15-21 iyul tarixlərində İsveçin Lund şəhərində keçirilən Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI 2023) məktəblilərimiz növbəti uğur qazanıblar. Belə ki, 52 ölkədən 189 şagirdin qatıldığı beynəlxalq müsabiqədə Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Hüseynova qızıl medal, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva isə gümüş medal əldə ediblər.

Sözügedən olimpiadanın keçirilməsində məqsəd informatika fənni və kompüter elmlərinə qızların marağının artırılması, həmçinin onların informasiya texnologiyaları sahəsinə cəlb olunmaqla mütəxəssis kimi yetişdirilməsidir.

Qeyd edək ki, 2017-ci ildən  müxtəlifmiqyaslı beynəlxalq informatika olimpiadalarında iştirak edən məktəblilərimiz 3 qızıl, 14 gümüş və 36 bürünc olmaqla ümumilikdə 53 medal əldə ediblər.