Azərbaycan Tibb Universitetində (ATU) magistratura təhsil pilləsində keçirilən yay imtahan sessiyası başa çatıb. Proses zamanı 5 əsas (Əczaçılıq, Klinik (Tibbi) psixologiya, Menecment (səhiyyə sahəsi üzrə), Mikrobiologiya və Biokimya) ixtisas olmaqla, 5 alt ixtisaslaşma (Əczaçılıq kimyası, Farmakoqnoziya, Toksikoloji kimya, Əczaçılıq texnologiyası, Əczaçılığın təşkili) üzrə I kurslarda toplam 55 fəndən imtahanlar keçirilib.

 

Magistrantlar yay sessiyasında “Toksikoloji kimya” ixtisası üzrə Bitki və heyvan mənşəli maddələrin kimyəvi-toksikoloji analizi, Кsenobiotiklərin metabolizm reaksiyaları, Əczaçılığın tarixi və metodologiyası (test), Sintetik üzvi zəhərli maddələrin kimyəvi-toksikoloji analizi, Analitik kimya, Qeyri-üzvi zəhərli maddələrin kimyəvi-toksikoloji analizi fənlərindən imtahan veriblər.

 

“Əczaçılıq texnologiyası” ixtisası üzrə imtahanlar Biotexnologiya, Fitopreparatların texnologiyası, Əczaçılığın tarixi və metodologiyası (test), Homeopatik preparatların texnologiyası, Əczaçılıq bioetikası, Müalicəvi kosmetoloji dərman vasitələri fənlərindən keçirilib.

 

Rezidentura və magistratura şöbəsinin müdir müavini baş müəllim Əfsanə Məmmədovanın verdiyi məlumata görə, “Klinik (tibbi) psixologiya” ixtisası üzrə magistrantlar Asılılıq psixologiyası, Statistikanın əsasları, Psixoloji müayinənin əsasları: konsultasiya, diaqnostika, hesabatın tərtibi, Koqnitiv psixologiya, Psixopatologiya və Psixi pozuntular fənlərindən imtahan edilib.

 

“Menecment” (səhiyyə sahəsi üzrə) ixtisası üzrə imtahanlar 9 fənni - Səhiyyə müəssisələrində risklərin idarəolunması, Tədqiqat işinin aparılması, Səhiyyə xidmətlərinin təşkili və idarəolunması, Təşkilati davranış, Səhiyyədə marketinq, Tibbi sığorta, Səhiyyə qanunvericiliyi, Səhiyyədə insan resurslarının idarəolunması və Ekoloji sağlamlığa giriş fənlərini əhatə edib.

 

“Biokimya” ixtisası üzrə imtahanlar da 9 fənn üzrə aparılıb. Bu ixtisas qrupuna Zülal və nukleoproteinlərin metabolizmi, Oksidativ stress və antioksidantlar, Vitaminlər və mikroelementlər, Enzimologiya, Apoptoz və biomarkerlər, Biokimyəvi tədqiqat üsulları, Biokimyəvi tənzim mexanizmləri, Reseptorlar və hüceyrələrarası münasibət, Membranologiya və nəqlolunma sistemləri fənləri daxildir.

 

Yay sessiyasında magistrantlar “Mikrobiologiya” ixtisasından 5 fənn - Klinik mikrobiologiya, Bakteriologiya, Tibbi parazitologiya, Mikologiya, Virusologiya fənləri üzrə də imtahan sınağından keçiblər.

 

İxtisaslar üzrə əsas fənlərdən imtahanlar ənənəvi (bilet üzərindən) formatda müvafiq kafedralarda təşkil olunub. Yalnız “Əczaçılıq” ixtisası üzrə tədris olunan Əczaçılığın tarixi və metodologiyası fənnindən imtahan test üsulu ilə Virtual test mərkəzində reallaşıb.

 

Həmçinin magistratura təhsil pilləsində 2022-2023 tədris ilində II kursu bitirən 35 magistrant müvafiq ixtisaslaşdırılmış müdafiə şuralarında dissertasiya işlərini müdafiə edərək magistr dərəcəsinə layiq görülüblər. Onlardan 33 nəfər yerli, 2 nəfər əcnəbi vətəndaşdır.

 

Qeyd edək ki, 2023-cü il buraxılışında 16 nəfər “Əczaçılıq”, 9 nəfər “Klinik (tibbi) psixologiya”, 10 nəfər isə “Menecment” (səhiyyə sahəsi üzrə) ixtisasları üzrə məzun olublar. Məzunlardan 33 nəfər “Fərqlənmə”, 2 nəfər adi diplomla  magistratura pilləsini bitirib.