Elm və Təhsil Nazirliyinin və İqtisadiyyat Nazirliyinin birgə dəstəyi ilə “Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbinin nəzdində  fəaliyyət göstərən “İT - Akademiya”  tələbələrinin “İkinci Dalğa” buraxılış tədbiri keçirilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev çıxış edib. O, kursun məzunlarını təbrik edərək bu layihənin əhəmiyyətini inkişaf edən iqtisadiyyat və əmək bazarının dəyişən tələbi ilə müqayisə edərək qiymətləndirib. Onun fikrincə, artıq təhsil, sadəcə uşaqlar və gənclərlə bağlı deyil: “Ömürboyu təhsil” deyilən anlayış var. Son 5 ilə baxıb əmək bazarının tələblərinin necə sürətlə dəyişdiyini görmək olar. Ona görə də XXI əsrdə yaşayan insanlar bacarıqlarını tez-tez dəyişməli olacaqlar”.

 

“İT -Akademiya” ixtisas dəyişmək baxımından yeni və kütləvi formatdır

 

Elmi-nəzəri müqayisə olmasa da, nazir Azərbaycanın 8 il əvvəlki reallığı ilə indiki reallıq arasındakı fərqi dəyişən keçid balları ilə nəzərə çatdırmağa çalışıb: “Yaxın keçmişimizdə riyaziyyat, fizika fakültələrinə qəbul 250 balla baş tuturdu. Həmin vaxt, 2014-2015-ci illərdə mühəndislik ixtisaslarına minimum balı heç olmasa, 300-350 bal etməyi düşünürdük ki, bundan aşağı toplayanlar həmin ixtisasları seçə bilməsinlər. Lakin indi həm IX sinfin buraxılış imtahanlarında, həm də XI sinfin buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlər dəqiq fənlərə, texniki və texnoloji ixtisaslara daha çox həvəs göstərirlər. Bu həvəsin nəticəsidir ki, texnologiya ixtisasının keçid balı tibdən yuxarıdır”.

 

“Əmək bazarında fərqli bacarıqlara tələbat var və həmin bacarıqların daşıyıcıları daha çox gənclərdir”, - deyən nazir  əmək bazarinda səmərəliliyi azaldan tendensiyaya da diqqət çəkib. Onun sözlərinə görə, insanın arzulamadığı, hətta ona aidiyyatı olmayan ixtisaslara yiyələnməsi, “harasa qəbul olunmaq heç yerə qəbul olunmamaqdan yaxşıdır” məntiqinin səbəb olduğu vəziyyətdir və bunun nəticəsidir ki, əmək bazarında öz işini sevməyən insanlar həddən çoxdur: “Fərdin yiyələndiyi ixtisasın əmək bazarının tələbi ilə uyğunsuzluğu, hətta fərdin öz marağına uyğunsuzluğu müşahidə olunur. Problemin həlli baxımından insanın ikinci, üçüncü şansları olmalıdır”.

 

Məhz bu baxımdan “İT-Akademiya” layihəsini yüksək qiymətləndirən nazir bu layihə ilə insanların əlavə şans qazandığını bildirib: “Eşitdim ki, bu kursun 45 yaşında müdavimi var. Bu, həyata yenidən başlamaq, həyatda yeni bir səhifə açmaq deməkdir. İnsanlar üçün bu, belədir. Elə iqtisadiyyat üçün də bu, dinamikadır və böyük faydası olacaq”.

 

Nazirin fikrincə, əmək bazarının tələblərinin yaratdığı yeni reallıq ali təhsil müəssisələrinin mahiyyətini də dəyişəcək: “Artıq ənənəvi, sadəcə 17-21 yaşlı gəncləri gördüyümüz ali təhsil müəssisələri dəyişməyə məcbur olacaq və universitetlər orta yaşlı, hətta orta yaşdan yuxarı olan insanların gəlib-getdiyi yerə çevriləcək”.

 

“İT-Akademiya”nin ixtisas dəyişmək baxımından yeni və kütləvi format olduğunu vurğulayan E.Əmrullayev “Bu, Elm və Təhsil Nazirliyi üçün də yaxşıdır. Odur ki, sürətlə bu istiqamətdə işləməliyik”, - deyə qeyd edib. O, əmək bazarının tələblərini ödəmək üçün ixtisaslı, bacarıqlı insanların sayını artıracaq planlardan da danışıb: “Orta hesabla hər il 150 min uşaq doğulur. Lakin hər il ən yaxşı halda 50-55 min adam ali təhsil almaq imkanı əldə edir. Təxminən 10 min nəfərə yaxın xaricdə təhsil almaq imkanı qazanır. Peşə məktəblərində və kolleclərdə təhsil alanları da nəzərə alsaq, ən yaxşı halda, sadəcə 80 min nəfər təhsil alaraq hansısa peşəyə, ixtisasa yiyələnir. Bu, bizim tarixi maksimumuzdur. Lakin 2026-cı ilədək bakalavr səviyyəsində qəbul planımızı 60 minə çatdırmaq istəyirik. Peşə təhsilini 25-30 minə qaldırmaq niyyətindəyik”.

 

“İT-Akademiya” kimi layihələr də bu prosesi sürətləndirəcək. Emin Əmrullayevin sözlərinə görə,  qısa zamanda bu cür layihələrlə əmək bazarına bacarıqlı insanlar qazandırmaq mümkün olacaq”.

 

Lazımi sayda mütəxəssis olmasa...

 

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev    Azərbaycanın İT sahəsində potensialını qiymətləndirərkən Avropa ölkələrinə çıxış imkanlarından danışıb: “Amma lazımi sayda mütəxəssis olmasa, yeni şirkətlər yaranmayacaq, mövcud şirkətlər isə kadr çatışmazlığı ilə üzləşəcək. Yeni qabaqcıl texnologiyaların sürətli mənimsənilməsi, onların vətəndaşların maraqlarına xidmət etməsi üçün IV Sənaye İnqilabının çağırışlarına çevik uyğunlaşmağımız zəruridir”.

 

“Alqoritmika” şirkətinin baş direktoru Andrey Lobanov hesab edir ki, İT-yə gəlmək düzgün seçimdir. Bu seçimi edənlər üçün həyat darıxdırıcı olmayacaq, çünki onlar yaxşı qazanacaqlar: “Zarafat deyil, gələcək məhz İT-dədir. Şadam ki, Azərbaycanda bu sahənin inkişafına dövlət səviyyəsində maraq var. Məktəblərdə, universitetlərdə İT sahəsini seçənlər çoxalır və dövlət də onların təhsil alması, inkişaf etməsinə şərait yaradır”.

 

Xatırladaq ki, İT sahəsinə xüsusi marağı olan 25-45 yaşlı şəxslər bir neçə mərhələdən keçərək “İT-Akademiya”da 5 aylıq kurs keçib. Kursların nəticəsi olaraq hər iki dalğa üzrə 279 nəfər “məzun” adını qazanıb. Tədris müddətində ən uğurlu nəticə göstərən 11 məzun sertifikatla təltif olunub. 

 

Sonda  məzunlarla işəgötürənlər arasında tanışlıq və sual-cavab sessiyası, həmçinin CV təqdimatı həyata keçirilib.

 

Ruhiyyə DAŞSALAHLI