BSU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb


Azərbaycan ali məktəblərinin müəllim və tələbələri arasında  IELTS imtahanlarında 6.5-dən yuxarı nəticə göstərənlərin ödənişi Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilir. Kifayət qədər cəlbedici olan bu fakt elm və təhsil naziri Emin Əmrullayevin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun maliyyə dəstəyi ilə reallaşır. Ötən ilin oktyabr ayından başlayaraq artıq 6 ali təhsil müəssisəsi - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə icra etdiyi bu layihənin tərəfdaşlarıdır. Layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişlərini TİF ödəyəcək.

 

Layihədə yeni tərəfdaş: BSU 7-ci oldu

 

Bu həftə daha bir universitet - Bakı Slavyan Universiteti də tərəfdaşların siyahısına qoşuldu. İyunun 13-də universitetlə Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında imzalanan “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” üçtərəfli əməkdaşlıq müqaviləsi ilə bu tərəfdaşlıq rəsmiləşib.

 

Universitetlərin reytinqini yüksəltməyə hesablanan layihə

 

Məqsəd isə böyükdür. “Azərbaycan müəllimi” qəzetinə təşəbbüsün məqsədindən danışan Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib ki, IELTS imtahanının təşviq edilməsi məqsədi ilə həm elmi-pedaqoji heyət, həm də təhsilalanlar arasında imtahanın nəticələrinə uyğun olaraq yüksək, yəni 6.5 baldan yuxarı nəticəsi olanların IELTS imtahan xərcləri ödənilir. İndiyədək artıq 88 müəllim və tələbə bu imkandan yararlanıb: “Bu layihənin başlıca məqsədi dünya universitetlərinin reytinq siyahısında Azərbaycan universitetlərinin mövqeyinin artırılmasıdır. Ali təhsil müəssisələri bu sahədə nəzərəçarpacaq nəticələr əldə etmək üçün ingilis dili səviyyəsini artırmalıdırlar. İngilis dili təhsilin, elmin dilidir və bu baxımdan müəllim və tələbələrimizin ingilis dilində oxuma, yazma bacarıqlarının artırılması vacibdir. Çünki bu, müəllimlərimizə və təhsilalanlarımıza həm ingilis dilində müxtəlif elmi yazılar, araşdırmalarla tanış olmaq, həm də öz elmi məqalələrini ingiliscə yazmaq və onu beynəlxalq jurnallarda çap etdirmək imkanı verəcək”.

 

İnkişaf üzrə strateji hədəfi olan universitetlər tərəfdaş ola bilər

 

2022-2023-cü illər üzrə daha 210 nəfərin də IELTS imtahanının ödənişinin Fond tərəfindən qarşılanacağını vurğulayan E.Nəsibov TİF və TKTA ilə üçtərəfli müqaviləni imzalayan universitetlərdən ibarət bir “IELTS klubu” formalaşdığını bildirib. Onun sözlərinə görə, bu kluba üzv, yəni, layihədə tərəfdaş olmaq üçün şərt var: “Bakı Slavyan Universiteti 7-ci ali təhsil müəssisəsi oldu ki, TKTA və TİF ilə üçtərəfli müqavilə imzaladı. Burada əsas şərt universitetin əsas fəaliyyət planının, inkişafı üzrə bir strateji hədəfinin olmasıdır”.

 

Rektor Anar Nağıyev layihənin BSU-nun yenidən təşkili və inkişafında öz töhfəsini verəcəyindən əmindir. Layihənin yaratdığı imkanlar bütün BSU ailəsi üçün perspektivlər açacaq: “Bakı Slavyan Universitetində çalışan müəllimlər və tələbələrimiz üçün çox əhəmiyyətli bir addımdır. Hesab edirəm ki, bu, sadəcə IELTS imtahanları kontekstində baxılmalı məsələ deyil, çox geniş prosesdir. Təhsilin növbəti səviyyələrində iştirak, kadrların inkişafı, onların beynəlxalq elmmetrik bazalarda çıxışları və karyeralarının inkişafı baxımından çox əhəmiyyətlidir”.

 

Ruhiyyə DAŞSALAHLI