Sumqayıt Dövlət Universitetinin (SDU) həyətində möhtəşəm “Məzun Günü” keçirilib. Tədbirdə universitetin professor-müəllim, tələbə heyəti,  valideynlər iştirak ediblər.

 

Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Rektor ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına göstərilən diqqət və qayğıdan, rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyətindən, uğurlarından və beynəlxalq əlaqələrindən, respublikamızda təhsilin inkişafı üçün həyata keçirilən islahatların əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin  hakimiyyətinin hər iki dövründə Azərbaycan təhsilinə qayğısından bəhs edib.

 

“Hər bir universitetin məzunu onun uğurunun, qazandığı nailiyyətlərin göstəricisidir. Ümid edirəm ki, təhsildə qazandığınız elmi biliklərdən qarşıdakı illərdə səmərəli şəkildə istifadə edəcək, universitetin adını daha da yüksəldəcəksiniz. İnanıram ki, bundan sonrakı fəaliyyətinizlə də vətənimizin, ölkəmizin inkişafına töhfələr verəcəksiniz”-deyə E.Hüseynov bildirib.

 

 

Sonra valideynlər adından 1-ci Qarabağ müharibəsi iştirakçısı, Sabunçu rayonu Veteranlar Cəmiyyətinin üzvü qazi Bünyad Qarayev və Leyla Həsənova çıxış edərək əlamətdar gün münasibətilə məzunları, valideynləri, universitetin professor-müəllim heyətini təbrik edib, onlara yeni nailiyyətlər arzulayıblar.

 

Rəsmi hissənin sonunda təhsildə fərqlənən və universitetin ictimai həyatında fəal iştirak etmiş bir qrup məzuna Fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

 

Sonra ənənəvi “papaqatma” mərasimi keçirilib.

 

Sonda Əməkdar artist Nüşabə Ələsgərli, “Avroviziya” mahnı müsabiqəsinin qalibləri Nigar Camal və Eldar Qasımov öz ifaları ilə məzunları təbrik ediblər.