Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər İdman İdarəsi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Dendrologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Gəncliyimiz gələcəyimizdir” adlı rəsm və əl işlərindən ibarət  respublika yaradıcılıq müsabiqəsi keçirilib.

 

Müsabiqənin təşkil edilməsində məqsəd Ulu Öndər Heydər Əliyev irsinin təbliği, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanması, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın, Qarabağın çoxəsrlik mədəni-tarixi irsinin daha dərindən mənimsənilməsi, eləcə də Vətən müharibəsində ordumuzun nümayiş etdirdiyi şücaəti gənc rəssamların gözü ilə cəmiyyətə çatdırmaq olub.  

 

Tədbirdə könüllü yeniyetmələr 3 əsərlə iştirak ediblər. Seçim zamanı əl işlərinə kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi və ideyası əsas götürülüb.

 

Müsabiqədən öncə rəsm əsərlərinə və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Mərdəkan mədəniyyət sarayında baş tutan tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov müsabiqə haqqında məlumat verərək bildirib ki, gənclərin inkişafında, bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayan belə müsabiqələrin təşkilinin ənənəyə çevrilməsi müsbət haldır. O, sərgidə nümayiş olunan əsərlərin gələcəkdə Azərbaycan mədəniyyəti xəzinəsində öz yerini tutacağına inamını ifadə edib.

 

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova artıq üçüncü dəfədir keçirilən yaradıcılıq müsabiqəsinin əsas təşəbbüskarının mərhum alim, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov olduğunu diqqətə çatdırıb. O, sərgidə təqdim olunan əsərlərin Ümummilli Lider Heydər Əliyevə, Azərbaycanın müstəqillik tarixinə, Şanlı qələbəmizə, eləcə də qələbənin əldə olunmasında qəhrəmanlıqları, misilsiz xidmətləri ilə yaddaşlara həkk edilmiş şəhidlərimizə  və qazilərimizə həsr olunduğunu söyləyib. Alim növbəti yaradıcılıq müsabiqəsinin işğaldan azad edilmiş ərazilərimizə, həmin ərazilərdə Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakətlərə, Azərbaycanın şanlı tarixinə həsr olunmasını məqsədəuyğun hesab edib.

 

Daha sonra məktəblilərin hazırladıqları şeir və rəqs nömrələrindən ibarət kompozisiyalar təqdim olunub.

 

Sonda müsabiqənin Təşkilat Komitəsi qaliblərin adlarını açıqlayıb. İlk üç yerin qalibi diplom və pul mükafatı, digər iştirakçılar isə Fəxri  fərman və təşəkkürnamələrlə təltif olunublar.

 

Qeyd edək ki, “Gəncliyimiz gələcəyimizdir” adlı yaradıcılıq müsabiqəsinə Bakı, Gəncə, Qazax, Şəki, Qax, Xaçmaz və Lənkəranda yerləşən orta təhsil müəssisələri və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından, ümumilikdə  300-dək rəsm və əl işləri təqdim olunub.