İnsan haqları üzrə fəallar isə sülh carçısı kimi laureatdırlar


Oktyabrın 8-də İsveçin paytaxtı Osloda 2018-ci ilin iqtisadiyyat sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb.  İsveç Kral Elmlər Akademiyasının qərarı ilə iqtisadiyyat üzrə 50-ci yubiley mükafatına amerikalı alimlər Uilyam Nordhaus və Pol Romer layiq görülüblər.  U.Nordhaus iqtisadi təhlildə iqlim dəyişiklikləri problemlərinin tətbiqi,  P.Romer isə iqtisadi böyümənin səbəblərinin  tədqiqi ilə məşğul olub.  U.Nordhausun  maraq  sferası iqtisadi proseslərin təbiətə təsiri ilə bağlıdır,  o, “təbii kapital” nəzərə alınmaqla iqtisadi rifahın hesablanması modellərini tədqiq edir.  .Romer  isə yeni iqtisadi artım nəzəriyyəsinin əsas banilərindən biri hesab olunur.  “Alimlər dövrümüzün ən fundamental və təxirəsalınmaz  problemlərinin öyrənilməsi metodlarını hazırlayıblar, eləcə də  dünya iqtisadiyyatının  və əhalinin rifah halının uzun sürən davamlı inkişafını öyrəniblər”, - deyə İsveç  Kral Elmlər Akademiyasının açıqlamasında qeyd olunur. İqtisadiyyat üzrə Nobel mükafatı iqtisad elmləri sahəsində ən nüfuzlu mükafat hesab olunur.  İsveç bankının 300 illiyi münasibətilə təsis olunmuş bu mükafat ilk dəfə 1969-cu ildə verilib. Xatırladaq ki, oktyabrın 5-də  Nobel Mükafatları Komitəsi  tərəfindən  2018-ci il üzrə Nobel Sülh mükafatı laureatlarının adları elan olunub.  Sülh  mükafatına bu il  insan haqları üzrə fəallar, ixtisasca həkim olan  Deni  Mukveqe (Konqo Respublikası) və 2016-cı ildə 23 yaşında  BMT-nin sülhməramlı elçisi seçilmiş Nadiya Murad  layiq görülüblər.  Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen  təqdimat zamanı qeyd edib ki, Deni Mukveqe və Nadiya Murad cinsi zorakılığın döyüş silahı kimi qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə bu mükafatı alıblar.

 

Sülh üzrə laureatlar

 

Deni Mukveqe (Denis Mukwege) 1 mart 1955-ci il tarixində Belçika Konqosunun Bukavu qəsəbəsində anadan olub.  Əsasən Pançi şəhərində yerləşən hospitalın təsisçisi və direktoru kimi tanınır.  Hospitalda Konqoda üsyançılarla münaqişə gedişində cinsi zorakılığın qurbanı  olmuş qadınlara tibbi yardımlar göstərilib.  Münaqişə zamanı hospitalda  18 iş saatı ərzində  mindən artıq qadına cərrahiyyə əməliyyatı yardımı göstərilib.  2008-ci ildə  insan haqları üzrə BMT, 2009-cu ildə Ulof  Palme və digər mükafatlara layiq görülüb. 2013-cü ildə Fəxri legionerlər  ordeni medalı ilə təltif olunub.   2014-cü ildə Avropa İttifaq tərəfindən Nobel mükafatına namizədliyi irəli sürülüb. ABŞ Milli Tibb Akademiyasının xarici üzvüdür. 

 

 

Nadiya Murad   (Nadia Murad)  1993-cü ildə İraqın şimalındakı Suncar şəhəri yaxınlığındakı Koço qəsəbəsində  anadan olub. Yerli məktəbdə təhsil alıb. Arzusu tarix müəllimi olmaq olub. İraq hüquq müdafiəçisidir. 2016-cı ildən  BMT-nin narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsinin xoşməramlı elçisidir.  Elə həmin il insan haqları üzrə Vaslav Qavel mükafatına layiq görülüb.

 

25 yaşlı  hüquq müdafiəçisi 2016-cı ildə “Times”  jurnalı tərəfindən dünyanın 100  ən nüfuzlu şəxsləri siyahısına daxil edilib.  2016-cı ildə İraq hökuməti   ölkə ərazisində qadınlara qarşı təhlükəli vəziyyət  haqqında informasiyaları  dünya ictimaiyyətinə çatdırdığına görə onun Nobel mükafatına  namizədliyini  irəli sürüb.   “İŞİD”lə mübarizəyə həsr etdiyi “Sonuncu qız” kitabının müəllifidir.

 

İqtisadiyyat üzrə laureatlar

 

Uilyam Nordhaus (William D.Nordhaus) 31 may 1941-ci il tarixində  ABŞ-ın Nyu-Meksika ştatındakı Albekerk şəhərində anadan olub. Amerika iqtisadçısıdır. 1963-cü ildə  Yel Universitetinin bakalavr səviyyəsini bitirib. 1967-ci ildə Massaçusets Texnologiya İnstitutunun  fəlsəfə doktoru elmi dərəcəsini alıb.  1967-ci ildən Yel Universitetində (1973-cü ildən professor) çalışır. 2004-cü ildən Amerika İqtisadiyyat Assosiasiyasının fəxri üzvü, 2014-cü ildən isə prezidentidir. 1986-1988-ci illərdə Yel Universitetinin prorektoru,  1992-1993-cü illərdə maliyyə  və universitet administrasiyası üzrə vitse-prezidenti vəzifələrində çalışıb. U.Nordhaus  elmi karyerası dövründə çox uğurlar qazanıb. ABŞ Milli Elmlər Akademiyasının və  iqtisadi fəaliyyət üzrə Brukinqsa komissiyasının fəxri, sabiq prezident Cimmi  Karter (1977-1979) dönəmində isə iqtisadi məsləhətçilər şurasının üzvü olub.  O, həmçinin 1999-cu ildən  İsveç Mühəndislik Elmləri Kra Akademiyasının xarici üzvü seçilib. Alim bir çox kitabların, eləcə də  iqtisadiyyat üzrə  Nobel mükafatı laureatı Pol Samuelsin redaktəsi ilə çap olunmuş “Economics: An Introductory Analysis”  kitabının həmmüəllifidir.  Bu kitab 19 dəfə nəşr edilib və dünyanın 17 dilinə tərcümə olunub.  U.Nordhaus qlobal istiləşmə və iqlim dəyişikliyi haqqında da  bir neçə kitab yazıb. Bu mövzular, eləcə də ümumi rifahın idarə olunması məsələləri onun elmi tədqiqatlarının əsas mövzularıdır.

 

Pol Maykl Romer (Paul Michael Romer)  7 noyabr 1955-ci il tarixində  ABŞ-ın  Kolorado ştatı, Denver şəhərində anadan olub.  Amerika iqtisadçısıdır. 1977-ci ildə  Çikaqo Universitetinin  riyaziyyat ixtisası üzrə bakalavr səviyyəsini bitirib. 1983-cü ildə həmin ali məktəbin iqtisadiyyat  sahəsində fəlsəfə doktoru elmi adını alıb. Kaliforniya Berkli, Stenford və Nyu-York  universitetlərində professor  . Massaçusets Texnologiya İnstitutunda iqtisadiyyat, riyaziyyat və fizikadan dərslər deyib.  Nyu-York Universiteti yanında  Merron  şəhər təsərrüfatının idarə edilməsi İnstitutunun direktoru, iqtisadi tədqiqatların Milli bürosunun elmi işçisi olub. 

 

18 iyul 2016-cı il tarixində Ümumdünya Bankının prezidenti Cim Yon Kim tərəfindən  bankın rəhbər-iqtisadçısı təyin olunub. .Romer rəsmən 2016-cı ilin oktyabrında  vəzifəsinin icrasına başlayıb. 2018-ci ilin yanvarında  Ümumdünya ankının əməkdaşları ilə yaranmış  münaqişəyə görə istefa verib. Kolorado ştatının sabiq qubernator Roy Romerin oğludur.  2002-ci ildə Rektenvald  mükafatına layiq görülüb.  İqtisadi  Errou-Romer modelinin həmmüəllifidir.  Hazırda   Nyu-York Universiteti biznes məktəbinin iqtisadiyyat professorudur.

 

Məlum olduğu kimi,  İsveç Elmlər Akademiyası bu il ədəbiyyat üzrə  mükafatın təqdim olunmasını təxirə salıb.  Mükafat 2019-cu ildə veriləcək. Hazırda mükafatın fondu 1,12  milyon ABŞ dolları (9 milyon İsveç kronu) təşkil edir.

 

Qeyd edək ki, mükafatın təqdim edilməsi mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred  Nobelin anım günündə keçirilir. Fizika, kimya, fiziologiya və təbabət,  iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı, sülhün qorunması sahəsində mükafat isə Osloda Norveç Kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.

 

Oruc MUSTAFAYEV