Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən təcrübəli pedaqoq, tarixçi-müəllim, tədqiqatçı, şair-jurnalist Təranə Cəbiyevanın doğum günü nünasibətilə “Təranə Cəbiyeva” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, T.Cəbiyevanın müəllifi olduğu kitab və məqalələr nümayiş olunur.


Qeyd edək ki, T.Cəbiyeva 1968-ci il iyulun 21-də Bakı şəhərində anadan olub. 1988-1994-cü illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fakültəsində, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda tarix fənni üzrə təhsil alıb.


Tələbəlik illərindən başlayaraq pedaqoji əmək fəaliyyətinə başlayıb. 2001-ci ildən, eyni zamanda “Şərqin səsi” qəzetinin redaksiyası ilə əməkdaşlıq edib. Elə o vaxtdan da elmi, bədii və publisistik yaradıcılığı daha da çiçəklənib. “Şərqin səsi” qəzetinin şöbə müdiri, “Elm və Təhsil” qəzetinin redaktor müavini vəzifəsinə irəli çəkilib.


Bir-birinin ardınca “Abdulla Şaiq”, “Həsən bəy Zərdabi”, “Qızıl Qələm”, “Vicdanlı Qələm” və bir sıra başqa mükafatlara layiq görülüb. Azərbaycan Respublikası “Təhsil” Mərkəzi tərəfindən “XXI Əsrin Ziyalısı” Fəxri mükafatı ilə təltif olunub. Dövri mətbuatda müntəzəm olaraq jurnalist, publisist, tarixçi kimi çıxış edib, Azərbaycanın maddi-mədəniyyət abidələri, Bakı kəndlərinin qədim tarixi, milli təhsilimizin problemləri, qabaqcıl pedaqoqlar, incəsənət, mədəniyyət xadimləri haqqında 1000-ə qədər məqaləsi çap olunub. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinə üzvdür.

 

Virtual sərgi ilə http://anl.az/el/vsb/Terane_Cebiyeva/index.htm ünvanından tanış olmaq mümkündür.