BDU təmsilçilərinin hazırladığı “CANSAT1919” və “CubeSat” model peykləri simpoziumda təqdim edilib


Bakı Dövlət Universitetinin (BDU) həmtəşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində İslam Dünyası, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən keçirilən Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu (Model Satellite (CanSat) Training Workshop & Aerospace Symposium) başa çatıb.

 

Simpoziumda 20 ölkədən (Türkiyə, Azərbaycan, Nigeriya, Bruney, İran, Qambiya, Malayziya, Seneqal, Kamerun, Oman, Yəmən, BƏƏ, Əfqanıstan, Qvineya-Bisau, Qabon, Syerra-Leone, Mərakeş, Pakistan, İraq və İordaniya) 30 tələbə və gənc tədqiqatçı iştirak edib, bir neçə sessiya və model peyklər hazırlamaq üzrə təlim proqramları keçirilib. Təlimlərdə 5 üzvdən ibarət 6 fərqli komanda iştirak edib. Daha sonra komandalar tərəfindən hazırlanan model peyk nümunələri Aksaray şəhərində səmaya göndərilərək test olunub. Tədbirdə ölkəmizi təmsil edən BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin mühəndisləri Usub Nərimanov və Ramid Əsgərov hazırladıqları  “CANSAT1919” və “CubeSat” model peyklərini təqdim ediblər.

 

Əsas funksiyası havada olan qazların miqdarını, nisbətini, havanın nəmlik dərəcəsini ölçə bilən bu model peyk sistemləri, eyni zamanda səmada çəkiliş edərək keyfiyyətli video, foto görüntü, GPS məlumatları və s. bunun kimi bir çox data məlumatları anlıq olaraq Yer idarəetmə stansiyasına (YİS) ötürmək qabiliyyətinə malikdir. Həmçinin “CubeSat” model peyki 600 metr məsafədə (aşağı yer orbitində) bunu icra edə bilirdisə, yəni bu cür proqramlaşdırılmışdısa, təlimlərdə onun təkmilləşdirilməsi və 450 km-ə qaldırılmasının mümkünlüyü də müzakirə edilib. Bu cihazlar NASA beynəlxalq standartlarına uyğun şəkildə dizayn edilib.

 

Qeyd edək ki, həmin model peyklər elektrik enerjisi ehtiyacını üzərində olan monokristal günəş panellərlə təmin edir, avtomatik olaraq yerə eniş edə, üzərində olan məsafə sensorları sayəsində peyk passiv enmə sistemini (paraşütü) və stabilləşdirici ayaqları avtomatik hərəkətə gətirə bilir.

 

Simpoziumda aparılan müzakirələr yaxın gələcəkdə Günəş fizikası, Günəş sistemi cisimlərinin tədqiqi və Günəş - Yer əlaqələrinin fizikası, kosmik hava sahələrində, Yerin müşahidəsi, monitorinqi və müxtəlif tətbiqlər vasitəsilə kosmik məlumatların emalı baxımından böyük əhəmiyyətə malikdir.