Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının (IDP) artıq üçüncü ili başa çatıb. 3+1 modeli əsasında qurulan proqrama əsasən, tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili - sonuncu kursu isə İNHA Universitetində təhsil almalıdırlar. BMU İNHA İDP-nin ilk qəbulu - 2020/2021-ci tədris ilinin 61 tələbəsi IV kurs üzrə təhsilini İNHA Universitetində davam etdirmək üçün 8-9 avqust tarixlərində Koreyaya yola düşəcək. Bununla əlaqədar BMU-nun rektoru professor Havar Məmmədov Koreyaya göndəriləcək tələbələrlə görüşüb.

 

Görüşdə Prezident İlham Əliyevin təhsil sahəsinin inkişafına diqqəti və davamlı dövlət qayğısından söz açan rektor ölkənin təhsil infrastrukturunun müasirləşdirilməsi, keyfiyyət göstəricilərinin daha da artırılması, yüksəkixtisaslı kadr hazırlığı, həmçinin ali təhsildə rəqabət mühitinin formalaşdırılması istiqamətində qəbul edilən mühüm qərarlar və icra olunan dövlət proqramlarından danışıb.

 

İkili diplom proqramlarının gənclərimizin dövlət vəsaiti hesabına aparıcı dövlətlərin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almasına xidmət etdiyini vurğulayan H.Məmmədov deyib ki, BMU-İNHA İDP-nin məzunları ən qabaqcıl elmi nailiyyətlər, innovativ təlim-tədris texnologiyalarının yaratdığı imkanlar hesabına mühəndislik sahəsində yeni nəsil mütəxəssislər kimi yetişərək, ölkəmizin inkişafına töhfə verəcəklər.

 

BMU-İNHA İDP-yə üstünlük verməklə, tələbələrin artıq gələcək parlaq həyatın başlanğıcına qədəm qoyduqlarını söyləyən rektor təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən 2 bakalavr diplomunun təqdim edilməsinin bir çox üstünlüklər yaratdığını nəzərə çatdırıb.

 

H.Məmmədov BMU-da təhsil müddətini müvəffəqiyyətlə başa vurduqlarına görə tələbələri bir daha təbrik edib, ölkəmizə bacarıqlı və peşəkar mütəxəssis kimi dönmələri istiqamətində tövsiyələrini verib, həmçinin onlara uğurlar arzulayıb.

 

Tədbirdə BMU-İNHA İDP-nin idarə edilməsi bölməsinin direktoru Humay Cəfərli, BMU-İNHA İDP üzrə layihə direktoru Yang Hyunjin da çıxış edərək, tələbələri lazımi təlimat və prosedurlarla bir daha tanış ediblər.

 

Qeyd edək ki, BMU İNHA İDP-nin ilk qəbul ilinin tələbələrinin mərhələli şəkildə iki qrup olaraq yola salınması nəzərdə tutulur.