İnsan hüquqlarının qorunmasının Azərbaycan nümunəsi bir çox ölkələr üçün örnəkdir


Bu gün hər birimiz müstəqil, demokratik bir ölkənin vətəndaşlarıyıq və  insan haqlarının qorunduğu bir dövlətdə yaşamağımızdan məmnunuq. Təbii ki, vətəndaşların maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına ali dəyər verilməsinin göstəricisidir. İnsan hüquqları haqqında artıq vətəndaş olaraq hər birimiz kifayət qədər məlumatlıyıq. İnsanın ən sadə ehtiyaclarını özündə ehtiva edən insan hüquqları bərabərlik, ləyaqət, hörmət, azadlıq və ədalət haqqındadır. 

 

Hər bir insan  ayrı-seçkiliyə məruz qalmamaq, yaşamaq, söz azadlığı, təhsil almaq və digər  hüquqlara malikdir. Bütün şəxslər üçün insan hüquqları bərabər və daimi, hər bir ölkədəki insanlar üçün eynidir. Daha geniş açıqlama versək, hər bir fərdin hansı ölkədə doğulmasından və ya  yaşamasından asılı olmayaraq hüquqları bərabərdir. Onlar ayrılmaz, bölünməz  və bir-birinə bağlıdır. Bu isə o deməkdir ki, onlar heç vaxt insanlardan alına bilməz. Bütün hüquqlar eyni dərəcədə vacibdir və tamamlayıcıdır.

 

Doğulduğu andan hər insan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları olan bir fərddir. Bu hüquq və azadlıqlar həm də şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır və onlar dövlət tərəfindən müdafiə olunur.Təsadüfi deyil ki, insan haqları bütün konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə inkarolunmaz  bir hüquq kimi qəbul olunub.

 

İnsan haqları  beynəlxalq aləmdə BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi ilə qanuniləşdirilib.

 

Hüquqi, demokratik və vətəndaş cəmiyyətli ölkəmiz

 

İnsan hüquqları sahəsində ölkəmizdə atılan mühüm addımlar  Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki,  hüquqi, demokratik və vətəndaş cəmiyyətli dövlət quruculuğunda inamlı və qətiyyətli addımlarını atan müstəqil Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”ndan irəli gələn müddəalar 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın da başlıca qayəsini təşkil edir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi müəyyən edilib.

 

Respublikamızda insan hüquq və azadlıqlarının qorunmasının əsası  qeyd etdiyimiz kimi, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən müddəalarla qoyulub. Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir.

 

Konstitusiyanın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılmasına  zəmin yaratdı. Müxtəlif  illərdə referendum yolu ilə Konstitusiyaya edilən  bir sıra mühüm əlavə və dəyişikliklər də məhz insan və vətəndaş hüquqlarının, azadlıqlarının qorunmasına, onların həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və eyni zamanda  inkişafına istiqamətlənmişdir.

 

Onu da qeyd  edək ki, Konstitusiyamızın üçdə bir hissəsi insan hüquq və azadlıqlarına, onların təminatına həsr edilib. Bütövlükdə isə, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarını bir neçə qrupda birləşdirmək olar: şəxsi hüquq və azadlıqlar; siyasi hüquq və azadlıqlar; iqtisadi, sosial və mədəni hüquq və azadlıqlar.

 

İnsan hüquqları  və azadlıqları ilə bağlı atılan addımlar

 

Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması sahəsində zəngin qanunvericilik bazası yaradılıb. Ulu Öndər Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” insan hüquq və azadlıqlarının təmini və müdafiəsində əhəmiyyətli hüquqi baza kimi çıxış edib.  Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.  Sərəncamda Ümummilli Lider Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi xatırladılır və dahi şəxsiyyətin insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etdiyi bildirilir.

 

2002-ci ildə  isə Dövlət proqramı əsasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) institutu təsis edilib.

 

Onu da xüsusi vurğulayaq ki, 1992-ci il martın 2-dən BMT-nin, 2001-ci il yanvarın 25-dən isə Avropa Şurasının üzvü olan ölkəmiz çoxlu sayda  beynəlxalq müqavilənin iştirakçısıdır. Bunların da təxminən yarısı insan hüquq və azadlıqları ilə bağlıdır.

 

Dövlət başçısının 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP), bu planın məntiqi davamı kimi 27 dekabr 2011-ci il tarixli müvafiq sərəncamla ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı  (MFPr) təsdiq edilib.

 

İnsan hüquqlarının qorunmasının Azərbaycan nümunəsi hazırda  bir çox ölkələr üçün örnəkdir. Və təsadüfi deyildir ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında görlən işlər, atılan mühüm addımlar beynəlxalq təşkilatlar tərəfindən də rəğbətlə qarşılanır.

 

“İnsan hüquqları aylığı”nın builki  özəlliyi...

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı” elan edilir. Bu isə sosial-hüquqi statusundan asılı olmayaraq, hər kəsin - şəhid ailələrinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, uşaqların, ahılların, qaçqınların, keçmiş məcburi köçkünlərin, miqrantların və əhalinin digər həssas qruplarının hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyəti gücləndirmək, əldə olunan uğurlar barədə ictimaiyyəti məlumatlandırmaq, qarşıda duran vəzifələri müəyyən etmək, cəmiyyətdə hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyə, korrupsiyaya, zorakılığa, zərərli vərdişlərə qarşı mübarizənin zəruriliyini diqqətə çatdırmaq məqsədinə xidmət edir.

 

“İnsan hüquqları aylığı”nın builki  özəlliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsinin 25 illiyinə təsadüf  etməsidir. 

 

Təhsil almaq hüququ

 

İnsan hüquqlarından danışırıqsa, təbii ki, bu zaman təhsil almaq hüququna  da geniş toxunmalıyıq. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.

 

Təhsilalanların  (tələbələrin, şagirdlərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına,  “Təhsil haqqında” Azərbaycan Respublikasının  Qanununa və digər normativ hüquqi aktlara, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir.

 

Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində  təhsil hüquqi ilə bağlı deyilir:

 

I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.

III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

IV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.

V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

 

Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. Məlumat üçün bildirək ki, “Təhsil haqqında “Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə, özəl təhsil müəssisələri fəaliyyət göstərir.

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təhsilalanların hüquqları

 

* qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq;

* təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını, tədris dilini və xarici dili sərbəst seçmək;

* mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

* ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək;

* təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;

* müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;

* elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;

* fasiləsiz təhsil almaq;

* həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

* şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

* müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;

* dövlət orta ixtisas təhsili pilləsində, peşə təhsili və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq;

* dövlət və bələdiyyə ümumi təhsil və peşə təhsili müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq;

* təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

* təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələr) iştirak etmək;

* “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq və sair...

 

Bundan başqa, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə təhsil almaq hüququ da vardır. Vətəndaşlarımızın xarici ölkələrdə təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisasını  artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.

 

Böyüməkdə olan gənc nəslin yüksək təhsil alması, xalqına layiq vətəndaş kimi formalaşması, həmçinin təhsil sahəsində vətəndaş məmnunluğunu təmin etmək üçün Elm və Təhsil Nazirliyi tərəfindən  bir sıra layihələr reallaşdırılır.

 

Ölkəmizdə hər bir vətəndaş keyfiyyətli təhsil almaq hüququna malikdir.

  

 İnsan hüquqları ilə bağlı təhsil müəssisələrində maarifləndirici tədbirlər 

 

Artıq neçə illərdir ki, Azərbaycan Respublikasında İnsan Hüquqları Günü   ərəfəsində  paytaxt Bakının, eləcə də bölgələrimizdəki təhsil müəssisələrində  ölkəmizdə elan olunan  “İnsan hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir.  Mayın 18-dən iyunun 18-dək məktəblərimizdə,  ali və orta ixtisas təhsil müəssisələrində insan hüquqlarına dair mühazirə, konfrans, seminar, “dəyirmi masa”, disput və inşa yazı müsabiqələri təşkil edilir.

 

Aylıq çərçivəsində, həmçinin məktəblərdə  şagirdlərlə “İnsan hüquqları”, “Təhsil hüquqları”, “Hüquqlarımızı bilək”, “İnsan hüquqlarının hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri”, “İnsan hüquqlarının müdafiəsi” və s. mövzularda  maarifləndirici  söhbətlər, fikir mübadilələri aparılır.

 

“İnsan hüquqları aylığı” çərçivəsində təhsil müəssisələrində tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini uşaq, yeniyetmə və gənclər  arasında təbliğ etmək, cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə onlarda humanizm keyfiyyətlərini formalaşdırmaqdır.

 

Samirə KƏRİMOVA