Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin rəhbərlik ediyi nümayəndə heyəti Azərbaycan Texnologiya Universitetində (UTECA) olub.

 

Nümayəndə heyəti əvvəlcə UTECA-nın rektoru vəzifəsini icra edən dosent Yaşar Ömərovla görüşüb. Görüş zamanı 20 iyul 2023-cü il tarixində imzalanmış memorandumun icrası, eləcə də əməkdaşlığın genişləndirilməsi  məsələləri müzakirə edilib.

 

Daha sonra nümayəndə heyəti tələbələrlə görüşüb. Təqdimat zamanı dosent Yaşar Ömərov tələbələrə bildirib ki, Dövlət Məşğulluq Agentliyi ilə qurulan əlaqələr UTECA məzunlarının, eləcə də tələbələrin gələcəkdə iş əlçatanlığının təmin edilməsinə, karyera inkişafını daim diqqətdə saxlamağa hesablanıb. 

 

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli əmək bazarının mahiyyətindən və vətəndaşların məşğulluğu ilə bağlı tələblərdən, ixtisasla yanaşı, peşə bacarıqlarına yiyələnməyin vacibliyindən danışıb. Sədr 10 universitetin müvafiq məlumatlarının əks olunduğu “Məzunların məşğulluq reytinqi” portalı barədə məlumat verib. Bildirib ki, portalda tezliklə UTECA məzunlarının bazası da əks olunacaq və portal real vaxt rejimində universitet məzunlarının əmək bazarına giriş müddətini, hansı əməkhaqqı ilə işlədiyini, öz ixtisasları üzrə işləyib-işləmədiyini, eləcə də 20-yə yaxın digər meyar üzrə reytinqini müəyyən edəcək. Peşələr atlası sistemi barədə də məlumat verən sədr universitetdə yaradılan yeni Karyera Mərkəzinin fəaliyyətinə dəstək göstəriləcəyini qeyd edib.

 

Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.