Gənclərimizin uğur hekayələri ilə tanış olaq


Beynəlxalq Fizika (IPhO) olimpiadasında məktəblilərimiz uğur qazanıblar

 

Azərbaycan məktəblilərinin iyul ayında beynəlxalq bilik yarışmalarında qazandıqları medallar hər birimizi qürurlandırıb. Məlumat üçün bildirək ki, 10-17 iyul 2023-cü il tarixlərində Yaponiyanın Tokio şəhərində təşkil edilən 53-cü Beynəlxalq Fizika Olimpiadasında (IPhO) gənclərimiz ürəkaçan nəticələr əldə ediblər. Belə ki, komandamız 1 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. Beynəlxalq Fizika Olimpiadasında Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin məzunları Sadiq Sadıxzadə gümüş, Murad Abdulkərim bürünc, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunları Nicat Abbasov və Uğur Əzim bürünc medala, Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdi Murad İsmayılov həvəsləndirici mükafata layiq görülüblər. Olimpiada qaliblərimizin təəssüratlarını və gələcək hədəflərini öyrəndik, sevinclərinə şərik olduq.

 

“Təhsilimi London İmperial Kollecində davam etdirəcəyəm”

 

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin məzunu Sadiq Sadıxzadə: “Mənim fizika  fənninə  marağım  7-ci sinifdə oxuyarkən fizika müəllimim Orxan Məmmədovun sayəsində yaranıb. 8-ci sinifdə mən artıq Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlaşmağa başladım və müəllimim Seyran Səfərovdan dərslər aldım. Həmçinin uğurlu nəticəmə görə beynəlxalq fizika olimpiadaları üçün Azərbaycan komandasının təlimçisi Rəşadət Qədiməliyevə dərin təşəkkürümü bildirirəm. Biz Rəşadət müəllimdən xüsusi dərslər aldıq, məsləhətlərini dinlədik. Olimpiadanın təcrübi hissəsinə hazırlıq məqsədilə Türkiyənin İstanbul şəhərində yerləşən Bahçeşehir Fen ve Teknoloji Lisesində 10 gün təcrübə keçdik.

 

Yaponiyanın Tokio şəhərində keçirilən 53-cü Beynəlxalq Fizika Olimpiadasında iştirak mənim üçün həyatda böyük şans və təcrübə oldu. Müsabiqədə Nobel mükafatı almış 3 yapon fiziki iştirak edirdi. Mən 5 ildir ki, olimpiadalara hazırlaşıram və ilk vaxtlardan Azərbaycan bayrağı ilə səhnəyə çıxaraq medal almaq xəyalım olub. 53-cü Beynəlxalq Fizika Olimpiadasının bağlanış mərasimində səhnəyə çıxmağım mənim üçün xüsusi yadda qalan idi. 2010-cu ildən sonra Azərbaycana yenidən Beynəlxalq Fizika Olimpiadasından gümüş medal gətirmək və son 13 ilin ən yaxşı nəticəsini göstərən komandanın üzvü olmaq məni daha da çox qürurlandırdı.

 

Dünyanın bir çox ölkəsindən güclü komandalar iştirak edirdi. Onlar arasında Çin, Koreya, Rumıniya kimi çox güclü komandalarla həmsöhbət olduq, orada olimpiadaya hazırlıq prosesi barədə yeni məlumatlar əldə etdik. Gələcək təhsilimi mən Dövlət Proqramı çərçivəsində İngiltərədə London İmperial Kollecində (ICL) davam etdirəcəyəm. Seçdiyim ixtisas elektrik və elektronika mühəndisliyidir. Məqsədim fizika üzrə öyrəndiyim bilikləri mühəndisliklə tətbiq edərək xeyirli layihələrə imza atmaqdır”.

 

 

“Azərbaycanda sürücüsüz avtomobil şirkəti açmaq istəyirəm”

 

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Nicat Abbasov: “Beynəlxalq Fizika Olimpiadasına hazırlıq prosesi gərgin və maraqlı keçirdi. Bu il Türkiyədə keçirilən fizika düşərgəsində türk komandası ilə birlikdə çalışdığımız ərəfədə mən və komanda yoldaşlarım əsl disiplinin nə demək olduğunu öyrəndik.

 

Mənim ilk və ən böyük təlimçim anamın dediyi kimi: “İstirahət dərsdən sonra gözəldir”. Anamı ən böyük təlimçi kimi görməyimin səbəbi onun mənə riyaziyyat mövzularını çox gözəl anlatması idi. Müəllimlərim Könül Babayeva və Ülviyyə Teymurxanovadan dərs aldıqdan sonra fizikaya sonsuz sevgim yarandı. Bu sevgi Respublika Fənn Olimpiadasında medal qazanıb Rəşadət Qədiməliyevdən dərs almağıma səbəb oldu. Həmin dərslərdən sonra beynəlxalq olimpiadalardan sertifikat və medallar qazandım. Abdulla Bazarov, Famil Mustafayev, Xıdır Mikayılovla tanış olmağım və onlardan dərs almağım astrofizikaya marağımı artırdı və bu sahədə də sertifikat və medallar qazandım. Müəllimlərimə dərin minnətdarlığımı bildirirəm. Olimpiadalar sayəsində akademik nailiyyətlərdən əlavə bir çox gözəl təcrübələr əldə etdim və onlar mənim xarakterimin formalaşmasında böyük rol oynayıb.

 

53-cü Beynəlxalq Fizika Olimpiadasında ən güclü rəqib olan Çin, Koreya, Yaponiya iştirakçıları ilə söhbət edir, gözəl vaxt keçirirdik. Hərəsi 5 saat davam edən imtahan olduqca maraqlı və uğurlu oldu. Nəticədə medalı götürmək və bayrağımızı qaldırmaq üçün səhnəyə çıxmaq əziyyətimizin bəhrəsini görmək  demək idi. Bu isə çox qürurlandırır və məni inkişafa daha çox töhfə verməyə təşviq edir. Belə ki, növbəti il Koreya Qabaqcıl Elm və Texnologiya Universitetində (KAIST) təhsilimə başlayacağam. Hədəfim bir çox elmi araşdırmalarda iştirak etmək, şirkətlərdə çalışıb elektrik mühəndisliyi sahəsində təcrübə toplamaqdır. Sonra isə bu təcrübələr sayəsində Azərbaycanda sürücüsüz avtomobil şirkəti açmaq istəyirəm”.

 

“Medal boynumdan asıldığı zaman çox xoşbəxt idim”

 

 

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Uğur Əzim: “Beynəlxalq Fizika Olimpiadalarında keçirdiyim günlər zamanı ən yaxşı nəticə göstərmiş ölkələrin şagirdləri ilə ünsiyyətdə olduq və onlar bizə yüksək təchizatlı, təcrübə setləri ilə zəngin laboratoriyalarda keçdikləri hazırlıq prosesindən danışırdılar. Laboratoriya olmadan təcrübi imtahanlarda uğur qazanmaq çox çətindir. Beynəlxalq Fizika Olimpiadasında qazandığımız uğurda müəllimimiz Rəşadət Qədiməliyevin rolu böyükdür. Rəşadət müəllim dərsləri xoş əhvali-ruhiyyə yaradaraq keçir, anlaşılmayan, çətin mövzuları kreativ metodlarla başa salırdı. Olimpiadada ən güclü 3 ölkə Çin, Rusiya və Koreya komandaları idi. 53-cü Beynəlxalq Fizika Olimpiadasında şanlı bayrağımızı əllərimə alıb komanda yoldaşlarımla səhnəyə çıxdığım anda mənim də ölkəmizin göstəricilərində payımın olmasına görə çox sevincli idim. Medal boynumdan asıldığı zaman çox xoşbəxt idim. Olimpiada ərzində imtahan vermədiyimiz bütün günlərdə ya tədbirlərimiz olurdu, ya da Tokio şəhərinin görməli yerlərini gəzirdik. Dünyanın ən böyük şəhərlərindən biri olan Tokio müasirliyi və nizamlı quruluşu ilə göz qamaşdırırdı. Mən Türkiyənin Bilkent Universitetində “Mexanika mühəndisliyi” ixtisasına qəbul olunmuşam. Gələcək hədəfim uğurlu mexanika mühəndisi olub Azərbaycanda bu sahəyə önəmli töhfələr vermək, xəyallarımda olan layihələri gerçəkləşdirməkdir”.

 

 

 

 

“Vətənini şərəflə təmsil etmək böyük məsuliyyətdir”

 

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin məzunu Murad Abdulkərim: “Beynəlxalq olimpiadalara hazırlıq uzun bir prosesdir. Ən gec 9-cu sinifdən fizika olimpiadalarına hazırlaşırıq. Hazırlıq mərhələsi olimpiadalara hazırlaşmaq üçün təşkil edilən düşərgələrdə, həm də özümüz tərəfindən evdə baş tuturdu. Uzun yolun sonunda istədiyimizə nail olduq və medal qazandıq. Təbii ki, uğur qazanmağımızda müəllimlərimizin əməyi çox böyükdür. Heç şübhəsiz, əsas təşəkkür komanda rəhbərimiz və məşqçimiz Rəşadət Qədiməliyevə düşür. Həqiqətən də, həm mənəvi, həm olimpiadaya hazırlıq cəhətdən üzərimizdə əməyi son dərəcədə böyükdür. Tokio şəhərində keçirilən 53-cü Beynəlxalq Fizika Olimpiadası 2 turdan (təcrübi və nəzəri) ibarət idi. Xalımızın 40%-i təcrübi, 60%-i nəzəri turdan asılı idi. Təcrübi turun iki sualından birini 2014-cü il üzrə Nobel laureatı olmuş Hiroşi Amano hazırlamışdı. Ölkə olaraq 89 komanda arasında 29-cu yerə yiyələndik, bu, olduqca yaxşı nəticədir. Vətənini, məmləkətini şərəflə təmsil etmək böyük məsuliyyətdir və səhnədə bayrağını qaldırdığı anda insan iftixar hissi duyur. Tokio şəhərinin yapon memarlığından ibarət hissəsini və şinto məbədlərini çox bəyəndim, yapon incəsənətinə heyran oldum. Məqsədim təhsilimi Britaniyada qəbul olduğum London Universitet Kollecində (UCL) davam etdirib, Oksford və s. kimi universitetlərə keçməkdir”.

 

 

 

Lamiyə ƏLİMƏRDANOVA