STEAM Klubu mövcud ümummilli dəyər və bilikləri təşviq etməklə, yeni STEAM biliklərinin mənimsənilməsinə nail olur və şagirdlərdə yaradıcılığa maraq yaradır


Keçən il Azərbaycanda keçirilən Beynəlxalq STEAM Festivalı (SAF 2022) diqqətimi cəlb etmisdi. Festivalı sosial şəbəkələrdən izləyərkən, sözün əsl mənasında, çox qürurlanmışdım.  Orta məktəb şagirdlərinin iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, ictimai sağlamlıq, idarəçilik və bu kimi cari problemlərin həlli məqsədilə təqdim etdikləri mövzuları və layihələri çox diqqətəlayiq idi. STEAM-Azərbaycan layihəsinə böyük uğurlar arzulayıram!

 

Gəncləri qlobal çağırışlara hazırlamaq bizim əsas ümummilli prioritet məqsədlərimizdən biri olmalıdır. Bu vəzifənin əsasını isə, düşünürəm  ki,  STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) təhsili üzrə kurikulumlar təşkil edir. Bir çox təhsil ekspertləri STEAM-ı (və onun sələfi STEM-i) 21-ci əsr təhsilinin vacib komponenti hesab edirlər. Daim dəyişən və getdikcə mürəkkəbləşən bir dünyada gənclərimizin əldə olunan məlumatları emal edərək problemlər həll etmək və modellər qurmaq üçün tələb olunan bilik və bacarıqlara malik olması hər zamankından daha vacibdir.

 

Bu cür bacarıqların artırılması STEAM təhsilinin mərkəzində dayanır. Yüksək keyfiyyətli STEAM təhsili təhsilalanlara problem həlletmə, yaradıcılıq, tənqidi düşünmə, ünsiyyət, əzmkarlıq və əməkdaşlıq kimi mühüm bacarıqlar verir.

 

Tədqiqat potensialını inkişaf etdirən təhsil siyasəti nəticəsində gələcəkdə əldə edilən yüksək təhsilli işçi qüvvəsi də öz növbəsində iqtisadi inkişafı sürətləndirmək, biliklərə əsaslanan iqtisadiyyat və idarəçilik sistemini qurmaq üçün çox vacibdir.

 

Bir sıra ölkələrdə elmi diasporlar belə, qlobal çağırışların həllinin asanlaşdırılmasında böyük rol oynayır.  Diasporla İş üzrə Dövlət Komitəsindən əldə etdiyim məlumata əsasən, hazırda ölkəmizdə də elmi diasporların  Azərbaycan elmində və təhsilində oynaya biləcəyi rol müzakirə olunur. Nəzərə alsaq ki, bu gün elmi diasporamızın böyük əksəriyyətini məhz STEAM mütəxəssisləri təşkil edir.  Onların iştirakı ilə STEAM təhsili Azərbaycanda yüksək səviyyədə faydalana və zənginləşə bilər. Buna görə də, elm diplomatiyası üçün potensial nəticə kimi elmi diasporun STEAM təhsilinə daxil edilməsi regionda böyük diqqətə səbəb olacaq.

 

Paytaxt və bölgələrdə oxuyan sagird və tələbələr üçün intensiv layihəəsaslı təlim seminarlarını təşkil və keçirmək olar. Bunun üçün Azərbaycanda və xaricdə yaşayan tədqiqatçıları və müəllimləri bir araya gətirmək lazımdır. Belə təlim-seminar layihələri qlobal aktuallıq kəsb edən məsələlərin həlli üçün tələbələrin texniki və koqnitiv qabiliyyətlərini istiqamətləndirməyə yönələcək. Layihənin məqsədi yerli alimləri və tələbələri beynəlxalq tədqiqatçılarla əlaqələndirmək üçün elmi diaspordan və onların əlaqələrindən istifadə etmək olacaq.   

 

Statistikaya görə, xaricdə təhsil almış hər üç alimdən orta hesabla yalnız biri ölkəsinə qayıdır, onların əksəriyyətinə tədqiqatlarını davam etdirmək və ya peşəkar inkişaf imkanları əldə etmək üçün ölkələrində arzuolunan şəraitin yaradılması məqsədəmüvafiqdir. Bir çox azərbaycanlı alimlər də xaricdə yaşadığından, azərbaycanlı gənclər üçün STEAM karyerasında potensial təcrübə və rol modelləri çatışmazlığı yaranmışdır. Ona görə də Azərbaycanda STEAM təhsilinin inkisafina elmi diasporaların cəlb edilməsi çox məqsədəuyğun görünür.

 

Belə bir əməkdaşlığın bir yolu Beynəlxalq STEAM Klublarının yaradılması ola bilər. STEAM Klubunun məqsədi STEAM sahələrində geniş spektrli tədqiqat sahələrində texniki və koqnitiv qabiliyyətlərin inkişafına yönəlmiş intensiv layihəyönümlü, 1-2 həftəlik seminarların keçirilməsidir.  STEAM Klubları 13 yaşdan 17 yaşa qədər olan gənc yeniyetmələr üçün nəzərdə tutulur və onların tədqiqat dünyasını inkisaf etdirmək üçün platforma rolunu oynamağı hədəfləyir. Hər bir STAEM Klubu Azərbaycanda yaşayan eyni sahə üzrə ixtisaslı yerli təlimçi ilə əməkdaşlıq edən beynəlxalq təlimçi tərəfindən idarə olunur. Layihəəsaslı öyrənmə STEAM Klublarının tədris yanaşmasının əsas mahiyyətini təşkil edir. Bu yanaşma genişləndirilmiş sorğu proqramını dəstəkləyir, tələbələri real dünya problemlərinin həllinə cəlb və aktiv öyrənmə imkanlarını təmin edir. STEAM Klublarında tələbələr təcrübə, araşdırma və əməkdaşlıq yolu ilə öyrənmə prosesində fəal iştirak edirlər.

 

Ölkənin geniş mədəni və sosial müxtəlifliyini nəzərə alaraq, STEAM Klubları üç böyük kateqoriyaya bölünə bilər - paytaxt, regional və sərhəd rayonları Klubları. Paytaxt STEAM Klubları Bakıda yaradılır  və seminarlara ev sahibliyi etmək üçün şərait yaradan yerli universitetlərlə əməkdaşlıq çərçivəsində baş verir. Regional və sərhəd STEAM Klubları isə ölkə üzrə kənd rayonlarında fəaliyyət göstərir və rayonlarda yerləşən ucqar və sərhədyanı icmalarda sagirdlərlə işləməyə diqqət  yetirir. Hər bir STEAM Klubu mövcud ümummilli dəyər və bilikləri təşviq etməklə, yeni STEAM biliklərinin mənimsənilməsinə nail olur və şagirdlərdə yaradıcılığa maraq yaradır.

 

Qeyd. Professor İ.Axundov Azərbaycan sagirdləri üçün üç STEAM Videodərsi hazırlamışdır. Bu dərsləri də oxucularımıza təqdim edirik:

 

1. Heç Nə Etməyən Maşın | STEAM Dərsi # 1: www.youtube.com/watch?v =QZWZQXFPSYQ&t=13s

2. Maqnit Rəqqas | STEAM Dərsi # 2: www.youtube.com/watch?v=PXxu CKVeXUw&t=90s

3. Brachistochrone (Ən Qısa Müddət) Problemi|STEAM Dərsi # 3: www. youtube.com/watch?v=nm7On98fNsE