Sentyabrın 14-də Göyçay şəhəri M.Füzuli adına 6 nömrəli tam orta məktəbin yeni inşa olunan binasının açılış mərasimi keçirilib.

 

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin struktur bölmə rəhbərləri, eləcə də məktəbin müəllim kollektivi iştirak ediblər.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili və məktəb binasının açılışı münasibətilə təhsil işçilərini təbrik edərək onlara uğurlar arzulayıb.

 

Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.

 

Bildirilib ki, yenidən tikilmiş məktəb 1 076 şagird yerlikdir. Məktəbdə 34 sinif otağı ilə yanaşı, hər cür avadanlıqlarla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.

 

Qeyd edək ki, məktəbdə 500 şagirdin təlim-tərbiyəsi ilə 71 müəllim məşğul olacaq.