Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 18 may-18 iyun “İnsan Hüquqları Aylığı" çərçivəsində maarifləndirici görüş keçirilib.  

 

AzMİU-nun PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev “İnsan Hüquqları Aylığı" çərçivəsində təşkil olunan görüşün mövzusu və qonaqla bağlı məlumat verib. Qeyd edib ki, AzMİU-da insan hüquq və azadlıqlarının tələbələr tərəfindən dərindən mənimsənilməsi üçün mütəmadi seminarlar, görüşlər keçirilir və tələbə təşkilatları vasitəsilə onların hüquqlarının qorunmasına ciddi nəzarət edilir.

 

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili tələbələrin hüquqlarının təmin edilməsi ilə bağlı təşkilat daxilində yaradılan nəzarət mexanizmindən və AzMİU rəhbərliyinin bu istiqamətdə həsas yanaşmasından danışıb.

 

Daha sonra görüşün qonağı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin Hüquq departamentinin rəhbəri Kaul Məmmədov insan hüquqları və əsas azadlıqları sahəsində geniş məruzə ilə çıxış edib. Dövlətin vətəndaşlar üçün yaratdığı təməl hüquqlardan danışıb. Tələbələrin əsas hüququ olan təhsil hüququ barədə məlumat verib, insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyətlərə diqqət çəkib.

 

K.Məmmədov tələbələrə öz təməl hüquqlarını öyrənməyi, bununla bağlı vacib elmi ədəbiyyat mənbələrini, bədii əsərləri oxumağı və maarifləndirici filmləri izləməyi tövsiyə edib.

 

Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.