ABŞ-ın İndiana Universitetində İç Asiya və Ural Milli Resurs Mərkəzinin və Mərkəzi Asiya Araşdırmaları Departamentinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda təhsil” mövzusunda dəyirmi masa keçirilib.

 

Mövzu üzrə çıxış etmək üçün tədbirə dəvət olunmuş Azərbaycan Dillər Universitetinin dosenti Fialə Abdullayeva yaradılmış şərait üçün təşəkkür edib, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinə və bu münasibətlə Ulu Öndərin fəaliyyəti ilə bağlı keçirilən tədbirlərin önəminə diqqət çəkib. Dosent F.Abdullayeva görkəmli siyasi xadimin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə (1969-1982 və 1993-2003)  təhsil sahəsində əldə olunmuş nailiyyətlərdən, o cümlədən çoxlu sayda orta məktəblərin, texniki peşə məktəblərinin açılması, yeni ali təhsil müəssisələrinin və hərbi kadrlar üçün məktəblərin yaradılması, elmlə təhsilin inteqrasiyasının diqqət mərkəzində saxlanılması, təhsilin dünyəvi xarakterinin təmin olunması və digər təhsil məsələləri ilə bağlı mühüm qərar və sərəncamların verilməsindən danışıb.

 

Sovet rejimi illərində rus dilinin həyatımızın bütün sahələrinə sirayət etməsinə baxmayaraq, Heydər Əliyevin həmin dövrdə Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasındakı rolu, dilimiz və onun qorunması ilə bağlı imzaladığı qanunlar, 1 avqust tarixini Azərbaycan dili və əlifbası günü kimi elan etməsi, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və coğrafiyasının tədrisinin təkmilləşdirilməsinə, müvafiq dərsliklərin yenilənməsinə göstərdiyi qayğı və bu istiqamətdə irəli sürdüyü təşəbbüslər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

 

O, dəyirmi masanın sonunda Azərbaycan təhsili ilə bağlı iştirakçıların suallarını  cavablandırıb. Hazırda ABŞ-ın müxtəlif təhsil proqram və layihələrindən bəhrələnmiş 8000-ə yaxın Azərbaycan vətəndaşının olmasından,   ADU-dakı dil və mədəniyyət mərkəzlərinin, o cümlədən Bakı Amerika Mərkəzinin əhatəli rolundan, universitetdə xarici tələbələrin təhsil alması üçün mövcud proqramlardan da bəhs edib.