İnklüziv təhsilin şəbəkəsi genişləndirilir


İnklüziv təhsil nədir? Beynəlxalq qurumlar tərəfindən verilən tərifə görə, inklüziv təhsil uşaqların cinsi, etnik, dini və mədəni mənşəyindən, sosial-iqtisadi statusundan, əlilliyi olub-olmamasından, qabiliyyətindən və ehtiyaclarından asılı olmayaraq, həmyaşıdları ilə birlikdə yaxınlıqdakı ümumi təhsil müəssisələrində eyni sinifdə təhsilə cəlb olunmasıdır. Başqa sözlə desək, inklüziv təhsil hər bir uşağın təhsil almaq hüququna əsaslanaraq, əlilliyi olmayan və olan bütün uşaqların keyfiyyətli təhsilə çıxışını və seqreqasiya, ayrı-seçkiliyin olmadığı mühitdə bərabər inkişafını təşviq edən təhsil modelidir.

 

Azərbaycanda müvafiq qanunvericilik çərçivəsində inklüziv təhsilin tətbiqi təmin edilir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Bundan başqa, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməyi və onların təhsili üçün maneəsiz mühit yaratmağı məqsəd götürüb. 2023-cü ilin fevral ayında təsdiqlənən “İnklüziv təhsilin təşkili Qaydası” adlı sənəd isə ümumi təhsil müəssisələrində inklüziv təhsilin təşkili ilə bağlı məsələləri tənzimləyir.

 

BMT-nin 2030 Gündəliyinə nail olunması, o cümlədən “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən əhəmiyyətli işlər görülür. Belə ki, Elm və Təhsil Nazirliyinin son illər ərzində fəaliyyət planlarında inklüziv təhsil təşkil olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsinin genişləndirilməsi və əlilliyi olan uşaqların təhsilə cəlb edilməsi xüsusi olaraq nəzərə alınır.

 

Bu səbəblə, inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsini genişləndirmək, Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirmək məqsədilə 2021/2022-ci tədris ilindən Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), Elm və Təhsil Nazirliyi və UNICEF ilə birgə “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihə həyata keçirir. Sözügedən layihə çərçivəsində hazırda 10 region üzrə 22 ümumi təhsil müəssisəsində ümumilikdə 205 əlilliyi olan şagird təhsilə cəlb olunub.

 

İnklüziv təhsilin səmərəli tətbiqi bütün təhsil sisteminin - qanunvericilik və siyasət, təhsilin maliyyələşdirilməsi, idarə edilməsi, monitorinqi, məktəbin və tədris-təlim prosesinin təşkili - transformasiyasını nəzərdə tutur. Lakin hər bir təşəbbüsdə olduğu kimi, inklüziv təhsilin də tətbiqində insanlar yeniliklərə və dəyişikliklərə hazır olmalıdırlar. Bu baxımdan, inklüziv təhsilin uğuru üçün cəmiyyətin, icmaların maarifləndirilməsi və iştirakı vacibdir.

Adıçəkilən layihə çərçivəsində inklüziv siniflərin təşkil olunduğu ümumi təhsil müəssisələrində məktəb heyəti, əlilliyi olmayan şagirdlər və onların valideynləri ilə “İnklüziya mədəniyyətinin formalaşdırılması” mövzusunda görüşlər keçirilir. Görüşlərdə inklüzivlik, inklüziv təhsilin mahiyyəti və əhəmiyyəti haqqında məlumat verilərək, inklüziv təhsil üçün əlilliyə sosial yanaşmanın, eləcə də müxtəlifliyə tolerant münasibətin vacibliyi xüsusilə vurğulanır. Ümumiyyətlə, şagirdlər və valideynlərin maarifləndirilməsi və ümumi prosesə cəlbi bu prosesin doğru yöndə sürətlənməsi və müsbət nəticələr verməsi üçün mühümdür.

 

Eyni zamanda tədqiqatlar göstərir ki, müəllimlər şagirdlərin məktəbdən nə qədər faydalanmasına təsir edən ən vacib amildir. Təhsil mütəxəssislərinin fikrincə, şagirdlərin öyrənmə nəticələri əsasən pedaqoji heyətin peşə səriştəliyindən asılıdır. Lakin UNESCO tərəfindən aparılmış ümumdünya monitorinqinin nəticələri aşkar edir ki, müəllimlərin inklüzivliyə dair hərtərəfli təlimlərə çıxışı yoxdur və onların təxminən 25%-i bu sahədə peşəkar inkişafa ehtiyac duyur. Bu yanaşmadan irəli çıxaraq, demək olar ki, inklüziv təhsilin təşkilində mühüm element müəllimlərin əlilliyi olan və olmayan bütün şagirdləri eyni dərəcədə tədris-təlim prosesinə cəlb edə bilməsi üçün müvafiq bilik və bacarıqlarla təmin olunmasıdır. Sözügedən layihə çərçivəsində müəllimlərin inklüziv təhsil sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək, əlilliyi olan şagirdlərlə tədris-təlim prosesinin təşkilində onlara dəstək vermək üçün bir sıra tədbirlər görülür. Əvvəlcə müəllimlər üçün hazırlanmış “İnklüziv sinifdə təlimin təşkili” ixtisasartırma proqramı əsasında təlimlər aparılır. Təlim proqramında inklüziv təlimin planlaşdırılması və tətbiqi, inklüziv siniflərdə qiymətləndirmə, müxtəlif tərəfdaşlarla əməkdaşlıq kimi mövzular əhatə olunur. İnklüziv təhsil prosesində təlimin təşkili zamanı nəzəri əsaslarla yanaşı, praktik mexanizmlər üzrə səriştələrin vacibliyini nəzərə alaraq, müəllimlərə inklüziv siniflərdə uşaqyönlü pedaqogika, universal öyrənmə dizaynı, diferensiallaşdırma və əsas sinif strategiyaları kimi praktiki mövzular da tədris edilir. Məqsəd müəllimləri təlimləndirərək onların tədris-təlim prosesində bütün şagirdlərin öyrənmə ehtiyaclarını diqqətə alaraq mütəmadi şəkildə təhlil apara və əlilliyi olan uşaqların müvəffəqiyyət göstəricilərini izləyə bilmək üzrə peşəkar səriştələrini və sinif təcrübələrini gücləndirməkdir. Belə ki, müəllimlərin həmin bilik və bacarıqlara yiyələnməsi inklüziv təhsil sistemində bütün uşaqların öz potensiallarını reallaşdıra biləcəyi öyrənmə mühitinin yaradılması üçün əsas prinsiplərdəndir.

 

Beynəlxalq müşahidələrə əsasən, müəllimlərin inklüziv tədrisin bir çox aspektlərini əhatə edərək yeni bacarıqları sinif təcrübəsinə inteqrasiya etmələri üçün pedaqoji dəstəyə ehtiyacları olur. Bu istiqamətdə layihənin icra müddəti ərzində inklüziv siniflərdə təhsilə cəlb edilən şagirdlər üçün keyfiyyətli təhsilin təmin olunması məqsədilə müəllimlər, korreksiyaedici pedaqoqlar, psixoloqlar və məktəb rəhbərliyinə mentorluq dəstəyi göstərilir və onlara əlilliyi olan şagirdlərin sinifdə davranışı, adaptasiyası, sinif yoldaşları ilə ünsiyyəti, o cümlədən akademik nailiyyətləri və təlim zamanı yaşanan çətinliklərin həlli yönündə müvafiq tövsiyələr verilir. Eyni zamanda inklüziv təhsilin vacib hissəsi olan Fərdi Təlim Planının (FTP) tərtibi, təkmilləşdirilməsi və tətbiqi üzrə lazımi dəstəyin verilməsi və məktəb heyətinin bu sahədə bacarıqlarının artırılması məqsədilə onlara FTP-lərin formalaşdırılmasında müvafiq köməklik göstərilir.

 

Əlilliyi olan şagirdlər üçün inklüziv təhsilin ən əsas iki üstünlüyü onların sosial və akademik baxımından xüsusi təhsilə cəlb olunan həmyaşıdlarından daha yaxşı nəticələr əldə etməsidir. 2021-ci ildə aparılan tədqiqat Azərbaycanda inklüziv siniflərdə təhsil alan əlilliyi olan şagirdlərin sosial münasibətlər baxımından uğur əldə etdiklərini və yaşıdları tərəfindən təcrid olunmadıqlarını göstərib. Ümumilikdə, layihə çərçivəsində həyata keçirilən peşəkar inkişaf proqramları, monitorinqlər, maraqlı tərəflərlə (mentorlar, direktorlar, müəllimlər, valideynlər və s.) təşkil olunan müzakirələr və görüşlər, aparılan mentorluq prosesi aşkar edib ki, ümumi təhsil müəssisələrinin pedaqoji və inzibati heyətinin təlimləndirilməsi daxil olmaqla onlara metodiki dəstəyin göstərilməsi, valideynlər və təhsilalanlara inklüziv təhsil mədəniyyətinin aşılanması və ona qarşı müsbət münasibətin yaradılması məktəbdə inklüziv təhsilin düzgün təşkili və ümumi inklüzivlik ab-havasının təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda ehtiyaclara uyğunlaşdırılmış fərdi inkişaf və təlim proqramını tətbiq etməklə əlilliyi olan şagirdlərin mənalı və məzmunlu təhsilinə nail olmaq və psixo-sosial sağlamlığına dəstək vermək mümkündür. Bu, öz növbəsində həmin uşaqların sosial həyata inteqrasiyası üçün lazımi imkan yaradır.

 

Lakin görülən işləri qiymətləndirmək, eləcə də müvafiq düzəlişləri zamanlı həyata keçirmək məqsədilə məktəblərdə aparılan mütəmadi monitorinqlər əsnasında məktəblərin inklüziv təhsilin təşkilində bəzi çətinliklərlə üzləşdiyi məlum olur. Bu əsasda, ehtiyacların müəyyənləşdirilməsi və müvafiq dəstəyin təmin edilməsi mütləqdir. Həmçinin daha çox əlilliyi olan uşaqların digər şəxslərlə bərabər səviyyədə keyfiyyətli təhsil almaq hüququnu və bu təhsil üçün maneəsiz mühitin təmin edilməsi ehtiyacı inklüziv təhsil təşkil olunan ümumtəhsil müəssisələrinin və müvafiq olaraq, bu siniflərdə təhsil alacaq uşaqların sayının artırılmasına zəmin yaradır. Bu baxımdan, daha çox əlilliyi olan uşaq üçün keyfiyyətli təhsili əlçatan etmək məqsədilə 2023/2024-cü tədris ilində yeni regionlar daxil olmaqla əlavə 16 ümumi təhsil müəssisəsinin inklüziv təhsilə cəlb olunması planlaşdırılır. Bununla da inklüziv təhsil ölkə üzrə 13 regionun 38 məktəbini əhatə edəcək.

 

Nailə ÖMƏROVA,

ARTİ-nin Layihələrin idarə olunması şöbəsinin müdiri,

 

Həbibə NƏZİROVA,

ARTİ-nin Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi