Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev 2023/2024-cü tədris ilində universitetdə “Balkanistika” ixtisasının açılacağını, bu istiqamətdə tədrisi həyata keçirmək üçün müvafiq işlərin görüldüyünü bildirib. Rektor sözügedən ixtisasın balkanşünaslıq istiqamətində yeni gənc mütəxəssislərin hazırlanmasına, eyni zamanda, gələcəkdə həmin məzunların tədris prosesinə cəlb olunmasına imkan yaradacağını vurğulayıb. A.Nağıyev yeni tədris ilində Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Özbəkistanın Daşkənd Dövlət Pedaqoji Universiteti ilə BSU-nun birgə üçlü layihəsinin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.

 

Polşa Ali Təhsil Agentliyinin xətti ilə müəllim mübadiləsi üzrə mövcud müqavilədən söz açan rektor bu ilin oktyabrından Polşadan iki müəllimin universitetə gələcəyini deyib. Həmçinin qeyd edib ki, Polşanın və Bolqarıstanın tərəfdaş universitetləri ilə tələbə mübadiləsi həyata keçirilir:” Keçən tədris ilində iki tələbə Polşada təhsil alıb. Bu il beş tələbə və iki müəllimin Bolqarıstanda yay məktəbində iştirakı nəzərdə tutulub”.

 

BSU-da 100-ə yaxın əcnəbi tələbənin təhsil aldığını deyən A.Nağıyev bu kontingentin Türkiyə, Rusiya, Belarus, Macarıstan və digər ölkələri əhatə etdiyini bildirib. Polşa, Şimali Makedoniya, Çexiya, Bolqarıstan universitetləri ilə ikili diplom proqramları üzrə işlərin həyata keçirildiyini diqqətə çatdıran rektor, eyni zamanda, qeyd edib ki, bu günlərdə Türkiyənin Türk-Alman Univeristeti ilə əməkdaşlıq müqaviləsi bağlanıb.

 

2023/2024-cü tədris ili üçün qəbul aparılan yeni ixtisaslara da toxunulub, qeyd olunub ki,  keçən il bakalavriat səviyyəsinə iki yeni ixtisasa – “Psixologiya” və “Korreksiyaedici təlim” ixtisasına qəbul aparılıb. Bu il isə bakalavriat səviyyəsinə dörd yeni ixtisasa - "Politologiya", “Tarix müəllimliyi”, "Tərcümə" (rus dili-türk dili), "Filologiya" (türk dili və ədəbiyyatı) ixtisaslarına, magistratura səviyyəsində isə “Menecment” (təhsil sahəsi üzrə) ixtisasına qəbul aparılır. Keçən ilki qəbulda plan yerlərinin dolduğunu bildirən A.Nağıyev bu il nəticənin daha yüksək olacağını deyib:”Bu il təxminən 30 faizədək yeni qəbul gözləyirik. Yeni ixtisaslara qəbul aparıldıqdan sonra BSU-nun tələbə kontingentinin sayının  artacağı gözlənilir”.