“Kristal Abşeron” Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

 

Rektor professor Gülçöhrə Məmmədova qonaqlara AzMİU haqqında ətraflı məlumat verib. Texniki profilli ali təhsil müəssisələrinin istehsalat müəssisələri ilə əlaqələrinin önəminə diqqət çəkən rektor “Kristal Abşeron”la AzMİU arasında bir neçə istiqamət üzrə əməkdaşlığın mümkün olduğunu bildirib.

 

Professor G.Məmmədova qeyd edib ki, AzMİU-da mühəndislik ixtisasları üzrə təhsil alan tələbələrin şirkət tərəfindən reallaşdırılan böyükmiqyaslı layihələrə cəlb edilməsi onların praktik biliklərə yiyələnməsi üçün müstəsna fürsətlər yarada bilər. 

 

AzMİU ilə əməkdaşlıqda maraqlı olduqlarını deyən Mahayət Nəbiyev “Kristal Abşeron” şirkətinin fəaliyyət istiqamətləri, həyata keçirdiyi lahiyələr haqqında geniş məlumat verib. Qonaq qeyd edib ki, AzMİU alimlərinin inşaat sektoru ilə bağlı elmi tədqiqatları “Kristal Abşeron” üçün mühüm əhəmiyyət kəsb edir və şirkət mühəndis kadrların yetişdirilməsi işində universitetlə müxtəlif formalarda əməkdaşlıq etmək niyyətindədir.

 

Görüş zamanı nümayəndə heyətinin də iştirakı ilə iki qurum arasında əməkdaşlıq imkanları, əlaqələrin gücləndirilməsi üçün vacib olan amillər, xüsusilə təhsil, elm və istehsalat üçbucağının yaradılması, davamlı, həmçinin səmərəli əməkdaşlığın təmin edilməsi ilə bağlı müzakirələr aparılıb. 

 

Görüşün sonunda AzMİU ilə “Kristal Abşeron” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

Memorandumda əməkdaşlığın bir sıra istiqamətləri, o cümlədən AzMİU tələbələrinin “Kristal Abşeron” şirkətində təcrübəyə cəlb edilməsi, universitet məzunları üçün karyera imkanları, birgə konfrans və simpoziumların təşkili, təcrübə mübadiləsi kimi məsələlər əks olunub.