Bakı Slavyan Universitetində (BSU)  Germanistika İnstitutunun təşkilatçılığı ilə "Alman və Azərbaycan ədəbiyyatı mühacirət, sürgün və repressiya kontekstində" adlı II beynəlxalq elmi simpoziumun açılış mərasimi keçirilib.

 

Açılış mərasimində BSU-nun rektoru Anar Nağıyev, Almaniyanın Azərbaycandakı səfirinin müavini Heiko Şvarz, Türkiyənin Türk-Alman Universitetinin rektoru Cemal Yıldız,  Milli Məclisin üzvü Sevinc Fətəliyeva, Azərbaycan Dillər Universitetinin (ADU) Germanistika İnstitutunun direktoru Sieglinde Hartmann, alman dili mütəxəssisləri, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

 

Rektor Anar Nağıyev tədbir iştirakçılarını, qonaqları salamlayaraq, ənənəvi olaraq Germansistika İnstitutu tərəfindən bu simpoziumun BSU-da təşkil olunduğunu deyib. O, Alman Akademik Mübadilə Xidməti (DAAD) məzunlarının və germanistika sahəsində çalışan mütəxəssislərin iki gün ərzində BSU-ya toplanmasından məmnunluğunu bildirib. Universitet haqqında danışan rektor bildirib ki, BSU Azərbaycanda böyük tədqiqat tarixinə və ənənələrinə malik ali təhsil müəssisəsidir. Ali məktəbdə dünyanın müxtəlif  xalqlarının dili, mədəniyyəti , siyasi  sistemi,  tarixi öyrənilir. A.Nağıyev hər il 350-400 tələbənin müxtəlif ixtisaslarda alman dilini öyrəndiyini bildirib, BSU-da Germanistika İnstitutunun uğurlu fəaliyyətinə diqqət çəkib. O, kadr hazırlığı prosesində rəqabətə davamlı mütəxəssislər yetişdirilməsi üçün regional, beynəlxalq, o cümlədən Avropa ali təhsil məkanına inteqrasiya, keyfiyyətli tədrisin təşkili və tədqiqat sahəsində BSU-nun əməkdaşlığa açıq olduğunu deyib. Bu əməkdaşlıqların həm  slavyanşünaslıq, həm də digər sahələri əhatə edə biləcəyini, elmi jurnallarda məqalələr, tələbə mübadiləsi, birgə elmi konfransların təşkilini vurğulayıb, simpozium çərçivəsində BSU və Türk-Alman Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanacağını deyib.

 

Almaniyanın Azərbaycandakı səfirinin müavini Heiko Şvarz tədbirdə iştirakdan məmnunluğunu bildirib, konfransın mövzusunun müasir zamanda daha da aktuallaşdığını söyləyib. O, qarşıya qoyulan perspektivləri anladıb və simpoziumun işinə uğurlar arzulayıb.

 

Milli Məclisin üzvü Sevinc Fətəliyeva BSU-nun bu cür tədbirlərin keçirilməsində böyük təcrübəsi olduğunu deyib, bir çox elmi mövzuların, habelə müasir filologiyanın, linqivistikada olan elmi problemlərin BSU-da müzakirə olunduğunu vurğulayıb. O, simpoziumun mövzusunun ikitərəfli münasibətlərin möhkəmlənməsinə və hər iki ölkənin tarixinin öyrənilməsinə imkan yaradacağını diqqətə çatdırıb.

 

Türk-Alman Universitetinin rektoru Cemal Yıldız təmsil etdiyi universitet haqqında məlumat verib, Türk-Alman Universitetinin 10 il əvvvəl yaradıldığını deyib. Təhsil ocağının 38 alman  universiteti və DAAD ilə birgə konsorsiumda birləşdiyini qeyd edib. Cemal Yıldız BSU ilə imzalanacaq sazişin qarşılıqlı əməkdaşlığı genişləndirəcəyini vurğulayıb.

 

Çıxışlardan sonra BSU tələbələrinin ifasında bədii hissə təqdim olunub.