Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda keçirilən “Bitki aləminin öyrənilməsində müasir yanaşmalar”  mövzusunda beynəlxalq elmi-praktiki konfransda  iştirak etmək məqsədi ilə ölkəmizə gələn xarici qonaqlar arasında Ukrayna Milli Elmlər Akademiyasının Botanika İnstitutunun Mikologiya şöbəsinin baş elmi işçisi, professor Nina Bisko da olub.

 

Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva ilə keçirilən görüş zamanı qonağa Botanika İnstitutunun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr haqqında məlumat verilib və əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub.

 

N.Bisko tədbirin təşkilini yüksək qiymətləndirib və dəvətə görə minnətdarlığını bildirib. Beynəlxalq konfransın bioloji müxtəlifliyin tədqiqi istiqamətində əhəmiyyətli töhfələr verəcəyini vurğulayıb.

 

Səfər müddətində Botanika İnstitutu və Ukrayna Milli Elmlər Akademiyasının Botanika İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memoranduma əsasən, bitki ehtiyatlarının tədqiqi, toplanılması, çoxaldılması, mühafizəsi üzrə müştərək layihələrin təşkili, birgə tədqiqatların aparılması, kadrların təcrübə mübadiləsi, görüşlər, mühazirələr, simpoziumlar və s. həyata keçirilməsi nəzərdə tutulub.