Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub.

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanda iştirakı gözlənilən 934 namizəddən 4 nəfər imtahana gəlməyib. Namizədlərdən 769 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

 

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 17-dən 22-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları  “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

 

Qeyd edək ki,  “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib.

 

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Namizədlər Apelyasiya Komissiyasına 16 avqust saat 10:00-dan 17 avqust saat 17:00-dək apelyasiya.dim.gov.az saytı vasitəsilə müraciət edə bilərlər.