Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) haqqında növbəti maarifləndirmə tədbirləri Tovuz (Adil Qasımov adına tam orta məktəb), Şəmkir (Fərman Salmanov adına tam orta məktəb)  və Qazax (Səməd Vurğun adına 2 saylı məktəb) rayonlarında keçirilib.

 

Görüşlərdə BMU-İNHA İDP-yə 2023/2024-cü tədris ili üçün onlayn sənəd qəbulunun (5 iyun - 9 avqust) artıq başlandığı şagirdlərin nəzərinə çatdırılıb, həmçinin proqramın qəbul qaydaları, ixtisaslar, ixtisaslar üzrə qəbul kvotası, qəbul şərtləri, müraciət proseduru, tədris prosesi, proqram məzunlarının əldə edəcəyi imkanlar haqqında məlumat verilib.

 

BMU-İNHA İDP üzrə layihə rəhbəri Yang Hyunjin Koreya Respublikasında təhsil mühiti, proqram əsasında bu ölkədə “Yay məktəbi”nin təşkili, proqramın birgə icrasının üstünlükləri və s. haqda zəruri informasiyaları təqdim edib.

 

Sonra tədbirdə BMU-İNHA İDP ilə bağlı videoçarx nümayiş olunub. 

 

Şagirdlərin suallarının cavablandırılması ilə davam edən görüşdə

BMU-İNHA İDP-yə dair onlayn qeydiyyat prosesinə start verilldiyi,  qeydiyyat prosesi üçün son tarixin 9 avqust 2023-cü il saat 23:55 müəyyən edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir. BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 12-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 17-də açıqlanacaq.

 

O da vurğulanıb ki, ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavriat proqramına “İnformasiya texnologiyaları” ixtisası üzrə 35, “İnşaat mühəndisliyi” ixtisası üzrə 25, “Elektrik mühəndisliyi” ixtisası üzrə 28 və “Elektronika mühəndisliyi” ixtisası üzrə 35 nəfər olmaqla, ümumilikdə 123 nəfərin qəbulu nəzərdə tutulur. Proqramla bağlı ətraflı məlumatı elandan əldə etmək mümkümdür.

 

Görüşün sonunda iştirakçılara proqramla əlaqədar məlumat kitabçaları paylanılıb.