“Azərbaycanın el sənəti nümunələri iftixar mənbəyimizdir” mövzusunda ilk dərs şəhər 30 nömrəli məktəbdə olub


Gəncə şəhərinin ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi üçün Gəncə Dövlət Universitetinin görkəmli alimlərinin ustad dərslərinə başlanılıb. İlk dərs Vüqar Veysəlov adına Gəncə şəhəri 30 nömrəli tam orta  məktəbdə təşkil edilib. İctimaiyyət üçün “açıq dərs”də Azərbaycanın görkəmli dekorativ tətbiqi sənət ustası, qrafik rəssam, professor Şaiq Məmmədovun “Azərbaycanın el sənəti nümunələri iftixar mənbəyimizdir” mövzusunda mühazirəsi dinlənilib. “Açıq dərs”də 30 nömrəli tam orta məktəbin müəllim və yuxarı sinif şagirdləri, eləcə də Gəncə Dövlət Universitetinin professor – müəllim heyəti iştirak ediblər.

 

Əvvəlcə məktəb kollektivi proffessor Şaiq Məmmədovun dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində, xüsusən gümüşbəndlik və silahsazlıq növündə, həmçinin təsviri incəsənətin qrafika janrında yaratdığı əsərlərinin yer aldığı sərgi ilə yaxından tanış olublar.

 

Tədbiri açan Vüqar Veysəlov adına 30 nömrəli tam orta məktəbin direktoru İlham Həsənov universitet alimləri ilə məktəb şagirdləri arasında keçirilən görüşlərin hər bir şagirdin inkişafında, onların əsl şəxsiyyət kimi formalaşmasındakı rolundan danışıb.

 

Təcrübə və karyera şöbəsinin rəhbəri Cabbar Qarayev bildirib ki, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun tapşırığına əsasən keçirilən bu cür “açıq dərs”lərin təşkilində məqsəd yuxarı sinif şagirdlərinə ölkəmizin təbiətini, tarixini və mədəniyyətini sevdirmək, ali təhsil müəssisəsinin nailiyyətləri haqqında məlumat vermək, eləcə də şagirdlərin gələcəkdə əmək bazarının tələbinə uyğun düzgün ixtisas seçiminə kömək etməkdir.

 

Tədbirdə çıxış edən Fizika və texniki fənlər fakültəsinin dekanı, professor Muğan Quliyev bu il 80 illik yubileyini qeyd edən Gəncə Dövlət Universitetinin elm – təhsil və idman sahəsindəki nailiyyətlərindən danışıb.

 

Bildirilib ki, hazırda respublikamızın qərb bölgəsində ən böyük ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması istiqamətində ixtisaslaşıb.

 

Sonra məktəb kollektivi proffessor Şaiq Məmmədovun “Azərbaycanın el sənəti nümunələri iftixar mənbəyimizdir” mövzusunda mühazirəsini dinləyiblər. Alim şagirdlərə təsviri incəsənətin növləri olan rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ–tətbiqi sənətkarlıq və memarlıq haqqında ətraflı məlumat verib. Hər bir sənət sahəsinin Azərbaycanda yaranması və inkişafı, həmçinin həmin sənət sahələrində görkəmli sənətkarların yaratmış olduqları milli-mədəni nümunələr haqqında danışılıb.

 

Şaiq Məmmədovun Azərbaycanda dəmirçilik sənətinin unikal tarixi nümunəsi hesab edilən, 1063-cü ildə Şəddadi hökümdarı Əbül Əsvar Şavurun göstərişi ilə İbrahim ibn Osman tərəfindən hazırlanan Gəncə darvazaları və onların sonrakı taleyi haqqındakı məlumatları şagirdlərdə böyük maraq yaradıb.

 

Alimin heykəltəraşlığın növləri olan monumental heykəltəraşlıq, dəzgah qrafikası və dekorativ heykəltəraşlıq, eləcə də metalişləmənin sahələri – dəmirçilik, misgərlik, zərgərlik və silahsazlıq haqqındakı məlumatları bu sənət növlərinin oxşar və fərqli xüsusiyyətləri, onların işlənmə texnikası barədə söylədiyi zəngin fikirlər şagirdlərin nəfis el sənəti nümunələrinə olan marağını daha da artırıb.

 

Sonda alim məktəblilərin suallarını cavablandırıb.