Azərbaycan-Fransız Universiteti (UFAZ) ənənəvi keçirilən  “Məzunların ideya gecəsi”nə ev sahibliyi edib. 

 

Fransanın Azərbaycanlı Məzunları Assosiasiyası (AAAF), Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan-Fransız Universitetinin birgə təşkilatçılığı ilə keçirilən gecədə keçmiş məzunlar, tələbələr və müxtəlif qurumlardan olan qonaqlar bir araya gəlib. Bu illik platforma müxtəlif mövzularda fikir mübadiləsi üçün iqlim dəyişikliyi, ətraf mühit və davamlı inkişaf məsələlərinə həsr olunub.

 

AAAF-ın sədri Vazeh Əskərov iştirakçıları salamlayıb, məzun və tələbələrin sayının 1000 nəfəri keçdiyini diqqətə çatdırıb. O, Fransa universitetləri ilə təhsil sahəsində əməkdaşlığın vacibliyinə toxunub.

 

Fransanın Azərbaycandakı səfiri Ann Buayon ikitərəfli əlaqələrin möhkəmləndirilməsində keçmiş tələbələrin xüsusi rolunu vurğulayıb, Fransa hökumətinin məzunlar şəbəkəsi ilə sıx əməkdaşlığa hazır olduğunu bildirib. Səfir Azərbaycan Prezidentinin Bakı Enerji Həftəsi çərçivəsində yaşıl enerji ilə bağlı dediklərini də alqışlayıb.

 

Azərbaycan Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi, AAAF İdarə Heyətinin üzvü Məsim Məmmədov tədbir iştirakçılarına Laçın rayonunda aparılan yenidənqurma işləri barədə məlumat verib. O, yayın sonuna kimi 1200 köçkün ailəsinin Laçında təmir edilmiş və tikilmiş evlərə yerləşdiriləcəyini, tezliklə bu rayonun sənaye zonasında 45 şirkətin işləyəcəyini açıqlayıb. 

 

Sonra panelin natiqləri məruzələrlə çıxış ediblər. Eks-an Provans Universitetinin doktoru Suzan Lerua “Xəzər dənizi təcrid olunmayıb”, Parisin “IFP School” məktəbinin məzunu Həbib Babayev “İkili çağırış: Neft-qaz istehsalında karbon emissiyasının azaldılması”, Bordo şəhəri Monteskyö Universitetinin məzunu Səid Musayev “Regional miqyasda davamlı inkişaf üçün Azərbaycanın liderliyi altında daha çox çoxtərəflilik”, Nitsa Sofia Antipolis Universitetinin məzunu Firudin Mövsümov “Qarabağda postmünaqişə dövründə davamlı inkişaf problemləri”, Strasburq Universitetinin məzunu Nəzrin Şirinova “Davamlı inkişaf üçün ekoloji layihələrin vacibliyi” mövzularında məruzə ediblər.

 

Tədbirdə, həmçinin UFAZ tələbələri - Zaur Budaqov universitetdəki ekoloji fəaliyyətləri barədə və Emin Xəlifəyev isə bu il Fransada qalib olduqları beynəlxalq kosmik hakatondakı “Təyyarə karbon emissiyalarının azaldılması” layihəsi barədə məlumat veriblər.