İyunun 5-dən Elm və Təhsil Nazirliyi tərəfindən media nümayəndələrinin iştirakı ilə kommunikasiya görüşlərinə start verilib.

 

Dərsə davamiyyəti yaxşı olan şagirdin təhsil nailiyyəti də yüksək olur

 

Jurnalistlərlə ilk görüş ümumi və məktəbəqədər təhsil mövzusunda təşkil edilib. Görüşdə IV sinif monitorinqlərinin məqsədi, təhlil nəticələri və növbəti tədris ilində görüləcək işlər əsas müzakirə mövzuları olub.

 

Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 150 minə yaxın 4-cü sinif şagirdinin iyunun 10-da qiymətləndirmə monitorinqinə cəlb olunacağını, növbəti mərhələdə şagirdlərin biliyinin qiymətləndirilməsinə dinləyib-anlama bacarığı da əlavə olunacağını deyib.

 

O, dərsdən yayınma faktlarına da toxunaraq bu ildən belə halların sayının azalmasına diqqət çəkərək buna məsələnin səbəblərinin araşdırılması və əlavə tədbirlərlə nail olduqlarını deyib. Şöbə müdiri regionlarda dərsdən yayınma hallarının səbəbləri sırasında ilk yerdə şagirdlərin kənd işlərinə cəlb olunduğunu, ucqar kəndlərdə “Oxuyub yazmağı bacarsa, bəs edər” düşüncəsinin yayıldığını qeyd edib, bu tendensiyaya qarşı valideynlərin maarifləndirilməsi istiqamətində işlər aparıldığını deyib. Şöbə müdiri problemin regional təhsil idarələrinin qarşısında duran əsas hədəflərdən biri olduğunu da vurğulayıb.

 

Ümumiyyətlə, pandemiyadan sonra məktəblərdə davamiyyətdə müəyyən boşluqlar yarandığını deyən E.Əliyev əlavə edib ki, məktəblərdə davamiyyət prosesinə nəzarət gücləndirilib: “Tək Azərbaycanın deyil, digər dövlətlərin təhsil sistemində də bu problemlər olub. Hesabatlılıq, nəzarət, davamiyyətin aşağı olmasının səbəbini araşdırmaq bu sahədə görüləcək işlərin tərkib hissəsidir. Təcrübə də göstərir ki, davamiyyəti yaxşı olan şagirdin təhsil nailiyyəti də yüksək olur”.

 

Yeni tədris ilindən bütün ölkə üzrə məktəblərdə yeni məktəbli formalarına keçilməsi ilə bağlı hazırlıqlardan da danışan şöbə müdiri Pedaqoji Şuraların bununla bağlı verəcəyi qərara da hörmətlə yanaşılacağını vurğulayib: “Məktəbli forması qaydalarda olan normaya uyğun seçilməlidir. Kimsə özündən başqa formada geyim seçə bilməz. Məktəb şuraları müəyyən edilmiş 4 formadan  hansını seçibsə, ona uyğun hazırlıq işləri görülməlidir. Şura deyə bilər ki, müəyyən səbəblərdən forma istəmirlər. Biz də şuranın qərarına hörmətlə yanaşmalıyıq. Hazırda belə məktəblər də var”.

 

Elnur Əliyev məktəblərdə fənn standartları ilə bağlı müzakirələrə, məktəbəqədər təhsil müəssisələrində görülən işlərə diqqət çəkib, növbəti aydan bağçalara uşaqların qəbulunun başlayacağını bildirib.

 

Müəllim olmaq üçün 62 mindən çox namizəd, müəllim qalmaq üçün isə 34 minə yaxın şəxs imtahan verəcək

 

Jurnalistlərlə ikinci görüşdə müəllimlərin sertifikatlaşdırılması və işə qəbulu üzrə müsabiqəyə hazırlıq müzakirə olunub.  Görüşdə İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov və Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli iştirak ediblər.

 

Eşqi Bağırov jurnalistlərə məlumat verib ki, cari ildə sertifikatlaşdırma prosesində iştirakı planlaşdırılan 34 minə yaxın müəllimin məlumatları sistemə daxil edilib. O, sertifikatlaşdırmanın test imtahanı mərhələsinin 20-24 iyun tarixlərində, müsahibə mərhələsinin avqust ayının sonunda keçirilməsinin nəzərdə tutulduğunu deyib. Bu prosesi müəllimlərin davamlı inkişaf prosesi kimi qiymətləndirən şöbə müdirinin sözlərinə görə, uğur qazanan müəllimlər tədris zamanı daha üstün səriştə və bacarıq sərgiləyirlər və belə müəllimlərə valideynlər daha çox inam bəsləyirlər.

 

Nurlan İsmayılbəyli işə qəbul müsabiqəsinin təşkilindən danışıb. Bu il 62 mindən çox namizədin qeydiyyatdan keçdiyini vurğulayan mərkəz direktoru imtahanların 13 şəhər olmaqla ümumilikdə 31 mərkəzdə təşkil olunacağını deyib.

 

Peşə təhsili müəssisələrində 60 müəllim sertifikasiyadan keçəcək

 

Üçüncü görüşdə peşə təhsilinin əhatə dairəsi, əmək bazarında iş imkanları, işğaldan azad edilmiş ərazilərdə peşə təhsili müəssisələrinin tikintisi ilə bağlı məsələlər müzakirə edilib. Bu dəfə jurnalistlərin qarşısına Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən Ceyhun Kərəmov çıxıb. O, əmək bazarında peşə ixtisaslı kadrlara böyük ehtiyac olduğunu və buna görə də növbəti illərdə peşə təhsili şəbəkəsinin əhatə dairəsinin genişləndiriləcəyini vurğulayıb. 

 

Ceyhun Kərəmov  bu il Cəlilabad və Lənkəranda açılacaq yeni peşə təhsili mərkəzlərinin özəlliklərindən danışıb. Kənd təsərrüfatı, meyvə sənayesi sahələrinə aid ixtisasların tədris ediləcəyi Cəlilabad Peşə Təhsil Mərkəzində ilk dəfə heyvandarlıq ixtisası üzrə hazırlıq da təşkil ediləcək: “Bu məqsədlə mərkəzin ərazisinin yaxınlığında müasir ferma da tikilib. Tələbələr orada heyvanların saxlanılması, onlara göstərilən xidmətlərlə yaxından tanış ola biləcəklər”.

 

Lənkərandakı peşə təhsil mərkəzi isə bu ilin sonuna açılacaq: “Burada həm kənd təsərrüfatı, həm də turizm və hotelçilik üzrə ixtisaslar təşkil olunacaq. Mərkəzin özünün hoteli olacaq”.

 

Qubada peşə təhsili mərkəzinin inşası isə 2025-ci ilin sonuna planlaşdırılır. Qaxda peşə mərkəzinin yenidən qurulması, Tovuzda və digər rayonlarda da belə mərkəzlərin yaradılması nəzərdə tutulur. Qarabağda isə 2026-cı ilə qədər 8 peşə təhsili müəssisəsi qurulacaq: “Qarabağda açılması planlaşdırılan 8 peşə təhsili müəssisəsində 5000 nəfərin qısamüddətli, 1000 nəfərin isə ixtisasartırma təlimlərinə cəlb olunması nəzərdə tutulur”.

 

Peşə təhsilinə ehtiyac olan sahələrdən danışan C.Kərəmov ölkədə peşə təhsilinin inkişafı ilə bağlı konkret strategiyanın olduğunu, peşə təhsili sahəsində Böyük Qayıdış proqramı ilə bağlı hədəflərin müəyyən edildiyini bildirib. O, peşə təhsili müəssisələrinə tələbə qəbulunda ildən-ilə müşayiət olunan artımın davam edəcəyini, qarşıya qoyulan hədəfin 2026-cı ilə qədər peşə təhsili üzrə tələbə sayının 28 minə çatdırılması olduğunu vurğulayıb.

 

Təkcə yüksək texniki peşə təhsili səviyyəsi üzrə tələbə sayının 2026-cı ilədək 9200 nəfər artırılması gözlənilir. 700-dən çox tələbənin alman təcrübəsi əsasında dual təhsil proqramına cəlb edildiyini xatırladan C.Kərəmov 70-dən çox işəgötürənlə əməkdaşlıq nəticəsində dual təhsil proqramına cəlb ediləcək tələbələrin sayının 1000 nəfərə çatdırılacağını vurğulayıb.

 

Yüksək texniki peşə sahəsi üzrə tədris proqramına əlavə ediləcək 6 yeni ixtisasdan da söz açan direktor müavini həmin ixtisasların adlarını açıqlayıb. Onun təqdim etdiyi siyahıda kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kənd təsərrüfatı və inşaat texnikasının (maşınlarının) istismarı, 1 illik yeni texniki ixtisaslardan rabitə quraşdırıcısı-kabelçi, kombi və kondisioner ustası, planer və mühərrik üzrə mexanik, un üyütmə istehsalının aparatçısı üzrə ixtisaslara ciddi tələbat olduğunu vurğulayıb.

 

Peşə təhsili müəssisələrində çalışan pedaqoji heyətin sosial rifahının yaxşılaşdırılması planlarından da xəbər verən direktor müavini bəzi təkliflər üzərində işlədiklərini vurğulayıb: “Bu il peşə təhsili sistemində çalışan 60 nəfər Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllim sertifikasiyaya cəlb olunacaq. Əlimizdə olan hər bir imkandan istifadə edərək müəllimlərimiz üçün şərait yaratmağa çalışırıq”.

 

C.Kərəmov peşə təhsili sistemində çalışan müəllimlərin və rəhbər heyətin əməkhaqlarında dəyişiklik edilməsi məqsədilə təkliflər hazırlayaraq nazirliyə və digər qurumlara təqdim ediləcəyini söyləyib: “Fikrimcə, peşə təhsili müəssisələrinin və burada  çalışan müəllimlərin sayı az olduğundan bunu etmək böyük maliyyə yükü yaratmayacaq”.

 

Onun sözlərinə görə, peşə təhsili müəssisələrində adambaşına maliyyələşməyə keçid də bir çox müəssisələrdə öz büdcələrini müəyyənləşdirməyə və heyətin əməkhaqlarına əlavələr edilməsinə imkan yaradacaq.

 

Ötən ildən peşə təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin və istehsalat ustalarının qəbulu həyata keçirilir. Artıq direktor və direktor müavinlərinin də müsabiqə yolu ilə seçiləcəyini vurğulayan C.Kərəmov bildirib ki, bu il vakansiyaya çıxarılacaq yerlərin dəqiq sayı qəbul planı təsdiqlənəndən sonra bəlli olacaq. Onun fikrincə, 15- 20 peşə təhsili müəssisəsində direktor, 20-30 müəssisədə direktor müavini vəzifəsi vakansiyaya çıxarılacaq.

 

Kommunikasiya görüşləri davam edəcək.

 

Ruhiyyə DAŞSALAHLI