Bakı Mühəndislik Universitetində (BMU) AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə gerçəkləşdirilən "Brend tələbə" layihəsi çərçivəsində seçilən tələbələrin mükafatlandırılma tədbiri keçirilib.

 

BMU-nun tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə əsas məqsədi tələbələr arasında sağlam rəqabət mühitinin formalaşdırılması, aktiv gənclərin daha geniş müstəvidə tanıdılması, bacarıqlarının digər tələbələrə də çatdırılması olan layihənin önəmini vurğulayıb və belə layihələrin tələbələrin gələcək inkişafındakı roluna diqqət çəkib. Prorektor çıxışında universitetdə fəaliyyət göstərən müxtəlif tələbə təşkilat və klublarının fəaliyyətindən, həmçinin tələbələrin asudə vaxtlarının səmərəli təşkilində bu qurumların rolundan bəhs edib. Müxtəlif seminar və beynəlxalq yarışlarda BMU tələbələrinin fəallığı, onların elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi istiqamətində atılan addımları da nəzərə çatdıran B.Hüseynzadə, eyni zamanda gənclərin müxtəlif istiqamətlər üzrə istedadlarının üzə çıxarılması üçün ali təhsil müəssisəsində həyata keçirilən layihələr və s. haqqında danışıb.

 

AzEdu.az təhsil portalının icraçı direktoru Tünzalə Abbasova Azərbaycanın 22 universitetini əhatə layihə barədə ətraflı məlumat verib. Bildirib ki, 10 nəfərlik “Brend tələbə” siyahısı ekspert komissiyasının müəyyənləşdirdiyi meyarlar əsasında tərtib edilib və seçim birbaşa universitetlər tərəfindən aparılıb. Seçimlər üçün tələbənin universitetə gətirdiyi yenilik, yeni çağrışlarla bağlı yanaşmaları, xüsusi analitik qabiliyyəti və natiqlik keyfiyyətləri, universitetin ictimai həyatında aktivlik, beynəlxalq tələbə proqramlarında iştirak və səmərəlilik və s. kimi meyarlar əsas götürülüb.

 

Sonra tələbələr maraq göstərdikləri istiqamətlər, həyata keçirdikləri layihə və təşəbbüslər haqda fikirlərini bölüşüblər.

 

Çıxışlardan sonra tələbələrə təltifnamələr təqdim edilib.