Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 20-21 may 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

 

Qurumdan bildirilib ki, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər. 

 

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 45308 abituriyentdən (II qrup üzrə 23162 nəfər, III qrup üzrə 22146 nəfər) 1865 nəfəri (II qrup üzrə 1199 nəfər, III qrup üzrə 665 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən  abituriyentlərdən 17 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

Bu imtahanda II ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 394.0 bal toplayan Şərur rayon Kürçülü kənd tam orta məktəbinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 296.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticə (690.7 bal) də ona məxsusdur.

 

III ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) 2 nəfər – Bakı şəhər S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası və Ağdaş rayon M.Şeyxzadə adına Texniki, təbiət və humanitar təmayüllü gimnaziyanın məzunları göstəriblər. S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının məzunu imtahanın I mərhələsində 286.8 bal toplayıb və III ixtisas qrupu üzrə yüksək nəticə (679.3 bal) də ona məxsusdur.

 

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

 

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.