıq abidələrinin, karvansaraların, qədim məscidlərin, mədrəsələrin məhv edildiyi də vurğulanıb.

        

Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının gələcək perspektivlərindən danışan rektor əlavə edib ki, bu tarixi nəaliyyət Türk dünyası ilə Türkiyə arasında ticarət əlaqələrini genişləndirəcək, “Türk qapısı” adlandırılan Naxçıvan bu məsələdə mühüm rol oynayacaq.

        

Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu belə konfransların keçirilməsinin türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, eləcə də ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyətinə toxunub.

 

Konfransda iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova Türk dünyası ilə bağlı tədbirlərin, eyni zamanda, tarixi İpək Yolunun canlandırılmasına dair müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyini söyləyib.

 

Konfransda AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevin, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnsitutunun prezidenti Mustafa Latif Emekin, Naxçıvan Müəllimlər İnsitutunun rektoru Azad Novruzovun, Atatürk Universitetinin professoru Hüseyn Yurtdaşın, AMEA Naxçıvan Bölməsinin akademiki Hacıfəxrəddin Səfərlinin, Özbəkistanın İpək Yolu Araşdırma Akademiyasının sədri Azamat Akbarovun, onlayn formatda konfransa qoşulan Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevin, ABŞ-ın Purdue Universitetinin professoru Jamaluddin Husainin, Adana Çuxurova Universitetinin professoru Hakkı Çiftçinin mövzu ətrafında çıxışları dinlənilib.

 

Sonda incəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında konsert proqramı təqdim olunub.