Paytaxtın təhsil işçiləri sentyabr konfransında bir araya gəldilər


Yeni tədris ili başlayır... Yeni hədəflər müəyyənləşir, yeni uğurlar bizi gözləyir. Artıq neçə illərdir ki, ölkəmizin təhsil işçiləri başa vurduqları tədris ilinin nəticələrini birlikdə müzakirə edir, uğurlarını paylaşır, bir-birilərinin nailiyyətlərinə şahid olurlar. Onları bir araya gətirən isə ənənəvi sentyabr konfransı olur. Paytaxt təhsil işçilərinin “Baku Marriott Hotel Boulevard” mehmanxanasında  keçirilən builki sentyabr konfransında  da  təhsilimizin inkişafından, keyfiyyətinin yüksəldilməsindən, müəllim hazırlığından, şagirdlərimizin qazandığı uğurlardan və digər məsələlərdən  söz açıldı, təhsil işçilərinin qarşısında duran vəzifələr diqqətə çatdırıldı.

 

Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri,  bir sıra ali məktəblərin rektorları, Elm və Təhsil Nazirliyinin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, müəllimlər və KİV nümayəndələri iştirak edirdilər.

 

Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirələrini ehtiramla yad edib,  məzarları önünə çiçəklər düzdülər. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi anılaraq, məzarları üzərinə güllər qoyuldu.

 

Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

 

İşğaldan azad edilmiş ərazilərdə tikilmiş məktəblərdə zəng çalınır

 

“Bu tədris ili Azərbaycan üçün  əlamətdardır. İkinci ildir ki, işğaldan azad edilmiş ərazilərdəki məktəblərdə zəng çalınır. Ağalı kənd məktəbindən sonra Füzuli şəhərində, Laçın rayonunun Zabux kəndində, bir qədər sonra Şuşada məktəbdə zəng səsini eşidəcəyik”, - deyən  elm və təhsil naziri Emin Əmrullayev işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun yaradılmasından danışdı .

 

Ötən tədris ilində əldə olunan nailiyyətlərdən, aparılan təhsil islahatlarından, mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açan elm və təhsil naziri həmçinin  perspektivdə nəzərdə tutulan məsələlərdən, yeni tədris ilinin əsas hədəflərindən bəhs etdi. Demək olar ki, hər bir ailənin təhsillə bağlı olduğunu söyləyən Emin Əmrullayev  bu sahədə gedən proseslərin, həyata keçirilən tədbirlərin ictimaiyyət tərəfindən diqqətdə  saxlanılmasını  təbii qarşıladığını  və bununla bağlı fikirlərini paytaxtın təhsil işçiləri ilə bölüşdü.Təhsil islahatlarının aparılmasında Elm və Təhsil Nazirliyi ilə geniş ictimaiyyətin  həmrəyliyinin  və qarşılıqlı dəstəyinin  vacibliyini diqqətə çatdırdı.

 

“2026-cı ildə pedaqoji heyətin 10-15 faizinin yenilənməsini düşünürük”

 

Təhsildə ən əhəmiyyətli dövrün erkən yaş, sonra isə  ibtidai təhsilin olduğunu söyləyən elm və təhsil naziri məktəbəqədər təhsil müəssisələrində çalışanların təxminən yarısının bu sahədə təhsilinin olmaması problemindən danışdı. Bununla bağlı dünya təcrübəsindən nümunə göstərdi: “Çox zaman Finlandiya təhsilini misal göstərirlər. Finlandiyada məktəbəqədər təhsil müəssisəsində çalışanların böyük əksəriyyətinin minimum magistr təhsili olmalıdır, bəzən  doktorantura təhsili  olanlar da bu sahədə işləyir. Yəni mənim vurğulamaq istədiyim məqam odur ki, bizdə bu sahədə problem var, onun həlli yolu da təbii ki, bir günün, bir ilin işi deyil. Müəyyən mənada mərhələ-mərhələ bu problemi həll etməyə  çalışmalı, eyni zamanda  daha çox uşağın məktəbəqədər hazırlığa getməsini təmin etməliyik. İkinci məsələ, təbii ki, məktəbəqədər təhsildən sonra önəmli olan ibtidai təhsildir. İbtidai təhsil haqqında bizim əlimizdə kifayət qədər  məlumat var. Bakıda bütün ibtidai sinif müəllimlərini sertifikasiyadan keçirmişik. Bəlli bir qismini birinci, bəlli bir qismini ikinci mərhələdə. Və görünən ondan ibarətdir ki, bəlkə də  20-30 il bundan əvvəl buraxılmış səhvlərin nəticəsində bizim məktəblərimizdəki bəzi  ibtidai sinif müəllimlərimizin nəticələri,  təəssüf  ki, qənaətbəxş deyil. Əlbəttə, mən bunu bütün müəllimlərə şamil etmirəm. Bizim yaşından asılı olmayaraq bilikli, səriştəli  həm ibtidai, həm də fənn  müəllimlərimizin sayı olduqca çoxdur. Yaxşı hal odur ki, müəllimlərin işə qəbulu prosesi çərçivəsində işə qəbul edilənlərin 80 faizi sertifikatlaşdırmada yüksək nəticə göstərir. Və bu, məni sevindirir. Amma sertifikasiya nəticələrindən görünən odur ki, bizim zəif müəllimlərimiz də var. Və mən bunu təəssüf  hissi ilə  qeyd edirəm. Bununla bağlı bir sıra addımların  atılması nəzərdə tutulur. Təxminən 2026-cı ildə pedaqoji heyətin 10-15 faizinin yenilənməsini düşünürük”.

 

Metodik xidmət labüddür

 

Bəzi müəllimlərin metodik dəstəyə ehtiyacı olduğunu deyən nazir sertifikasiya nəticələrinə əsaslanaraq yüksək bal toplayan təhsil işçilərinin digər müəllimlərə dəstək tədbirinə başlanılacağını dedi. Metodik xidmət  Bakı şəhərində pilot olaraq  həyata keçiriləcək.

 

Yeni baxış tələb edən digər məsələ məzmun məsələsidir. Məktəb dərsliklərindən gözləntilər çoxdur. Nazirin fikrincə, ümumiyyətlə, bu gün tədris edilən məzmunun nə dərəcədə köhnəlməsi bir daha müzakirə olunmalıdır. Dəyişiklikdən qorxmamaq lazımdır. Məsələn, 40 il əvvəl keçirilən fizikanın tədrisinə bu gün yeni baxış olmalıdır. Dil fənni ilə bağlı problemlərin də qoyuluşu ciddidir.

 

Azərbaycan dili fənni üzrə şagirdlər oxuyub-anlama, dinləmə və digər bacarıqlara malik olmalıdır. Sadə görünə biləcək dil fənninin metodikası və məzmunu ilə bağlı müzakirələr dərindən aparılmalıdır. Məzmunla bağlı uzunmüddətli islahatlara ehtiyac var”.

 

Elm və təhsil naziri  bununla bağlı görüləcək işləri konfrans iştirakçılarının diqqətinə çatdırdı.

 

Təkrar sertifikasiya imtahanından keçə bilməyənlər üçün...

 

Təkrar sertifikasiya imtahanından keçə bilməyən şəxslərlə bağlı xüsusi komissiya növbəti həftədən fəaliyyətə başlayacaq. Nazir  bununla bağlı müvafiq siyahının  hazırlanacağını və bu zaman, ilk növbədə, sosial həssas qrupa aid olanların məsələsinin həllinə çalışılacağını dedi: “Çünki həmin insanlar uzun müddət bizimlə çalışıblar və onları qapı arxasında qoymaq fikrimiz yoxdur. Onlar dərs deməsələr də  çalışacağıq orada tədris aparmayan vəzifələrə işə götürərək sosial problemlərini həll etmələrinə kömək edək. Bizə, sadəcə, səbir və vaxt lazımdır”.

 

Pandemiyanın Azərbaycan təhsilinə ciddi təsiri

 

Pandemiya Azərbaycan təhsilinə əsaslı zərər vurdu. İki ilə yaxın tədris onlayn təşkil olundu. Nazirin sözlərinə görə,  bu dövrdə təhsil əsaslı şəkildə  geri getdi və öz mənfi təsirlərini növbəti onilliklərdə göstərəcək: “Belə  məsələləri  müzakirə etmək lazımdır. Pandemiyanın ayrı-ayrı,  eləcə də sosial qruplara təsiri oldu. Kəndlərdə, rayonlarda internet problemi var idi”.

 

Pandemiyanın şagirdlərimizin  PIRLS və PISA beynəlxalq qiymətləndirmələrində göstərdikləri nəticələrinə də təsir edəcəyini deyən  Emin Əmrullayev bununla bağlı müəyyən nüanslara aydınlıq gətirdi.

 

Çıxışında daha sonra Azərbaycan dilinin tədrisinin artırılması, bununla bağlı fəaliyyət istiqamətlərini açıqlayan elm və təhsil naziri hər bir xalqın milli ideologiyasının, milli kimliyinin formalaşmasında məktəbin rolunun danılmaz olduğunu dedi.  Emin Əmrullayev təhsil işçilərini  yeni tədris ilinin başlanması münasibətilə  təbrik etdi, onlara Azərbaycanın gələcəyinə xidmət edən keyfiyyətli təhsilin qurulması işində uğurlar arzuladı.

 

Görülən işlərin hesabatı...

 

Builki təhsil işçilərinin sentyabr  konfransının  “Heydər Əliyev İli”nə təsadüf  etdiyini deyən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  müdiri Mehriban Vəliyeva hesabat məruzəsinə Ulu Öndərin  müəllim haqqında fikirləri ilə başladı: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq  göstərən insanlardır”.     

 

BŞTİ-nin müdiri  2022-2023-cü tədris ilində rəhbərlik etdiyi İdarənin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış edərək  paytaxtda ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışdı : “Öncə onu qeyd edim ki, ötən tədris ili böyük tarixi hadisəyə şahidlik etdi. “Şuşa İli” və eyni zamanda, “Heydər Əliyev İli” çərçivəsində  reallaşdırılan  tədbirlər təhsilin məzmununa da yeni dəyərlər qatdı. Ötən tədris ili “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən bir sıra maraqlı  işlərlə  yadda qaldı”.

 

Ümumi və məktəbəqədər  təhsilin təşkili və idarəolunmasından geniş söz açan M.Vəliyeva  paytaxtdakı təhsil müəssisələrinin ümumi statistikasını diqqətə çatdırdı.

 

Tərbiyəçi-müəllimlərin işə qəbulu mərkəzləşmiş qaydada imtahanla həyata keçirilir

 

Paytaxtdakı  226 məktəbəqədər təhsil müəssisəsində kompleks monitorinqlər keçirilib, əsas məsələlər prioritetləşdirilib. Bununla bağlı geniş məlumat verən M.Vəliyeva  101 məktəbəqədər təhsil müəssisəsində sağlam qida layihəsinin tətbiq olunduğunu  bildirdi. Qeyd olundu ki, öyrənmə mühitinin yaxşılaşdırılması ilə bağlı pilot olaraq 11 müəssisədə müxtəlif fəaliyyət istiqamətli guşələr yaradılıb və növbəti mərhələlərdə həmin guşələrin genişləndirilməsi nəzərdə tutulur.

 

Məktəbəqədər təhsil müəssisələri ilə bağlı prioritet istiqamətlərdən biri - peşəkar inkişaf  və bu təhsil müəssisələrinə kadrların yerləşdirilməsi məsələsidir. Bununla bağlı bir sıra işlər həyata keçirilib. Belə ki,  ötən tədris ilində məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi məqsədilə  Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji işçilər təlim prosesinə cəlb olunub.

 

Artıq tərbiyəçi - müəllimlərin işə qəbulu vahid sistem üzərindən, yəni mərkəzləşmiş qaydada imtahanla həyata keçirilir. Tərbiyəçi -müəllimlərin sertifikatlaşdırılması üçün normativ sənədin hazırlanması istiqamətində də  Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq  işlər aparılır.   

 

Monitorinqlər: şagirdlərin təlim nəticələri, müəllimlərin bilik və bacarıq səviyyəsi 

 

Təhsildə keyfiyyətin artırılması, müəllim hazırlığı, şagird nəticələri bu gün daha çox diqqətdə saxlanılan bir məsələdir. BŞTİ-nin müdiri  Mehriban Vəliyeva bununla bağlı fikirlərini diqqətə çatdırdı: “Keyfiyyətə nəzarət məqsədilə aparılan, bir növ yoxlayıcı və dəstəkləyici monitorinqlərin təşkili, prosesin təhlilindən  sonra isə strategiyanın müəyyənləşdirilməsi və mövcud problemlərin aradan qaldırılması üçün həyata keçirilən işlər ümumi prosesin bir-birinə bağlı olan halqalarıdır. XXI əsr bacarıqlarına malik gənclərin formalaşması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoji heyətin inkişafı və motivasiyası kimi prioritet-strateji istiqamətlər  təhsilimizin gələcək inkişafı ilə bağlı qarşıya qoyduğumuz əsas məqsədlərimizdəndir.

 

Mən diqqətinizi şagirdlərin təlim nəticələrinə yönləndirmək istəyirəm. Onu da qeyd edim ki, artıq iki ildir ibtidai təhsil səviyyəsində IV siniflərin monitorinqləri həyata keçirilir. Bu, çox vacib bir istiqamətdir. Ötən tədris ilində olduğu kimi bu tədris ilində də IV siniflərdə monitorinqin nəticələri qənaətbəxşdir. Monitorinqlərdə 50 mindən çox şagird iştirak edib. Həmin monitorinqin nəticələri detallı şəkildə təhlil olunaraq  təhsil müəssisələrinə çatdırılıb”.

 

Mehriban Vəliyeva daha sonra IX, XI siniflərin buraxılış imtahanlarının nəticələrinin müqayisəli təhlilini əks etdirən məlumatları, statistik rəqəmləri  diqqətə çatdırdı. Qeyd edildi ki, buraxılış imtahanlarının təhlillərindən sonra təhsil müəssisələrinin inkişaf  dinamikası araşdırılır, müəllimlərin peşəkarlıq səviyyəsi ilə bağlı mövcud  vəziyyət öyrənilir.

 

“Bu il paytaxt məktəblərindən 55 sinfin məzunları ali məktəblərə qəbulda 100 faiz nəticə göstərmişdir”, - deyən BŞTİ-nin müdiri fərqlənmə attestatlarına layiq görülən şagirdlərin sayının artdığını da bildirdi.

 

Əsas hədəflər sırasında...

   

İdarə müdiri yeni tədris ilində təhsil işçilərinin qarşısında duran əsas vəzifələr  barədə məlumat verdi. Qeyd olundu ki, məktəbəqədər təhsildə əhatəliliyin və keyfiyyətin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin artırılması, XXI əsr bacarıqlarının inkişaf etdirilməsi və digər istiqamətlər əsas hədəflər sırasındadır.

 

Mehriban Vəliyeva  həmçinin ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi kimi vacib missiyanın daşıyıcısı olan təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi işininin daha da təkmilləşdirilməsi, ibtidai siniflərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması və digər vacib istiqamətlərin də bu dərs ilində əsas məqsədlərdən olduğunu diqqətə çatdırdı.

 

BŞTİ-nin  müdiri təhsil işçilərinə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayaraq, ümummilli hədəflərə çatmaqda həlledici qüvvə olacaqlarına inandığını söylədi.

 

Samirə KƏRİMOVA