Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) növbəti ilkə imza atıb. UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında hazırlanan “Liderlik” Mini-MBA sertifikat proqramına start verilib.

 

Proqramın təqdimatında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, UNEC rektoru professor Ədalət Muradov, universitetin və nazirliyin əməkdaşları iştirak ediblər.

 

Rektor Ə.Muradov mini-MBA proqramının UNEC tarixində yeni layihə olduğunu diqqətə çatdırıb, UNEC-in peşəkar təlimçiləri tərəfindən aparılacaq təlimlərin hər iki tərəf üçün əhəmiyyətli olacağını deyib.

 

Ə.Muradov UNEC-də “Ekologiya” və “Ekologiya mühəndisliyi” ixtisasları üzrə mütəxəssislərin hazırlandığını nazir Muxtar Babayevin diqqətinə çatdırıb. Həmin tələbələrin nazirlikdə, eləcə də tabeli qurumlarda təcrübə keçməsi üçün əməkdaşlıq barədə təklif irəli sürüb.

 

Ekologiya və təbii sərvətlər naziri UNEC-in ölkədə aparıcı universitet olduğunu, məzunu olduğu universitetlə əməkdaşlıqdan məmnunluğunu bildirib. Nazirliyin əməkdaşlarının liderlik bacarıqlarının yüksəldilməsində proqramın mühüm rol oynayacağından əminliyini ifadə edən nazir, digər dövlət və özəl qurumların da bu proqrama qoşulmasının faydalı olacağını qeyd edib.

 

Sonra rəqəmsallaşma üzrə prorektor, dosent Raqif Qasımov “Liderlik” mini-MBA sertifikat proqramı barədə təqdimatla çıxış edib. Bildirib ki, proqram nazirliyin tabeliyində çalışan əməkdaşların liderlik və idarəetmə istiqamətində zəruri bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Təlimlər 8 modul -  liderlik, strateji düşünmə və idarəetmə, komanda quruculuğu, vaxtın idarə edilməsi, problem həlletmə, dəyişikliklərin idarə olunması, çevik və dizayn əsaslı istiqamətlər üzrə təşkil olunacaq.

 

Təlimin sonunda iştirakçıların bilik və bacarıqları Capstone Project/Case əsaslı dəyərləndiriləcək və müsbət dəyərləndirilən iştirakçılar sertifikat əldə edəcəklər. Proqram İsraildə “Soft Skills: Təlimçilərin təlimi” beynəlxalq proqramı üzrə kvalifikasiya təlimlərinin sertifikatlarını qazanan UNEC-in peşəkar mütəxəssisləri tərəfindən aparılacaq.

 

Təqdimatdan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.