İlk zəng çalındı, hamı sinifdə öz yerini aldı. Yeni tədris ili yüksək ovqatla start götürdü.

 

Azərbaycan təhsil sistemi 20232024-cü tədris ilinə  2.1 milyon təhsilalan, 300 min təhsil işçisi olmaqla, ümumilikdə 2.4 milyon insanla başlayır. Bu il  114400 uşaq məktəbəqədər təhsilə, 135 min uşaq birinci sinfə qəbul olunacaq. 80273 uşaq məktəbəhazırlıq qruplarında tədrisə cəlb ediləcək. Açıqlanan rəqəmlərə görə, ümumilikdə 220 min məktəbəqədər təhsil, 1.6 milyon ümumtəhsil, 33 min peşə təhsili, 60 min orta ixtisas təhsili, 220 min nəfər isə ali təhsil müəssisələrində təhsil alan və çalışanlardır.

 

Doğma məktəbim...

 

Təhsil sistemində artan, sadəcə təhsilalan və təhsilverənlərin yox, həm də məktəblərin sayıdır. Bu il də məktəb infrastrukturunun yaradılması prosesində böyük hərəkətlilik müşahidə olunub. Nəticədə ölkə ərazisində qəzalı məktəblərin sayı son illərdə 30 faizə qədər azalıb. Hazırda Azərbaycanda təmirə, ya da yenidən tikilməsinə ehtiyac olan cəmi 654 məktəb qalıb. Bu rəqəmin içərisində iri məktəblərin sayı azdır. Hətta 100-ə qədər məktəb var ki, şagird sayı 30-dan aşağıdır.

 

Artan məktəblərin sayına işğaldan azad olunmuş ərazilərdəki təhsil ocaqları da təsir edib. Bu il Qarabağda 6 məktəb fəaliyyət göstərəcək. Həmin məktəblərdə ümumilikdə 780 şagird təhsil alacaq və onlara 94 müəllim dərs deyəcək.

 

Qarabağda İLK ZƏNG səsləri

 

Öncəliklə, bildiyimiz kimi, işğaldan azad olunandan sonra yola ilk düzələn məktəblər var Qarabağda. Ötən il hər addımı diqqətimizdə olan Zəngilan rayon Ağalı kənd tam orta məktəbi bu tədris ilinə 11 sinif, 120 şagird, 15 müəllimlə start verdi. Ağalı kənd uşaq bağçasında 1 qrup fəaliyyət göstərəcək.

 

Tərtər rayonunun Talış kənd tam orta məktəbində 7 sinifdə 19 şagirdə 8 müəllim təhsil bələdçiliyi edəcək. Kəndin uşaq bağçasında 1 qrup təşkil olunub.

 

Bu il onlar üçün də ilk zəng çalındı. Bir neçə ay öncə eşidilən  “Son zəng”dən sonra çalınan bu zəngin səsi daha inamlı, daha qətiyyətli idi. Çünki artıq tək deyildilər. Oradan ucalan zəng səsinə Füzulidən, Laçından, Şuşadan da səs verdi məktəb zəngləri. Məsələn, bu il uzun fasilədən sonra ilk zəngin səsləndiyi Füzuli şəhər 1 nömrəli tam orta məktəbində 104 şagirddən 11 sinif təşkil edilib. Məktəbdə 15 müəllim dərs keçəcək.

 

Şuşa şəhər 1 nömrəli tam orta məktəbində də vəziyyət dəyişib. Bu il 12 sinifdə 349 şagird, 25 müəllimlə tədris ilinin ikinci yarısında fəaliyyətə başlayacaq.

 

Laçında bu il 2 məktəb öz şagirdlərini, müəllimlərini və valideynləri salamlayacaq. Rayonun Zabux kənd tam orta məktəbində 11 sinif təşkil olunub. Burada 51 şagird təhsil alacaq. 15 müəllim onlara dərs demək arzusu ilə qeydiyyatdan keçib.

 

Laçın şəhər 2 nömrəli tam orta məktəbində isə 137 şagirddən qurulan 11 sinifdə 16 müəllim tədrisi həyata keçirəcək.

 

Laçınlı məktəblilər parta arxasına keçdi

 

Laçınlı balalar ilk dəfə yurd məktəbinə bu il ayaq basmağın sevincini yaşayır. Söhbətini eşidib, xəyallarını qurduqları o məktəb, görəsən, onların düşüncələrindəki kimidirmi?

 

“Təhsilimə Laçında davam edəcəyəm”

 

Həmin şagirdlər arasında Fatimə və Zəhra Mirzəyevalar müxtəlif yaş qrupunda olduqlarından düşüncələri fərqlənir. Hər biri Laçında fərqli yerə baxır, biri Laçının əyləncəli yerlərinə, o biri isə məktəbinə və müəlimlərinə.

 

Fatimə hər halda böyük qız olduğundan daha çox məktəbdə nə qazana biləcəyini hesablayır: “Köçəcəyimizi eşidəndə əvvəlcə dostlarımdan, mühitimdən ayrılmaq çətin olacaq dedim. Ən əsas isə məktəbimdir. IX sinifdə oxuyuram və artıq gələcək planlar barədə düşünməyin vaxtıdır. Belə bir vaxtda məktəb dəyişmək məni qorxutdu”.

 

 

Artıq fikri dəyişib Fatimə Mirzəyevanın: “Laçındakı məktəbi gəlib gördükdən sonra fikrim dəyişdi. Düzü, əvvəllər buraların bu qədər gözəl olduğunu da bilmirdim. Üstəlik, burada çox əylənirəm. Demək olar ki, hər gün tədbirlər olur. Xüsusən, uşaqların əylənməsi, məşğuliyyəti üçün çox şey düşünülüb”.

 

Fatimə burdakı müəllimlərinə, müasir məktəbinə çox güvənir. Deyir ki, Laçın da, məktəbi də, burdakı mühiti də əladır: “Çox maraqlı dərnəklər təşkil edilib. Coğrafiyanı, Azərbaycan dili, ingilis dili, riyaziyyat fənlərini çox sevirəm. Bu fənləri çox həvəslə oxuyuram. Artıq təhsilimə Laçında davam edəcəyəm. Elə hesab edirəm ki, müasir məktəbimiz, savadlı müəllimlərimiz həm bu fənlər üzrə biliyimi, həm də, ümumiyyətlə, bacarıqlarımı artırmaqda mənə kömək edəcək”.

 

 

 

 

Zəhra isə hələ balacadır. III sinifdə oxuyur. Onu daha çox uşaq parkları maraqlandırır. Zəhranın Laçına qaynayıb-qarışmasından anası danışdı.

 

 

 

 

Fatiməylə Zəhranın anası Ülviyyə Cəfərova ixtisasca ibtidai sinif  müəllimidir. Amma müəllim kimi yox, məktəbdə Uşaq Birliyinin rəhbəri kimi fəaliyyət göstərəcək. Dediyinə görə, qızları Laçına köçərkən fərqli reaksiyalar veriblər. Zəhra isə ailəsini lap təəccübləndirib: “Zəhra hər şeyi normal qəbul etdi və yeni mühitə dərhal alışdı. Artıq özünü burada doğulubmuş kimi hiss edir. Bura köçəndən bir az sonra Bakıya getməli olduq. Cəmi 4 gün Bakıda qaldıq, Zəhra hər gün deyirdi ki, bura niyə qayıtdıq. Zəhra yeni mühiti, torpağını, vətənini çox sevdi”.

 

 

Laçında müəllim olmaq üçün vəzifədən imtina etdi

 

Bir vaxtlar yurdundan köç edib Ağcabədidə məskunlaşan Taxtakörpü qəsəbə tam orta məktəbində direktor vəzifəsi tutan Şəbnəm Uğurlu da artıq Laçına qayıdıb. Bunun üçün Taxtakörpü qəsəbə tam orta məktəbindəki vəzifəsindən imtina etməli olub. Qeyd edək ki, Şəbnəm Uğurlu 2012-ci ildə müəllimlərin işə qəbulu imtahanından uğurla keçərək, Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbində ingilis dili müəllimi olaraq işə başlayıb: “Məktəbə təyinat alanda orada ali təhsilli ingilis dili müəllimi yox idi. Xoşbəxtəm ki, təkcə Azərbaycan Dillər Universitetinə ingilis dili müəllimliyi üzrə 21  gənc yola salmışıq. Bunun müəllim kimi fəaliyyətimin nəticəsi olduğunu düşünürəm və ilk növbədə laçınlılar üçün uğurlu, faydalı olacağı qənaətindəyəm”.

 

2018-ci ildə Təhsil Nazirliyinin “Təşəkkürnamə”si, 2019-cu ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilən Şəbnəm müəllim üçün yeni tədris ilinin ilk dərs günü ürəyinin ən güclü atdığı gün sayılır: “Artıq tam 3 il idi ki, Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbin direktoru idim. Amma Böyük Qayıdış Proqramına uyğun olaraq, Laçın şəhərinə qayıtdım. İndi atam Tofiq Əhmədovun, nənəm Şəfiqə Baxışovanın uzun illər çalışdığı 2 nömrəli tam orta məktəbdəyəm. Xoşbəxtliyimin həddi-hüdudu yoxdur. Burada ingilis dili müəllimi olmaqla yanaşı, həm də tədris işləri üzrə direktor müavini vəzifəsini icra edəcəyəm”.

 

Şəbnəm müəllim deyir ki, onun üçün Laçında yaşamaqdan üstün ola biləcək heç bir vəzifə yoxdur: “Elə bu səbəbdən bir an belə düşünmədən, direktorluqdan imtina etdim”.

 

Şəbnəm Uğurlu hazırda ADA-da təhsilin idarəetməsi üzrə magistratura təhsili alır. O, həm də 2 Laçın məktəblisinin - Dəniz və Günəşin anasıdır. Deyir Böyük Qayıdışın bir gün gerçəkləşəcəyinə inanıb: “Bir gün köçəcəyimizi ailəmizdə hamımız bilirdik, buna hər an hazır idik. Ona görə də verilən qərar uşaqdan böyüyə hamımızı sevindirdi. Uşaqlara da bunu qəbul etmək çətin olmadı. Günəş, ümumiyyətlə, adaptasiya problemi yaşamadı. Özünü elə aparır ki, sanki burda doğulub, burda böyüyüb. Məktəb hazırlıqlarını da çoxdan tamamlamışdı. Özü tam yerləşəndən, bura alışandan sonra böyüklərin burdakı keçmiş xatirələri ilə maraqlanmağa başladı. Gördüyü yerlər barədə soruşur. Məsələn, evin, küçənin ayrı-ayrı yerlərində nə etdiyimlə, uşaq olanda harda oynadığımla maraqlanır. Mən Laçından çıxanda 6 yaşım vardı. Balaca olanda oynadığım həmin yerləri indi qızıma göstərirəm. Təəssüf ki, həmin yerlər o vaxtkı kimi deyil. Altında oynadığımız ağacları qrad mərmiləri ilə dağıdıb ermənilər. Yerində yeni ağaclar əkmişik. Yəni, ərazi dəyişsə də, xatirələrimdə elə o vaxt olduğu kimi canlanır. Mən də xatirələrimi elə olduğu kimi qızımın gözlərində canlandırmağa çalışıram”.

 

Şəbnəm xanım deyir ki, 30 ildə evlərində də dəyişiklik olub. Bu illər ərzində ermənilər yaşayıb: “Evimiz qoyub getdiyimiz kimi olmasa da, korpusu olduğu kimi dururdu. İçində yaşayış olduğundan tamamilə dağıtmamışdılar. Amma təmiri köhnəlmişdi. Görünürdü ki, bizdən sonra evə heç əl gəzdirməyiblər. Atam rəssam olduğu üçün divarları öz əl işi ilə bəzəmişdi. Əl işləri solsa da, qalırdı”.

 

Şəbnəm Uğurlunun qızları Dəniz və Günəş Cəbrayıl bacıları hallarından məmnundurlar. II sinif şagirdi Günəş Cəbrayıl Laçını çox sevdiyini deyir: “Burada çoxlu parklar, oynamağa çoxlu uşaqlar var. Biz burda oynayır, əylənirik”.

 

Dəniz isə VI sinifdə oxuyur. Deyir, yurdu haqqında nənəsindən eşidib. Elə hey danışan, Laçını anlatmaqdan usanmayan nənəsi dağları, təbiət mənzərəsini də dili döndüyüncə təsvir etməyə çalışıb. Ancaq reallıqda gördükləri nənəsinin danışdıqlarından çox gözəldir: “Yeni məktəbimiz var, burda yeni dostlar qazanmışam. Oynamağa, əylənməyə çoxlu yer, böyük imkan, xeyli uşaq var burada. Bundan sonra burada yaşayacağımıza görə çox sevinirəm”.

 

Bu gün sənin günündür!

 

Bu il İLK zəng çox gurultulu, çox qürurlu, çox qərarlı səsləndi. Gələn il bundan da gur olacaq səsi. Getdikcə daha da güclənəcək, zilə çıxacaq. Çünki Qarabağ elləri bir-bir yurda dönəcək. Hər elinə qayıdan əlini öncə məktəb zənginə uzadacaq. Artıq məktəb zəngləri yurda çağırış, dağılan tifaqları bərpa etməyə stimul olacaq.

 

İlk zəngin mübarək, əziz Laçın, Şuşa, Füzuli!

 

Bilik Günün mübarək, doğma Qarabağ!

 

Növbəti dərs ilin mübarək, Vətən Azərbaycan!

 

Ruhiyyə DAŞSALAHLI