Qiymətləndirmədə şagirdlərin 98 faizi iştirak etdi


İyunun 10-da ölkə üzrə IV sinif şagirdlərinin monitorinq qiymətləndirilməsi həyata keçirilib.

 

Bütün ölkəni əhatə edən monitorinqdə bu il Naxçıvan MR də daxil olmaqla 157040 IV sinif şagirdindən 153447 nəfər iştirak edib. Bu da ibtidai təhsil səviyyəsini bitirənlərin 98 faizidir.

 

Ötən ildən keçirilən monitorinqdə 120 dəqiqə ərzində verilmiş mətnlərlə iş əsasında şagirdlərin oxuduğunu nə dərəcədə anladığı və riyazi bacarıqları qiymətləndirilir.

 

Monitorinqi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri təşkil edib. Sinif nəzarətçiləri ibtidai təhsil, tədris dili və riyaziyyat fənləri üzrə müəllimlər istisna olmaqla, digər fənn müəllimlərindən təşkil olunub. Prosesdə 600 nəfərdən çox monitorinq rəhbəri və 6400 nəfər sinif nəzarətçisi iştirak edib. Monitorinqin  keçirilməsində ciddi nöqsanlar aşkar olunmayıb.

 

Qeyd edək ki, monitorinq elm və təhsil nazirinin əmri ilə həyata keçirilib. Həmin əmrə əsasən Təhsil İnstitutu əvvəlcə monitorinqdə istifadə edilən qiymətləndirmə vasitələrini hazırlayıb.  Sonra Xızı rayonu və Mingəçevir şəhərində IV sinif şagirdləri arasında tədris dili və riyaziyyat fənləri üzrə sınaq qiymətləndirmə keçirilib. Həmin sınaq qiymətləndirmə əsasında mütəxəssislərin hazırladığı qiymətləndirmə vasitələrinin təhsil proqramı çərçivəsində şagirdlərin bilik və bacarıqlarına uyğunluğu yoxlanıb.

 

Xatırladaq ki, IV siniflərdə monitorinqin məqsədi şagirdlərin səviyyəsini müəyyənləşdirib problemləri vaxtında aradan qaldırmaqdır.

 

Şagird nəticələri beynəlxalq qiymətləndirmə tədqiqatlarına əsaslanacaq

 

IV siniflərdə monitorinqi növbəti keyfiyyət fəaliyyətlərindən biri kimi təqdim edən Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bunun təhsilin keyfiyyətinin  artırılmasına xidmət edəcəyini deyib. Onun sözlərinə görə, “Azərbaycan Respublikasının 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyası”nda təhsillə bağlı keyfiyyət hədəfləri qeyd edilib. Şagird nəticələri ilə bağlı olan hədəflərin bir hissəsi beynəlxalq qiymətləndirmə tədqiqatlarına əsaslanıb. O, niyə beynəlxalq tədqiqatlara əsaslandığını da izah edib: “Nazirlik, ümumiyyətlə, azərbaycanlı şagirdlərin dünyadakı yaşıdları ilə müqayisədəki yerinin yaxşılaşmasına köklənən fəaliyyətlərə üstünlük verir. Biz deyirik ki, gəlin məktəblilərimizin nəticələrinə özümüzün hazırladığımız imtahan suallarına cavab verərək  600, ya da 200 bal yığması ilə yox, dünyada aparılan tədqiqatlara əsaslanaraq qiymət verək. Məsələn, PISA 15 yaşlı şagirdlərin dünya üzrə oxuyub anlama, riyaziyyat, təbiət elmləri üzrə qiymətləndirməsini aparır. Biz də 2025-ci ildə keçiriləcək bu tədqiqatda iştirak edərək uşaqlarımızın harda olduğunu müəyyənləşdirəcəyik. O cümlədən PIRLS-də iştirak edərək oxuyub anlamada IV sinif şagirdlərinin dünyadakı yerini biləcəcəyik. TIMSS 4-8-ci sinif şagirdlərinin oxuyub anlama, riyaziyyat və təbiət fənni üzrə bacarıqlarını yoxlayır”.

 

Strategiyaya görə, Azərbaycan təhsildə öz mövqeyini yüksəltməli, şagirdlərin orta səviyyəsini artırmalıdır. Buna hazırlıq məqsədilə görülən işlər barədə məlumat verən E.Əliyevin sözlərinə görə, təhsilin keyfiyyətinə təsir edəcək islahatlara başlanılıb: “Hesab edirik ki, məzmun və keyfiyyət islahatlarına təməldən başlamalıyıq. Odur ki, prosesə ibtidai siniflərdən start verilib və iki istiqamətdə aparılır. Müəllimlərin hazırlıq səviyyəsinin artırılması bu istiqamətlərdən biridir və sertifikasiya imtahanları da ilk olaraq ibtidai sinif müəllimlərini əhatə etdi”.

 

Monitorinq niyə vacibdir?

 

Monitorinq şagirdlərin oxuyub-anlama və riyazi bacarıqlarını ölçür: “Bunlar vacibdir, çünki şagirdin bütün fənlərdə uğuru oxuduğunu necə anladığından asılıdır. Məsələn, riyazi bacarıq fizika, kimya, biologiya, informatika kimi fənləri mənimsəməyə kömək edir”.

 

Hətta uşaqlar oxuyub anlaya bilməyəndə həvəsdən düşür, getdikcə təhsildən yayınırlar: “Yuxarı siniflərə qalxdıqca mətnlər mürəkkəbləşir və onlar oxuduqlarını anlamadıqlarından oxumağa həvəsləri sönür”.

 

E.Əliyev bildirib ki, indiyədək məktəblərdə əsasən oxuma sürətinə fikir verirdilər: “Bu da müsbət haldır, amma əsas məsələ şagirdlərin oxuduqlarını anlamalarıdır. Oxuyub-anlama məktəbliyə verilməli olan ən vacib bacarıqdır”.

 

Bu monitorinq də V sinifdən şagirdlər ilə işin istiqamətini, ibtidai sinif müəllimlərinin harda yanlışa yol verdiyini deməyə əsas verəcək: “Monitorinqlə məktəb şagirdlərinin hansı çətinliyinin olduğunu, onlara necə kömək edəcəyimizi müəyyənləşdiririk. Təhlillər əsasında gələcəkdə ibtidai təhsil alan uşaqların bu istiqamətdə daha yaxşı nəticə əldə etmələri üçün nə edə biləcəyimizə köklənirik. Eyni zamanda, monitorinq iştirakçısı olan şagirdlərlə V sinifdən iş aparılacaq”.

 

Şagirdləri monitorinqdən zəif çıxan müəllimlərə isə bu istiqamətdə təlimlər veriləcək. Məsələn, ötən ilin tədqiqat nəticələri göstərib ki,  IV sinifdə oxuyan şagirdlərin, demək olar, yarısı hər hansı mətni oxuyub əsas ideyanı anlamaqda çətinlik çəkir. Rəqəmlərə əsaslanan nazirlik rəsmisi bildirib ki, Bakıda, mərkəzi şəhərlərdə nəticələr yuxarı olsa da, ölkə üzrə oxuyub mətnin əsas fikrini anlamaqla bağlı çətinlik olduğu müəyyən edilib: “Biz artıq bilirik ki, ibtidai sinif müəllimləri ilə işləməliyik. Bu, müəllimlərin çətinliyidir. Növbəti ilin təlimlərində mətnin əsas ideyasını uşaqlara necə çatdırmağın taktika, strategiya, metodologiyasını öyrətməyə çalışacağıq. Ümid edirik ki, növbəti tədris ilində bu istiqamətdə yaxşılaşma olacaq”.

 

Ötən il 152 min IV sinif şagirdindən 151 min nəfərinin imtahana qatıldığını vurğulayan E.Əliyev həmin imtahanın nəticələrindən bəzi maraqlı məqamlara diqqət çəkib: “Keçən il IV sinif monitorinqlərinin nəticəsinə görə, qızlar oğlanlara nisbətdə daha yüksək nəticə göstərib. Bu, dünyada da belədir, IV sinfin sonunda qızların nəticələri oğlanlardan daha yuxarıdır. Həmçinin Azərbaycan bölməsinin nəticələri rus bölməsi üzrə nəticələrdən yüksəkdir. Eyni zamanda, şagirdlər riyaziyyat fənnindən daha çox Azərbaycan dilindən yüksək bal toplayır. Bu da dünyanın çox yerində belədir”.

 

Şöbə müdirinin sözlərinə görə, sözlərin alternativini tapmaqda çətinlik çəkən kifayət qədər şagirdimiz olub.

 

Qiymətləndirilmə monitorinqlərinin nəticələrinin şagirdin yuxarı sinfə keçirməsinə heç bir təsiri olmadığını xüsusi vurğulayan E.Əliyev deyib ki, hələlik oxuyub-anlama vəziyyəti öyrənilir: “Növbəti mərhələdə şagirdlərin biliyinin qiymətləndirilməsinə dinləyib-anlama bacarığı da əlavə olunacaq”.

 

Ruhiyyə DAŞSALAHLI