Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2023-2024-cü tədris ili üçün bakalavr pilləsi üzrə qəbul imtahanı keçirilib.

 

UFAZ-dan bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş qəbul imtahanında I ixtisas qrupu üzrə 500 və daha artıq bal toplayan ümumilikdə 421 nəfər abituriyent (108 nəfər rus bölməsi, 313 nəfər Azərbaycan bölməsi üzrə) 160 qəbul yeri üçün qeydiyyatdan keçib. Onlardan 372 nəfər imtahanda iştirak edib. 

 

İmtahanda abituriyentlər 2 saat 30 dəqiqə ərzində riyaziyyat, kimya, fizika, ingilis dili və ümumi elmi dünyagörüşü üzrə sualları cavablandırıblar.

 

Yekunda ən çox bal toplamış 160 namizəd UFAZ tələbəsi statusunu qazanacaq. UFAZ-da təhsil ingilis dilində olduğundan, abituriyentlər üçün daha bir tələb ingilis dili üzrə mümkün 20 baldan minimum 8 bal toplamaqdır. 

 

İmtahan üçün UFAZ-ın binasında 17 otaq ayrılıb. Onlardan 3 otaq rus bölməsi üçün, 14 otaq isə Azərbaycan bölməsinin abituriyentləri üçün nəzərdə tutulub. Ümumilikdə imtahan prosesinə 49 nəfər nəzarətçi və 20 nəfərdən çox əməkdaş cəlb olunub.

 

Azərbayan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi dosent Vazeh Əskərov, UFAZ-ın elmi eksperti, Strasburq Universitetinin professoru Pierre Collet və digər nümayəndələr imtahan prosesini müşahidə edib, abituriyentlər üçün yaradılmış şəraitlə tanış olublar. V. Əskərov və P.Collet abituriyentlərin valideynləri ilə də görüşüb, onların imtahan və UFAZ-da təhsillə bağlı suallarını cavablandırıblar.  

 

İmtahan nəticələri avqustun 8-də elan ediləcək. Apelyasiya müraciətlərinə isə avqustun 9-da baxılacaq. İmtahanda uğurlu nəticə əldə edən abituriyentlərin təsdiq olunmuş siyahısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim olunacaq. Nazirlik isə öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını DİM-ə təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə iştirak etməyəcəklər. UFAZ-a imtahan verib uğur əldə edə bilməyən tələbələr isə DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər. 

 

Qeyd edək ki, UFAZ-a qəbul imtahanının nəticələrindən asılı olaraq tələbələrə dövlət sifarişi ilə 160 yer təklif olunur. Həmin yerlər UFAZ-da 4 ixtisas - “Geofizika və geologiya mühəndisliyi” (30 yer), “Kimya mühəndisliyi” (35 yer), “Neft-qaz mühəndisliyi” (35 yer) və “Kompüter elmləri” (60 yer) üzrə bölünür. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və Renn 1 (Neft və qaz mühəndisliyi ixtisası) və ADNSU) alacaqlar. UFAZ-da bütün ixtisaslar üzrə tədris 4 ildir.