Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzibin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının (ETL) əməkdaşlarının təqdim etdiyi layihə Avropa Birliyinin “Erasmus+ Jean Monnet” proqramı üzrə müsabiqəsinin qalibi olub. Layihə “Erasmus+Jean Monnet” fəaliyyətləri çərçivəsində modul səviyyəsində təqdim edilib. 

 

Layihəni Nanoaraşdırmalar ETL-nin müdiri Mustafa Muradovun rəhbərliyi ilə laboratoriyanın əməkdaşı Günel Əliyeva təqdim edib.  “Aİ-nin nanomateriallara yanaşmaları - təhsil və təşviq” (“EU approaches to nanomaterials - education and promotion-EUNANO”) adlı layihənin müddəti 36 aydır. Layihə çərçivəsində 2 yeni fənnin tədrisi nəzərdə tutulur. Layihənin əsas məqsədləri BDU-nun nanomaterialların sintezi, tədqiqi və tətbiqi istiqamətində tədris proqramının zənginləşdirilməsi, tələbələrinin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, Azərbaycanda nanomaterialların təhlükəsizliyi məsələlərində Aİ-nin tənzimləmələri barədə məlumatlılığın artırılması və iki fənn üzrə tədris materiallarının hazırlanmasından ibarətdir. 

 

Nanomaterialların istehsal texnologiyaları, tətbiqi sürətlə inkişaf etdirilir, katalizatorlar, elektronika, günəş panelləri, batareyalar, sensorlar və müxtəlif dərman maddələri daxil olmaqla, bir çox innovativ tətbiqlərdə istifadə edilir. Bu, bəzi nanomaterialların insanlar və ətraf mühit üçün yeni risklər yarada biləcəyi ilə bağlı narahatlıq doğurur. Avropa İttifaqında nanomateriallar üçün müxtəlif tənzimləyici qanunlar və nanomaterialların istifadəsini tənzimləyən müddəalar mövcuddur. Nanomateriallar həm tədqiqatda, həm də sənayedə geniş istifadə olunduqda yarada biləcəyi risk və təhlükələr, habelə onların qarşısının alınması yolları, qaydalar, strategiyalar və siyasətlər haqqında biliyə malik mütəxəssislərə ehtiyac yaranır. Layihə bu boşluğun aradan qaldırılmasına, nanomateriallar sahəsində bilik və bacarıqların artırılmasına, insan sağlamlığına və ətraf mühitə dəyən zərərin azaldılmasına yönəlib.