Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi edəcək abituriyentlərin nəzərinə bir məqamı çatdırıb.

 

Bildirilib ki, ixtisas seçimi 16-28 avqust tarixlərində internet vasitəsilə aparılacaq və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin “Youtube” kanalı vasitəsilə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək. 

 

II və III ixtisas qrupları üzrə canlı yayım 11 avqust saat 11:00-da, I, IV və V ixtisas qrupları üzrə isə 18 avqust saat 11:00-da təşkil olunacaq.

 

Qeyd edək ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışının, həmçinin II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçaların bu həftənin sonuna kimi nəşr olunması nəzərdə tutulur. I və IV qruplar üzrə müvafiq kitabçalar isə imtahan nəticələri ilə əlaqədar yaradılmış Apelyasiya Komissiyası öz işini yekunlaşdırdıqdan sonra - növbəti həftənin axırına kimi nəşr olunacaq.