Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Nəticələr Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdirilib.

 

Qurumdan bildirilib ki, qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc ediləcək.

 

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 17359 bakalavrdan 13286 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5981 nəfər dövlət sifarişi, 7305 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 9745 nəfər ali təhsil müəssisələrinin cari, 3541 nəfər isə əvvəlki illərin məzunudur.

 

Magistraturaya qəbul olmuş şəxslər 2023-cü il 21 iyul saat 11:00-dan  31 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

 

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

 

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı Mərkəz tərəfindən elan olunacaq.