Bakı Slavyan Universitetində imtahan sessiyasından reportaj


Aytac Orucova Bakı Slavyan Universitetində jurnalistika ixtisası üzrə təhsil alır. III kurs tələbəsidir: “Jurnalistlik uşaqlıqdan bəri xəyalım idi. Bu xəyalımı Bakı Slavyan Universitetində uğurla gerçəkləşdirirəm. Universitetimizin uğurlu tələbələrindənəm. İmtahanlara yaxşı hazırlaşmışam. Hamısını uğurla verəcəyəm. Bugünkü imtahanda da cavabını bilmədiyim sual yoxdur”.

 

Aytac 400 nəfərlik zalda imtahan verən 150 nəfərdən biridir. Humanitar və sosial elmlər fakültəsinin tələbələrinin imtahan verdiyi zalla bağlı tərcümə fakültəsinin tədris işləri üzrə dekan müavini Zümrüd Yolçuyeva məlumat verərək deyib ki, “Jurnalistika”, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları üzrə II və III tədris ili tələbələrindən 155 nəfərin imtahan verməsi nəzərdə tutulub: “Amma imtahana qatılmayanlar var, 150 nəfərə bilet paylanıb”.

 

Fakültənin özəlliyi ondan ibarətdir ki, tələbələr arasında oğlanlar üstünlük təşkil edir: “Yalnız jurnalistikada qızlar çoxdur, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarını daha çox oğlanlar seçib”.

 

BSU-da yaz-yay sessiyası izləndi

 

Artıq Bakı Slavyan Universitetində yaz imtahan sessiyası yekunlaşıb. 1 ay çəkən sessiya dövründə ictimaiyyət nümayəndələri imtahanlara dəvət edilib, imtahanların gedişatı dəfələrlə izlənib. Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, qeyri-hökumət təşkilatları və  media nümayəndələri prosesin bütün mərhələləri ilə yaxından tanışlıq imkanı qazanıblar. Prosesi yaxından izləyənlərdən biri də “Azərbaycan müəllimi” qəzeti olub.

 

İmtahanlar ilk dəfə belə keçirildi

 

BSU-nun rektoru Anar Nağıyev ictimaiyyət nümayəndələrinə məlumat verib ki, 4800 tələbənin təhsil aldığı universitetdə 20-yə yaxın ixtisas və ali təhsilin 3 səviyyəsi üzrə imtahan aparılıb. İmtahan sessiyasında ümumilikdə 1416 imtahan keçirilib. İmtahanlara bakalavriat və magistratura səviyyələri üzrə 3868 tələbə buraxılsa da, onların da hamısı uğur qazana bilməyib.  Bu il ilk dəfə olaraq əsas binada keçirilən imtahanlar mərkəzləşdirilmiş qaydada təşkil olunub.

 

Apellyasiyanın qərarı olarsa...

 

İmtahan nəticələri 2 gün ərzində elan edilib, nəticələrdən narazı qalanların apellyasiya şikayətinə baxılsa da, sadəcə bal artırmaq məqsədli müraciətlərə baxılmır. Rektorun sözlərinə görə, müəllimin verdiyi qiymətə güvənilir: “Biz təhsil veririk - tədris prosesini təşkil edir, sonra da qiymətləndiririk. Müəllim əsasnaməyə uyğun olaraq, 10 ballıq şkala üzrə tələbənin biliyini qiymətləndirir. Qiymətləndirmənin də, tədrisin də sahibi odur. Apellyasiyanın qərarı olarsa, tələbənin qiyməti dəyişdirilə bilər. Əks halda, biz bal paylamağın tərəfdarı deyilik və müəllimin qiyməti əsasdır”.

 

“İmtahan Qərargahı” hər şeyə nəzarət edir

 

Rektor vurğulayıb ki, BSU-da 2022/2023-cü tədris ilinin yaz imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həllini təmin etmək məqsədilə universitet rəhbərliyinin, universitetdə fəaliyyət göstərən valideyn şuralarının, tələbə-gənclər təşkilatlarının, mətbuat xidmətinin nümayəndələrindən ibarət “İmtahan Qərargahı” yaradılıb.

 

BSU-da müasir tələblərə uyğun imtahan prosesi  təşkil edilir

 

İctimai Şuranın üzvləri, qeyri-hökumət təşkilatları və media nümayəndələri imtahanlarda tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmələri üçün yaradılan şəraitdən razı qalıblar. BSU-da İctimai Nəzarət Şurasının üzvü Arzu Nağıyev burada həyata keçirilən imtahan prosesinin təşkilindən danışarkən deyib ki, universitetdə bu istiqamətdə mühüm işlər görülüb: “BSU-da dəfələrlə olmuşam. Mən həm də Bakı Dövlət Universitetinin İctimai Nəzarət Şurasının sədriyəm. Müşahidəm ondan ibarətdir ki, doğrudan da müasir tələblərə uyğun imtahan prosesi  təşkil edilir. Tələbələrin 1-2 bal üçün üzülmələrini də başa düşürəm. Ancaq onlar da anlamalıdırlar ki, qiymətləndirmədə şəffaflıq, ədalətin qorunması onların daha yaxşı oxumağına, inkişafına, öz üzərlərində daha çox işləmələrinə xidmət edir”.

 

Ruhiyyə DAŞSALAHLI