Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”ndə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və  dil siyasəti” adlı konfrasda “Azərbaycan və Serbiya arasında ədəbi-mədəni əlaqələr ” mövzusunda müzakirələr və bədii tədbir keçirilib. 

 

Konfrans Azərbaycan mədəniyyətinin və dilinin tədrisi məqsədilə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru  akademik Kamal Abdullanın təşəbbüsü ilə 2018-ci ildən fəaliyyətə başlayan “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi” və ADU tərəfindən təşkil edilib.

 

Konfrans iştirakçılarının bir qrupu Belqradın Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2011-ci ildə  açılışı həyata keçirilən Taşmaydan parkında  Ümummilli  Lider Heydər Əliyevin şərəfinə ucaldılmış abidənin önündə anım tədbirində iştirak ediblər. ADU-nun nümayəndə heyəti, Azərbaycanın Serbiyadakı səfirliyinin nümayəndəsi, Belqrad Universitetində fəaliyyət göstərən “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin rəhbəri və Belqrad Universitetində təhsil alan azərbaycanlı  tələbələr Ulu Öndərin Azərbaycan xalqı üçün əvəzolunmaz fəaliyyəti və xidmətləri haqqında danışıblar. Tədbir iştirakçıları Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq  Ümummilli Lideri ehtiramla yad etdikdən sonra,  Taşmaydan parkında yerləşən Milorod Paviçin   və  partlayış zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış abidələri də ziyarət ediblər.