Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məktəb guşəsi” təhsil portalının məzunların əmək bazarında məşğulluğunun təmin edilməsi ilə bağlı  sorğusunun nəticələrinə həsr olunan görüş keçirilib. Cari ilin aprel-may aylarında portal tərəfindən “Hansı universitetin məzunu əmək bazarında daha tez iş tapa bilir?” mövzusunda keçirilən virtual sorğunun nəticələrinə əsasən, ADPU böyük fərqlə qalib olub.

 

Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, millət vəkilləri Ceyhun Məmmədov, Fazil Mustafa və Arzu Nağıyev, təhsil ekspertləri professor Şahlar Əsgərov, Nadir İsrafilov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Pərvanə Məmmədova və Məleykə Əlizadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) prorektoru Qasım Məmmədov və rektorun universitet-sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  prorektoru Raqif Qasımov, Azərbaycan Texniki Universitetinin (AzTU) şöbə müdiri Sevinc İsgəndərova, Bakı Dövlət Universitetinin (BDU) Karyera və Məzun Mərkəzinin rəhbəri Vasif Həsənov, əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov, media eksperti Nəzirməmməd Zöhrablı, "Məktəb guşəsi" jurnalının və saytının baş redaktoru Məzahir Məmmədli və ADPU-nun müvafiq struktur rəhbərləri iştirak ediblər.

 

Qonaqlar əvvəldə universitetdə yay imtahan sessiyasının gedişini izləyib, şifahi imtahanların təşkili ilə yaxından tanış olublar.

 

Rektor C.Cəfərov çıxış edərək bildirib ki, ADPU üzrə ixtisaslara uyğun məşğulluq səviyyəsi son 5 ilin nəticələrinə görə, təxminən 76  faiz təşkil edir.

 

Görüşün moderatoru Şahlar Əsgərov qeyd edib ki, ictimaiyyət arasında ilk dəfədir,  bu mövzuda tədqiqatlar aparılır və bu göstəricilər hər bir ali təhsil müəssisəsi üçün önəmlidir.

 

Sorğu haqqında ətraflı məlumat verən M.Məmmədli bildirb ki, virtual sorğuda ümumilikdə 3709 nəfər iştirak edib. Nəticələrə əsasən, ADPU, AzTU, ADNSU, UNEC və BDU yüksək göstəricilər əldə ediblər. Xüsusilə qeyd olunub ki, indiyədək portal tərəfindən müxtəlif mövzularda keçirilən təhsil sorğularında ADPU artıq üçüncü dəfədir  ilk yeri tutur.

 

Daha sonra tədbirdə iştirak edən qonaqlar təhsil sahəsində aparılan islahatlar, məzunların məşğulluq vəziyyəti, ucqar bölgələrdə müəllim kadrları ilə təminat məsələləri və  s. haqqında öz fikirlərini bölüşüb, ətraflı fikir mübadiləsi aparıblar.

 

Sonda sorğuda fərqləndiyinə görə ADPU, BDU, UNEC, AzTU və ADNSU-ya müvafiq diplomlar təqdim olunub.