Sentyabrın 9-da Heydər Əliyev Sarayında Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA), “Çinar yayımları” və “Təhsil” nəşriyyatının təşkilatçılığı ilə İbtidai sinif müəllimlərinin 3-cü təhsil forumu keçirilib.  Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Təhsil millətin gələcəyidir” mövzusunda keçirilən forumun məqsədi ümumrespublika səviyyəsində ibtidai sinif müəllimlərini bir araya toplamaq, onların əməkdaşlıq və təcrübə paylaşımı etməsinə, eyni zamanda, elmdə müasir yanaşmalarla tanış olmalarına imkan yaratmaqdır. Forumda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 1870-ə yaxın ibtidai sinif müəllimi iştirak edib.

 

Tədbirdə çıxış edən “Çinar yayımları” nəşriyyatının təsisçisi Bəhram Oruclu təhsil sistemində ibtidai təhsilin rolu və forumun müəllimlərə verəcəyi töhfələr barəsində məlumat verib. Sonra “Çinar yayımları” və AGMA haqqında təqdimat edib.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən söz açıb. Komitə sədri Ümummilli Liderin elmin, təhsilin inkişafına daim böyük önəm verdiyini, müəllim əməyini yüksək qiymətləndirdiyini, ölkəmizdə təhsilə, müəllimə xüsusi diqqət göstərildiyini vurğulayıb.

 

Milli Məclisin deputatı Cəbi Quliyev Ümummilli Lider Heydər Əliyevin gənclərə, onların təhsilinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. O, ölkəmizdə təhsilin inkişafı üçün geniş imkanlar yaradıldığını bildirib.

 

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov çıxışında qeyd edib ki, hazırda təhsil sahəsində üç istiqamətdə islahatlar aparılır: Müəllimlər, məzmun və qiymətləndirmə. İslahatların bir çoxu məhz ibtidai sinif müəllimləri ilə bağlıdır. R.Əzizov diqqətə çatdırıb ki, ilk dəfə olaraq keçən il ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması həyata keçirilib. Müəllimlərin 80 faizi bu prosesdən uğurlu keçib. Sertifikatlaşdırma həm də müəllimlərin öz əməkhaqlarını artırmaları üçün bir imkandır. Sertifikatlaşdırmadan uğurla keçə bilməyən müəllimlər üçün təlimlər təşkil edilib. Müəllimlərin böyük hissəsi ikinci dəfə sertifikatlaşdırma prosesindən uğurla keçib.

 

Daha sonra spikerlər müəllimlərin inkişafına dəstək olmaq, onları maarifləndirmək üçün maraqlı mövzularla çıxış edib. Spikerlərin çıxışları ibtidai sinif müəllimlərinə peşələrinə müxtəlif istiqamətlərdən yanaşmalarına və yeni, faydalı məlumatlar almalarına kömək məqsədi daşıyıb.

 

Rəşad ZİYADOV