Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzinin "Air  Zero G" uçuş təyyarəsi ilə qravitasiyasız uçuş, çəkisizlikdə uçuş, Ay və Mars qravitasiyası ilə uçuşlarda iştirak ediblər.

 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanıblar.

 

Uçuşdan sonra tələbələr öz təəssüratlarını bölüşüblər.

 

Ömər Nuruzadə: "Çox maraqlı idi. Kosmosa çıxmadan kosmosu hiss etdik. Sözlə ifadə edilməsi çox çətin olan hissdir. Adam gərək canlı şəkildə yaşaya bu anı. Çox həyəcanlı idi. Çox gözlənilməz idi. Mənim favoritim ay qravitasiyasında uçuş idi".

 

Emin Xəlifəyev: “Bizim Mars, Ay, sıfır cazibə qüvvəsi və ya çəkisizlik yaşamaq şansımız oldu. Ən güclü hiss ayağımızın yerdən ayrılması və havada üzdüyümüzü anladığımız zaman baş verdi. Divarda gəzmək, tavanda dayanmaq, hətta uçmaq kimi tamamilə çılğın hərəkətlər edə bilərsiniz. Uçuşdan 5-6 saat sonra da özümü yuxulu və yorğun hiss edirəm, amma buna dəyərdi".