Azərbaycan Texniki Universitetində (AzTU) yerləşən Universitet-sənaye işbirliyi mərkəzində İKT sahəsində ixtisaslaşmış şirkətlər ilə görüş keçirilib. Görüşün məqsədi universitet-sənaye tərəfdaşlığının gücləndirilməsi istiqamətində dialoqun qurulması, həmçinin sənaye nümayəndələrinin Təhsilin İnkişafı Fondu (TİF) və “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə təsis olunan “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı haqqında məlumatların çatdırılması olub.    

 

Tədbirdə açılış nitqi ilə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev “Universitet-sənaye işbirliyi və informasiya texnologiyaları” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, universitet-sənaye işbirliyinin inkişafı sahibkarlıq universiteti modelinin formalaşdırılması üçün imkan yaradır:”Bu işbirliyində informasiya texnologiyaları sektorunun inkişafı da mühüm amildir. Bunun üçün öyrətmə prosesi kamil olmalı, universitet-sənaye işbirliyini dəstəkləyən innovasiya ekosistemi yaradılmalı, mühəndislik istiqamətində həyata keçirilən tədris prosesi proqram təminatı vasitəsilə aparılmalı, İT təşkilat və şirkətləri ilə əməkdaşlıq qurulmalıdır”.

 

Daha sonra çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, müasir işəgötürənin tələblərinə cavab verən gənclərin yetişdirilməsində, həmçinin önəmli tədqiqat işlərinin aparılmasında sənaye nümayəndələrinin iştirakının vacib rol oynadığını deyib:”Universitet-sənaye işbirliyinin başlıca hədəflərindən biri insan kapitalının inkişafıdır. Bu əməkdaşlıq həm tərəfdaş müəssisələrin mövcud heyətinin, həm də iş həyatında ilk addımlarını atan tələbələrin təlimləndirilməsinə və təcrübə qazanmasına dəstək ola bilər. Ən mühim dəyər isə yaranacaq innovativ ideyaların məhsullara və xidmətlərə çevrilə bilməsidir”.

 

Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov “Accenture” beynəlxalq konsaltinq şirkətinin araşdırmaları ilə bağlı maraqlı məlumatı görüş iştirakçıları ilə bölüşüb. Şirkət, dünyada qızların İKT sahəsinə marağının az olması səbəblərini araşdırıb. Birinci səbəb İT və STEM sahəsinin kreativliyinin az olması, ikinci səbəb isə İT sahəsində müəllimlərin 70 faizinin kişilərdən ibarət olmasıdır. Bu stereotip təhsilalanlara 4-cü sinifdən sonra təsir etməyə başlayır. V.Xanlarov bu məsələnin həllini İT təhsilinin kütləvi və hər kəsə əlçatan olmasında gördüyünü vurğulayıb.

 

“Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri Leyla Seyidzadə bildirib ki, təşkilat Azərbaycan daxil olmaqla, 50-dən çox ölkədə qadınların İKT sahəsində təşəbbüslərinin reallaşmasına dəstək göstərir, lakin bənzər təqaüd proqramları çox az ölkədə var:”Bu cür proqramların olması ölkəmizin imici üçün də vacibdir”. L.Seyidzadə təqaüd proqramının şərtləri barədə ətraflı məlumat verib. Bildirib ki, əsas məqsəd qadınların İnformasiya texnologiyaları və Yüksək texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması, cəmiyyətdə müvafiq olaraq öz rollarını tuta bilmələri məqsədilə onlara bu sahədə təqaüdlərin ayrılmasıdır:”Təqaüd fiziki və hüquqi şəxslər tərəfindən sözügedən layihəyə köçürülmüş ianələr, qrantlar və ya digər daxilolmalar hesabına ayrılacaq. Proqramda iştirak üçün Azərbaycan vətəndaşı olan 15 – 40 yaş aralığında qadınlar müraciət edə bilər”.

 

Sənaye və biznes nümayəndələri tədbirdə fəal iştirak ediblər. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müşaviri Zaur Ələkbərov, “Edumedia Azərbaycan” MMC-nin rəhbəri Orxan Abbasov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, “Azerbaijan Global IT Technology” şirkətinin icraçı direktoru Rəşad Əhmədov, “CAE” MMC-in rəhbəri Rahim Xasıyev, “BestComp Group” MMC-nin İnsan resursları şöbəsinin rəhbəri Fuad Qənbərov və digər nümayəndələr bir sıra maraqlı suallar və təkliflər səsləndiriblər.

 

Sonda Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov universitet-sənaye işbirliyi çərçivəsində dövlət-özəl təşkilatlar arasında dialoqun və tərəfdaşlığın davamlı şəkildə aparılmasının vacibliyini vurğulayıb, bütün iştirakçılara təşəkkürünü bildirib.