Bakı Mühəndislik Universitetində (BMU) 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.​

 

Yeni Azərbaycan Partiyasının (YAP) Xırdalan şəhər 40 saylı ərazi təşkilatı ilə birgə gerçəkləşdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib, “Milli qurtuluşdan intibaha” adlı videoçarx nümayiş olunub.

 

Sonra çıxış edən BMU-nun rektoru professor Havar Məmmədov xalqın taleyində əsaslı, böyük dönüşə səbəb olan 30 il əvvəlki siyasi və tarixi proseslərə diqqət çəkib. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi günün dövlət bayramı kimi qeyd edilməsinin dərin kökləri olduğunu vurğulayan rektor həmin dövrdə bir yandan Ermənistanın Azərbaycana təcavüzü, digər tərəfdən daxildə hakimiyyət çəkişməsi nəticəsində ölkədə yaşanan dərin hakimiyyət böhranının yaratdığı ağır fəsadlardan danışıb. H.Məmmədov bildirib ki, hakimiyyətin səriştəsizliyi nəticəsində daha da dərinləşən siyasi böhran, istər daxili, istərsə də xarici pozucu qüvvələrin dövlətin əsaslarının sarsıdılmasına yönəlmiş məqsədyönlü fəaliyyəti, bəzi bölgələrdə separatçılıq meyillərinin baş qaldırması, real vətəndaş qarşıdurması Azərbaycanı öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Müstəqil dövlətçiliyimizin böyük təhlükə və təhdidlərlə üzləşdiyi, xalqın taleyinin, milli müqəddəratının həll edildiyi belə ağır bir dönəmdə Heydər Əliyev xalqın təkidi ilə xilaskarlıq missiyasını üzərinə götürərək, ölkə rəhbərliyinə qayıdıb. Məhz həmin günün müstəqil Azərbaycanın tarixinə dövlət quruculuğu salnaməsinin ən şərəfli, müqəddəs səhifəsi kimi daxil olduğunu deyən H.Məmmədov 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin Ali Sovetin sədri, həmin ilin oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçildiyini xatırladıb.

 

Rektor çıxışında 1993-2003-cü illər ərzində Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini sadalayıb və  bu dövrün Azərbaycanın dövlət kimi qurulduğu, formalaşdığı və beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrildiyi mərhələ olduğunu söyləyib.

 

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən bəhs edib. Bu bayramı böyük zəfərə aparan yol kimi dəyərləndirən təşkilat sədri Ulu Öndərin hakimiyyətə təkrar dönüşündən sonra həyatın bütün sahələrində güclü inkişaf və tərəqqi dövrünün başlanıldğını qeyd edib, dövlət müstəqilliyinin bərpası, ordu, dövlət quruculuğu, iqtisadi potensialın artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

 

BMU-nun prorektoru, YAP üzvü Mikayıl Zeynalov Milli Qurtuluş Gününün Azərbaycanın dövlət bayramları içərisində xüsusi yerə malik olduğunu önə çəkərək, 15 iyunda Azərbaycan dövlətinin, əsl müstəqilliyinin təməlinin qoyulduğunu bildirib. Heydər Əliyev fenomeninin Azərbaycan xalqının taleyindəki danılmaz rolundan danışan prorektor məhz Ulu Öndərin sarsılmaz iradəsi, əzmi, zəngin dövlətçilik təcrübəsi və siyasi fəhmi nəticəsində dövlət müstəqilliyinin bərqərar olmasını vurğulayıb.