İsrailin Prezidenti İsxak Hersoqun Azərbaycana başa çatan səfəri iki ölkənin əlaqələrinin qarşıdakı dövrdə daha da genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Bəllidir ki, bu səfər Azərbaycanın İsraildə səfirlik açdığı bir dövrdə reallaşdı və İsrail-Azərbaycan əlaqələrinin inkişafında yeni mərhələ yaratdı. İsrailin dövlət başçısının ölkəmizə səfərindən görünən o oldu ki, həm İsrail, həm Azərbaycan ikitərəfli münasibətləri yüksək mərhələyə qaldırmağa, ticari, iqtisadi əməkdaşlığı genişləndirməyə hazırdırlar və buna xüsusi maraq göstərirlər.

 

Məlumdur ki, dövlətlərarası əlaqələr 30 illik, xalqlar arasındakı əlaqələr isə daha qədim bir tarixə malikdir. İki ölkənin siyasi münasibətləri hər zaman normal səviyyədə olub, siyasi dialoq fəal şəkildə aparılıb, həssas məsələlərdə bir-birinə qarşılıqlı dəstək nümayiş etdirilib, xalqlar arasında isti dostluq münasibətləri qorunub saxlanılıb.

 

Yəhudi icması Azərbaycanda hər zaman özünü rahat hiss edib, çünki xalqımız və dövlətimiz tərəfindən yəhudilərə, onların mədəni, dini dəyərlərinə tolerantlıq göstərilib. Yəhudilər Azərbaycana öz töhfələrini verib; Azərbaycan vətəndaşları olaraq ölkəmizin ərazi bütövlüyünün qorunmasında onlar da iştirak edib və xalqımız tərəfindən böyük rəğbətlə qarşılanıblar.  

 

İsrail öz növbəsində Azərbaycanın dünyada və regionda söz sahiblərindən birinə çevrildiyi faktını qəbul edir, ölkəmizin dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələri müsbət qiymətləndirir. İsrail Azərbaycanın ərazi bütövlüyü məsələsində dəstəyini açıq şəkildə ortaya qoyan, ölkəmizin maraqlarının müdafiəçisi olan bir dövlət kimi çıxış edib və edir. Eyni zamanda İsrailin müdafiə sənayesinin imkanları hərbi əməkdaşlıq əsasında Azərbaycana öz hərbi hazırlığını müasirləşdirməyə və elə bunun nəticəsində torpaqlarını işğaldan azad etməyə əlverişli şərait yaradıb. Bundan başqa, indiyə qədər iki ölkənin ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çox olub. Azərbaycan uzun illərdir, İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir. Azərbaycan bir qədər əvvəl kibertəhlükəsizlik səhəsində İsraillə əməkdaşlığa başlayıb. Ən mühümü, uzun illərdən sonra ölkəmiz İsraildə öz səfirliyini açıb və bununla da əlaqələrin inkişafına maraqlı olduğunu konkret şəkildə ortaya qoyub.  

 

İsrail Prezidentinin səfərindən aydın oldu ki, hazırkı mərhələdə daha geniş əməkdaşlıq gündəliyi var. Enerji səhəsindəki əməkdaşlığın genişləndirilməsindən tutmuş, kənd təsərrüfatı, turizm, səhiyyə, təhsil sahələrində də əlaqələrin formalaşdırılması və artırılması aktuallıq kəsb edir.

 

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” adlı sənədin imzalanması bu istiqamətdə İsrail təcrübəsinin Azərbaycana gələcəyi deməkdir və olduqca təqdirəlayiqdir. Bundan başqa, Azərbaycan İsrailin kənd təsərrüfatı sahəsindəki müsbət təcrübəsindən bəhrələnmək istəyir, çünki bu, həm məhsuldarlığın, həm də ixracın şaxələndirilməsinə xidmət etmiş olacaq.  

 

Prezidentlərin mətbuata birgə bəyanatından göründü ki, turist sayının artırılması da arzuolunandır və bunun üçün ölkələr arasında həftəlik təyyarə reyslərinin sayının 4-dən yuxarıya qaldırılması təklif olunub. Təbii, bu, ona görə lazımdır ki, insanlarımız arasındakı mənəvi bağlar daha da möhkəmlənsin, daha rahat körpü yaransın; Azərbaycandakı yəhudi icması haqqında bilgilər, təsəvvürlər genişlənsin, İsraildə yaşayan azərbaycanlılarla əlaqələr sıxlaşsın. 

 

Bütün bunların müzakirə olunması və razılaşdırılması əlbəttə ki, müsbət bir prosesdir, Azərbaycanın İsraillə dostluğunun, müttəfiqliyinin möhkəmlənməsini görmək böyük sevinc və qürur yaradır.   

 

V.ALLAHVERDİYEVA