Alimlərimiz üçün yeni imkan və perspektivlər açılır


Məlumdur ki, qloballaşma  dövründə elmi biliklərin  rolunun artması innovasiyaəsaslı təlim texnologiyalarının ali təhsil müəssisələrində tətbiqinin genişlənməsi və universitetlərin elmi-tədqiqat statusunun möhkəmlənməsi ilə müşayiət olunmaqdadır. Ötən həftə Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi və dünyanın aparıcı şirkətlərindən biri olan “Clarivate Analytics” şirkəti arasında əməkdaşlığa dair müqavilənin imzalanması ölkəmizin təhsil və elm müəssisələrində çalışan alimlərimizin elmi-tədqiqatçılıq fəaliyyətinin daha səmərəli təşkili və dünya elmmetrik bazalarına çıxışın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

 

İmzalanma mərasimində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sədri Ülkər Səttarova, “Clarivate Analytics” şirkətinin vitse-prezidenti Stephen Hawthorne iştirak ediblər.   Müqaviləyə əsasən, ilk dəfə olaraq Azərbaycanın yerli ali təhsil müəssisələri və eləcə də elmi tədqiqat institutları üçün  “Web of Science” elmmetrik bazasına çıxış imkanı yaradılacaq.

 

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli qeyd edib ki, mərasim ölkəmizin yenidən beynəlxalq elmmetrik bazalara çıxışının təmin edilməsi ilə bağlı yeni bir layihənin imzalanmasına həsr olunub. O, diqqətə çatdırıb ki, bir müddət əvvəl Elm və Təhsil Nazirliyi ilə başqa bir elmmetrik şirkət (Elsevıer) arasında böyük bir sənəd imzalanmışdır. Bu gün isə artıq dünyanın ən böyük elmmetrik şirkətlərindən biri olan “Clarivate Analytics” elmi bazasına, “Web of Science”-ə çıxışla bağlı Elm və Təhsil Nazirliyi tərəfindən yeni müqavilə imzalanır. Nazir müşaviri əlavə edib ki, bu müqavilə nəticəsində ölkəmizdəki özəl və ya dövlət qurumları olmalarından asılı olmayaraq bütün ali təhsil müəssisələri, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, eləcə də müxtəlif nazirliklərin nəzdində olan elmi tədqiqat institutlarımızın hamısı “Web of Science”-a və “Clarivate Analytics” elmi bazasına və şirkətin təklif etdiyi digər alətlərə çıxış əldə etmiş olacaqlar.

 

Çox gözəl platforma, yeni imkanlar

 

Nicat Məmmədli əlavə edib ki, bu müqavilə təhsil və elm müəssisələrimiz, alimlərimiz üçün çox gözəl platformadır və yeni imkanlar yaradır: “ Dünyada indiyə qədər mövcud olan və hazırda nəşr edilən elmi araşdırmalara çıxış əldə olunur, bu, həm də Elm və Təhsil Nazirliyinin təşəbbüsü olaraq həyata keçirilir və bizim ali təhsil, elm müəssisələrimiz heç bir ödəniş etmədən öz əməkdaşlarına adıçəkilən bazaya çıxışı çox rahat şəkildə  təmin edə biləcəklər. Nəzərə almaq lazımdır ki, bu paltformalarda iştirak, bu müqavilə bizə həm də o imkanı verəcək ki, bizim alimlərimiz  “Clarivate Anallytics” şirkətinin həyata keçirdiyi çoxsaylı seminarlada iştirak edə biləcəklər. Bu seminarlar da alimlərimizə çox yaxşı imkanlar yarada bilər ki, onlar bu platformalardan rahat istifadə edə bilsinlər”.

 

N.Məmmədli qeyd edib ki, bizim əvvəlki müqavilədə adları olmayan  yeni tədqiqat müəssisələrimiz var ki, onlar əvvəllər bu bazadan istifadə etməyiblər. Onların profilləri belə bu bazalarda mövcud deyil. Bundan sonra isə Azərbaycanda fəaliyyət göstərən bütün tədqiqat institutlarının, eyni zamanda ali təhsil müəssisələrimizin, həmçinin bu qurumların alimlərinin də ayrı-ayrı profilləri olacaq. Onlar artıq özlərinə aid olan bütün məqalələri, nəşrləri və s. çox rahat şəkildə indeksləşdirə biləcəklər.

 

N.Məmmədli əlavə edib ki,  bu, bir daha Azərbaycanın həm nəşr aktivliyinin, həm də görünənliyinin artmasına xidmət edəcək: “Nəzərə almaq lazımdır ki, görünənliyin artması bizə həm də beynəlxalq  sahədə əməkdaşlığımızı genişləndirməyə, alimlərimizin  bir-birlərini daha yaxşı görə bilmələrinə imkan yaradacaq. Məsələn, dünyada hansısa bir sahədə məqalə yazan, tədqiqat aparan, hansısa layihədə iştirak edən alimlər varsa, onlar həmçinin azərbaycanlı tərəfdaşlarını və əksinə, tapa bilərlər”.

 

Beynəlxalq əməkdaşlıq çərçivəsində aparılan tədqiqatların, yazılan nəşrlərin daha çox istinad sayı aldığını bildirən N.Məmmədli əlavə edib ki, “bu, həm də getdikcə elmi məqalələrin keyfiyyətinin, istinadların sayının artmasına, nəticədə ölkəmizin, alimlərimizin Hirş indeksinin yüksəlməsinə və s. digər çox yaxşı nəticələrin əldə olunmasına səbəb olur. Buna görə də biz əminik ki, bu müqavilənin bizim üçün böyük əhəmiyyəti olacaq”. 

 

Azərbaycan məqalə sayına görə liderliyini qoruyub saxlayır

 

“Clarivate Analytics” şirkətinin vitse-prezidenti Stephen Hawthorne təmsil etdiyi qurumla Azərbaycan arasında ilk müqavilənin 2015-ci ildə imzalandığını diqqətə çatdırıb və qeyd edib ki, o dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda məqalə sayına görə geridə qalmışdı. Lakin “Clarivate Analytics” şirkəti ilə müvafiq müqavilənin imzalanmasından 2-3 il sonra Azərbaycan məqalə sayına görə bütün Cənubi Qafqaz ölkələrini üstələyib. Məqalələrin keyfiyyətinə də maraq artmağa başlayıb. Nəzərə almaq lazımdır ki, bu günə kimi Azərbaycan “Web of Science”  bazasında məqalə sayına görə liderliyini qoruyub saxlayır.

 

Elmimiz və təhsilimiz yeni bir pilləyə qalxacaq

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin  sədri Ülkər Səttarova müqavilənin əhəmiyyəti və ölkəmizə, elm və təhsil müəssisələrimizə, alimlərimizə verəcəyi üstünlüklər barədə məlumat verib. Ü. Səttarova “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığın elm və təhsilə verəcəyi töhfəni xüsusi vurğulayaraq ölkəmizə aid elmi nəticələrin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına təkan verəcəyini qeyd edib: “Bu gün imzaladığımız müqavilə həqiqətən də həm Azərbaycanın ali təhsil, həm də elmi- tədqiqat müəssisələrinin inkişafı  və orada çalışan alimlərin öz məqalələrini, öz işlərini daha nüfuzlu, impakt faktoru yüksək olan jurnallarda çap etdirmək üçün çox önəmli və vacib sənəddir”.

 

Ü.Səttarova əlavə edib  ki, burada iki istiqamət var. “İstiqamətlərdən biri odur ki, alimlərimizin öz sahələrinə aid olan aktual elmi məqalələrlə tanış olmalarına, eləcə də həmin elmi işlərə istinad vermək imkanı yaradılır. Qeyd etmək lazımdır ki, elmin bir çox sahələri kifayət qədər dar sahələrdir və bu cür elmi metrik bazalara çıxış məhdud olduğu halda yeni məqalələrlə tanış olmaq çox çətindir. Bu da həqiqətən də öz mənfi təsirini göstərir. Bu, məqalələrin sayı, keyfiyyəti  və onlara olan istinadla bağlıdır. Çünki bizim alimlər bu məqalələrlə yaxından tanış olmalıdırlar, onlara istinad verməlidirlər. Yeni müqavilə istinad mədəniyyətini bir az başqa səviyyəyə qaldırmağa imkan və  fürsət yaradacaq. Eyni zamanda da başqa ölkələrdən olan alimlərə şərait yaradacaq ki, onlar da bizim alimlərimizin elmi işləri ilə yaxından tanış olsun. Bu imkan yalnız Elm və Təhsil Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən qurumlara yox, bütün qurumlara yaradılır. Bu da o deməkdir ki, bizim elmi cəmiyyətimiz üçün bir çox məsələlər və keyfiyyətli nəşrlərə əlçatanlıq artır. Düşünürəm ki, bu, həqiqətən də bizə çox lazımdır”.

 

Ü.Səttarova qeyd edib ki, bu müqavilə yalnız elmimizə yox, ümumiyyətlə, ali təhsilimizə və təhsil sisteminə, şübhəsiz ki, böyük töhfə verəcəkdir: “Çünki əgər biz ali təhsil müəssisəsindən danışırıqsa, orada elmin səviyyəsi o ali məktəbin səviyyəsi deməkdir. Yəni orada elmi səviyyə aşağıdırsa, orada çalışan əməkdaşlar yaxşı jurnallarda məqalələr çap etdirə bilmirlərsə, bu, çox acınacaqlı bir vəziyyətdir. Ona görə bu, çox önəmli bir məsələdir”.

 

Beynəlxalq şirkətlə əməkdaşlığın  və imzalanmış müqavilənin universitetlərimizin  qlobal reytinqlərdəki mövqeyinə də yaxşı təsir göstərəcəyinə əminliyini ifadə edən  TKTA  sədri əlavə edib ki,  burada bizim yeni analitik imkanlarımız yaranır. “Həm Elm və Təhsil Nazirliyinin, həm də  TKTA-nın əməkdaşlarına yeni  imkanlar  yaradılır ki, onlar belə elmi aktivliyi ölçülə bilən meyarlar əsasında müşahidə etsinlər. Ümumiyyətlə, elmi aktivlik nə qədərdir,  nə səviyyədə elmi  işlər dərc olunur, alimlər nə səviyyədə araşdırma ilə məşğul olur - bunları analiz etməyə imkan yaradılıb və bu təhlillər nəticəsində müəyyən ehtiyac duyulan qərarların qəbulu üçün əslində yaxşı bir platformadır. Müqavilə bizə  elmi tədqiqat institutlarında və ali təhsil müəssisələrində olan elmi aktivliyi müşahidə və analiz etməyə imkan verir”.

 

Ü.Səttarova bildirib ki, biz bu imkandan yararlanacaq, verilənlərin adekvat təhlili və onların əsasında müəyyən təkliflərin  verilməsi və müəyyən qərarların  qəbul olunmasına çalışacaqlar. Dünyanın nüfuzlu şirkəti ilə çox mühüm sənədin imzalanmasında Elm və Təhsil Nazirliyinin, şəxsən nazir Emin Əmrullayevin rolunu yüksək qiymətləndirən      Ü.Səttarova artıq alimlərimizin elmi bazalara çıxışının təmin olunması üzrə ikinci müqavilənin imzalandığını bildirib: “Hər iki şirkət dünyada çox tanınmış, nüfuzlu elmmetrik bazalardır və bizim alimlərimizin çıxış imkanlarının artırılması üçündür. Onu da qeyd etmək istəyirəm ki, bu vaxta qədər məhdudiyyətlər elmi bazalara çıxışın ödənişli olması ilə əlaqədar idi. Ona görə bir daha bütün həmkarlara təşəkkürümü bildirmək istəyirəm ki, uzun müzakirələrdən və proseslərdən sonra nəhayət ki, biz bunu imzalayırıq və bizim alimlərimiz ödənişsiz əsaslarda bu platformalardan istifadə edərək bəhrələnə biləcəklər. Əminəm ki, hər iki müqavilənin imzalanması nəticəsində  elmimiz və təhsilimiz yeni bir pilləyə qalxacaq”.

 

Oruc MUSTAFAYEV