Bu, “4Sİ Akademiyası” layihəsi ilə mümkün olacaq


100 milyondan çox insanın təhsil aldığı, 7000-dən çox kursların tədris olunduğu onlayn təhsil platformasına ödənişsiz qoşulma imkanı yaranıb. Bu imkan İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-ın “Coursera” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində mümkün olacaq. Belə ki, 3 qurumun əməkdaşlığı nəticəsində “4Sİ Akademiyası” (Dördüncü Sənaye İnqilabı Akademiyası) pilot layihəsinə start verilib. Layihə 1 il ərzində tədris dili ingilis dilində olmaqla, Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını artırmaq istəyən 10 minə yaxın şəxsə “Coursera”nın təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşulmaq şansı yaradacaq.

 

Proqram dövründə tədris dili ingilis dilində olmaqla, 4Sİ texnologiyaları, o cümlədən Süni Zəka, Maşın Öyrənməsi, Böyük Verilənlər (Big Data), Data Analitika, Blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla, ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 800-ə yaxın kursdan yararlanmaq mümkün olacaq.

 

Layihənin məqsədi ölkədə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

 

Pilot layihə çərçivəsində müraciətlərin qəbulu avqustun 23-dən başlayacaq. 2 həftə ərzində daxil olan müraciətlər arasından seçilən 10 minə yaxın şəxs sentyabrın 15-dən 1 il ərzində dünyanın nüfuzlu universitetlərinin və şirkətlərinin təqdim etdiyi tədris proqramlarından  6 həftə ərzində növbəli şəkildə ödənişsiz təhsil almaq imkanı əldə edəcək.

 

Kursları uğurla bitirən şəxslər sonda oxuduqları proqrama uyğun olaraq “Coursera” platforması tərəfindən sertifikat ilə təltif olunacaqlar.

 

Qeyd edək ki, “Coursera” 100 milyondan çox insanın təhsil aldığı, 7000-dən çox kursların tədris olunduğu onlayn təhsil platformasıdır. Platformada Harvard, Stenford, Dyuk, Miçiqan, London kimi 300-ə yaxın dünyanın ən nüfuzlu universitetlərinin sahəvi kursları ilə yanaşı, bakalavr və magistr ali təhsil dərəcəsinə bərabər proqramları da tədris olunur. Bu platformada həmçinin, Google, IBM, Microsoft, Amazon, Meta kimi qabaqcıl texnologiya şirkətlərinin karyera və şəxsi inkişafa yönəlik kursları da mövcuddur.

 

Ruhiyyə DAŞSALAHLI